Azərbaycanda korporativ qiymətli kağızların girov kimi istifadə edildiyi REPO əməliyyatlarının həcmi 2026-cı ilin ilk yarısında 0,96 milyard manat təşkil edib.
Bunu Bakı Fond Birjasının (BFB) maliyyə analitiki Nərmin Bayramlı BFB tərəfindən 2026-cı ilin II rübü üzrə hazırlanan “Q2 2026: Azərbaycan və Qlobal İqtisadiyyata və Kapital Bazarlarına Baxış” bülleteninin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, REPO əməliyyatlarında əsasən daha aşağı riskli hesab edilən dövlət qiymətli kağızlarından istifadə olunur. Əvvəlki dövrlərdə korporativ qiymətli kağızların REPO əməliyyatlarındakı yüksək payı isə əsasən SOCAR istiqrazları ilə aparılan əməliyyatlarla bağlı olub.
N.Bayramlı qeyd edib ki, SOCAR istiqrazlarının həmin buraxılışının bazardan çıxması və bu qiymətli kağızlarla REPO əməliyyatlarının davam etdirilməməsi korporativ qiymətli kağızlar üzrə göstəricilərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb.
BFB rəsmisi ümumi REPO dövriyyəsinin azalmasında bank sektorunda yüksək likvidliyin də rol oynadığını bildirib. Onun sözlərinə görə, banklar REPO əməliyyatlarından əsasən qısamüddətli likvidlik ehtiyaclarını qarşılamaq üçün istifadə edirlər. Bank sistemində izafi likvidliyin mövcud olması isə bu alətə olan ehtiyacı azaldır.
Qeyd edək ki, BFB-nin məlumatına əsasən, 2026-cı ilin ilk yarısında korporativ qiymətli kağızların girov kimi istifadə edildiyi REPO əməliyyatlarının həcmi 0,96 mlrd manat olub. 2025-ci ilin eyni dövründə bu göstərici 11,85 mlrd manat təşkil edib. Beləliklə, korporativ qiymətli kağızlarla REPO əməliyyatlarının həcmi illik müqayisədə təxminən 91,9 faiz azalıb.
Eyni zamanda, dövlət istiqrazları əsasında həyata keçirilən REPO əməliyyatlarının həcmi 19,25 mlrd manatdan 19,97 mlrd manata yüksəlib. Nəticədə dövlət istiqrazlarının payı 2026-cı ilin ilk yarısında ümumi REPO dövriyyəsinin təxminən 93 faizini təşkil edib.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda REPO əməliyyatlarının ümumi dövriyyəsi 21,57 mlrd manat olub. Bu, 2025-ci ilin ilk yarısı ilə müqayisədə 30,9 faiz azdır.
N.Bayramlı həmçinin bank sektorunda likvidliyin artmasının gələcəkdə yeni istiqraz emissiyalarını stimullaşdıra biləcəyini bildirib.
“Bank və qiymətli kağızlar sektorlarını bir-birinə rəqib deyil, bir-birini tamamlayan sektorlar kimi görürük. Bazarda azalma ola bilər, amma biz bunu bazarın zəifləməsi kimi qiymətləndirmirik. Bu, müxtəlif amillərdən, o cümlədən bazar iştirakçılarının öz seçimlərindən asılı ola bilər”, – deyə o qeyd edib.
BFB-nin maliyyə analitiki bildirib ki, kapital bazarına təsir edən amillər çoxsaylıdır və bazarın qiymətləndirilməsi zamanı yalnız dövriyyənin artıb-azalmasına deyil, onun daxili strukturundakı dəyişikliklərə də diqqət yetirilir.
“Biz daha çox bazarın daxili strukturunun necə dəyişdiyinə baxırıq. Hansı istiqrazların buraxıldığı, hansı şərtlərlə emissiya edildiyi, kupon faizlərinin nə qədər olduğu və hansı kupon faizlərinin daha çox yayıldığı kimi məsələləri araşdırırıq”, – deyə N.Bayramlı vurğulayıb.
Onun sözlərinə görə, REPO əməliyyatlarında əsasən daha aşağı riskli hesab edilən dövlət qiymətli kağızlarından istifadə olunur. Korporativ qiymətli kağızların REPO əməliyyatlarındakı payı isə əvvəlki dövrlərdə daha yüksək olub.
N.Bayramlı qeyd edib ki, SOCAR istiqrazları ilə bağlı qeyd REPO əməliyyatlarının dinamikası ilə deyil, istiqraz bazarında emissiya həcmlərinin dövrlər üzrə müqayisəsi ilə əlaqədardır. Belə ki, əvvəlki dövrlərdə korporativ istiqraz emissiyalarının daha yüksək həcmdə formalaşmasında SOCAR-ın iri həcmli istiqraz buraxılışının əhəmiyyətli payı olub.







