OECD 2026-cı ilin son rübündə “Brent” markalı neftin orta qiymətini 105 dollar/barel, 2027-ci il üzrə isə 85 dollar/barel səviyyəsində götürüb.
Banker.az xəbər verir ki, bu rəqəmlər OECD-nin sentyabr ayı üzrə aralıq iqtisadi hesabatında yer alıb. Hesablamalar neftin 14 sentyabr tarixinə olan fyuçers qiymətlərinə əsaslanır. Buna görə də 85 dollar OECD-nin ayrıca müəyyən etdiyi qiymət hədəfi deyil, iqtisadi proqnozlarında istifadə etdiyi fərziyyədir.
Hesabata əsasən, enerji qiymətlərinin 2027-ci il ərzində tədricən azalması gözlənilir. Bununla belə, OECD bildirir ki, qiymətlərin gedişi Yaxın Şərqdəki münaqişədən və neft tədarükündəki fasilələrin nə qədər davam edəcəyindən asılıdır. Hörmüz boğazından daşımaların məhdud qalması, alternativ marşrutlarda problemlər və ya enerji obyektlərinə yeni ziyan qiymətləri nəzərdə tutulan səviyyədən yuxarı qaldıra bilər. Münaqişənin daha tez həlli isə qiymətlərin daha sürətli enməsinə şərait yarada bilər.
OECD-nin məlumatına görə, dünyada müşahidə olunan neft ehtiyatları avqustda fevral ayı ilə müqayisədə təxminən 507 milyon barel, yaxud 6%-dən bir qədər çox azalıb. Təşkilat enerji bazarındakı gərginliyin qlobal inflyasiyaya təzyiq göstərdiyini qeyd edir.









