Azərbaycanlı turistlər ən çox hansı ölkələrə gediblər? — sayı və xərclər

2026-cı ilin ilk yarısında Azərbaycan vətəndaşları turizm məqsədilə xarici ölkələrə 551 867 səfər ediblər. Bu, ötən ilin eyni dövründən 8,2% azdır. Səfərlərlə bağlı ümumi xərclər də 11,7% azalaraq 841,7 milyon manat təşkil edib.

Banker.az xəbər verir ki, ən çox seçilən istiqamət Türkiyə olub. Bu ölkəyə turizm məqsədilə 220 361 səfər edilib, xərclər isə 344,3 milyon manat təşkil edib. Türkiyə bütün turizm səfərlərinin təxminən 40%-ni, xərclərin isə 41%-ni əhatə edib. Səfər sayı illik müqayisədə 1,7% artsa da, xərclər 6% azalıb.

Sonrakı yerlərdə Rusiya (92 723 səfər, 132,8 milyon manat), Gürcüstan (62 622 səfər, 61,7 milyon manat) və Birləşmiş Ərəb Əmirlikləri (23 285 səfər, 41,1 milyon manat) qərarlaşıb. Türkiyə, Rusiya və Gürcüstan birlikdə turizm səfərlərinin təxminən 68%-ni təşkil edib.

Digər istiqamətlər arasında Qazaxıstana 16 264 səfər üzrə 20,6 milyon manat, Səudiyyə Ərəbistanına 13 386 səfər üzrə 34,8 milyon manat, İtaliyaya 12 873 səfər üzrə 22,4 milyon manat xərclənib.

Ən nəzərəçarpan artım Çinə səfərlərdə qeydə alınıb. Bu ölkəyə turizm səfərlərinin sayı ötən ilin ilk yarısındakı 5 524-dən 12 233-ə yüksəlib — artım 121,5%-dir. Çin üzrə xərclər də 9,3 milyon manatdan 21,1 milyon manata çatıb.

Özbəkistana səfərlər 75% artaraq 12 686-ya, xərclər isə iki dəfədən çox artaraq 15 milyon manata yüksəlib. Artım Misirdə də müşahidə olunub: səfər sayı 28% artaraq 9 674, xərclər 37,2% artaraq 18,1 milyon manat olub. Bu ölkələr ilk dəfə seçilən istiqamətlər olmasa da, son göstəricilər onların turistlər arasında daha çox yer tutduğunu göstərir.

Əks istiqamətdə ən böyük dəyişiklik Birləşmiş Ərəb Əmirliklərində qeydə alınıb. Bu ölkəyə turizm səfərləri ötən ilin ilk yarısındakı 66 142-dən 23 285-ə, xərclər isə 113,8 milyon manatdan 41,1 milyon manata düşüb.

AMB-nin məlumatına görə isə hesabat dövründə turizm xidmətlərinin ixracı 747,8 milyon dollar, idxalı isə 700,6 milyon dollar olub. Başqa sözlə, xarici vətəndaşların Azərbaycanda xərclədiyi vəsait Azərbaycan vətəndaşlarının xaricdə turizm məqsədilə xərclədiyi vəsaitdən daha çox olub.

Ölkə Səfər sayı Xərclər
Türkiyə 220 361 344,3 mln manat
Rusiya 92 723 132,8 mln manat
Gürcüstan 62 622 61,7 mln manat
Birləşmiş Ərəb Əmirlikləri 23 285 41,1 mln manat
Qazaxıstan 16 264 20,6 mln manat
Səudiyyə Ərəbistanı 13 386 34,8 mln manat
İtaliya 12 873 22,4 mln manat
Özbəkistan 12 686 15,0 mln manat
Çin 12 233 21,1 mln manat
Macarıstan 11 219 19,2 mln manat
Digər ölkələr 9 871 18,0 mln manat
Misir 9 674 18,1 mln manat
Almaniya 9 548 18,6 mln manat
Böyük Britaniya 6 828 12,8 mln manat
Polşa 6 121 9,9 mln manat
Qətər 4 439 7,8 mln manat
Moldova 3 784 4,9 mln manat
Belarus 3 633 6,1 mln manat
Fransa 3 307 6,7 mln manat
İran 3 237 3,5 mln manat
Çexiya 3 212 6,0 mln manat
Hindistan 3 177 4,3 mln manat
Avstriya 2 352 4,3 mln manat
Qırğızıstan 2 044 3,0 mln manat
İsrail 1 483 2,1 mln manat
Pakistan 327 0,5 mln manat
Türkmənistan 204 0,2 mln manat
Küveyt 197 0,3 mln manat
İsveçrə 192 0,3 mln manat
İraq 187 0,3 mln manat
Koreya Respublikası 112 0,2 mln manat
Yaponiya 95 0,3 mln manat
Lüksemburq 74 0,1 mln manat
Niderland 61 0,1 mln manat
Bəhreyn 56 0,1 mln manat
Cəmi 551 867 841,7 mln manat
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər