20-dən çox dövlət başçısı süni intellektlə bağlı təhlükəsizlik tədbirlərinin görülməsinə çağırıb

20-dən çox ölkənin lideri süni intellektin (Sİ) sürətli inkişafı fonunda məcburi təhlükəsizlik tədbirlərinin qəbul edilməsinə çağırıb. Onlar bu texnologiyanın inkişafının onun üzərində nəzarəti təmin etmək imkanlarını üstələyə biləcəyi barədə xəbərdarlıq ediblər.

BMT Baş Assambleyasının iclasları çərçivəsində bir sıra dövlət başçıları birgə bəyanatla çıxış edərək bildiriblər ki, süni intellekt modellərindən düzgün istifadə edilmədiyi təqdirdə onlar “təhlükəsizlik və mühafizə üçün ciddi risklər” yarada bilər.

Liderlər buna nümunə olaraq Sİ agentlərinin təhlükəsizlik tədbirlərindən yan keçərək girişinə icazə verilməyən platformalara daxil olduğu son hadisələri göstəriblər. Belə hallardan birində iyul ayında “Hugging Face” saytının məlumatları sındırılıb.

Bəyanatı imzalayanlar arasında Norveç, Finlandiya, Avstraliya, Kanada, Almaniya, İspaniya, İrlandiya, Niderland, Sinqapur, Cənubi Afrika və Keniyanın liderləri, həmçinin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də var.

Onlar məcburi testlərin keçirilməsi və müstəqil yoxlamaların aparılması da daxil olmaqla, şəffaf təhlükəsizlik protokollarının qəbul edilməsinə çağırıblar.

“Süni intellekt insanın rəhbərliyi, nəzarəti və idarəçiliyi altında qalmalıdır”, – deyə liderlər bildiriblər.

Onlar əlavə ediblər ki, süni intellektə nəzarətin gücləndirilməsi bu texnologiyanın üstünlüklərindən yararlanan və yararlana bilməyən ölkələr arasında uçurumun daha da dərinləşməsinə səbəb olmamalıdır.

Liderlərin sözlərinə görə, BMT-yə üzv dövlətlər tənzimləyici çərçivənin müəyyənləşdirilməsi, onun tətbiqinin və icrasının təmin edilməsi imkanına malik beynəlxalq qurumun yaradılması məsələsini nəzərdən keçirməlidirlər.

Süni intellekt sahəsində aparıcı dövlətlər olan ABŞ, Çin, eləcə də Fransa, Böyük Britaniya, Yaponiya və Hindistan bəyanatı imzalamayıb. Bununla belə, sənəd digər ölkələrin imzasına açıq olaraq qalır.

Süni intellekt, onun məşğulluq və kibertəhlükəsizlik üçün yaratdığı təhdidlər bu həftə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının gündəliyində olacaq.

ABŞ Prezidenti Donald Tramp süni intellektin tənzimlənməsinə qəti şəkildə qarşı çıxıb.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər