Azərbaycan 2026-cı ilin ilk 8 ayında Hindistana 524,3 min ton xam neft ixrac edib. Tədarükün dəyəri 399,2 milyon dollar olub. Ötən ilin eyni dövründə Hindistana cəmi 1,75 min ton, 782 min dollar dəyərində neft göndərilmişdi. Banker.az bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Beləliklə, fiziki tədarük təxminən 300 dəfə, ixrac gəliri isə 500 dəfədən çox artıb. Lakin bu kəskin fərq aşağı baza ilə bağlıdır. Hindistanın “The Economic Times” qəzeti yazırdı ki, Azərbaycan 2025-ci ilin avqustunda 10 aylıq fasilədən sonra Hindistana xam neft ixracını bərpa edib. Nəşrin mənbələrinə görə, fasilənin səbəblərindən biri qiymətlə bağlı fikir ayrılığı olub.
Əslində Hindistan əvvəllər Azərbaycan neftinin iri bazarlarından biri olub. “Economic Times”in məlumatına görə, 2024-cü ildə Hindistan Azərbaycandan 1,17 milyon ton, təxminən 729 milyon dollarlıq neft və neft məhsulları alıb. 2022 və 2023-cü illərdə isə tədarük hər il 2 milyon tonu ötüb. 2023-cü ildə Hindistan Azərbaycan xam neftinin üçüncü ən böyük alıcısı idi.
2026-cı ildə əlaqənin yenidən güclənməsini göstərən başqa bir detal Hindistanın yeni HPCL Rajasthan Refinery zavodudur. “S&P Global” yazır ki, zavod kommersiya fəaliyyətinə başlamazdan əvvəl müxtəlif neft növlərini sınaqdan keçirib və onların arasında Azərbaycanın “Azeri Light” markası da olub. Zavodun xammalının təxminən 83%-nin idxal nefti hesabına təmin edilməsi planlaşdırılır.
Bununla belə, Azərbaycan Hindistanın əsas neft təchizatçıları sırasında hələ böyük paya malik deyil. 2026-cı ilin avqustunda Hindistanın ən böyük təchizatçısı yenə Rusiya olub və ölkənin ümumi idxalının 40%-dən çoxunu təmin edib. Sonrakı yerlərdə BƏƏ, Səudiyyə Ərəbistanı və Venesuela qərarlaşıb.
Hindistan mediasında Azərbaycanla enerji əlaqələri yalnız neft alışları ilə məhdudlaşmır. Hindistanın dövlət şirkəti “ONGC Videsh” Azərbaycandakı “Azəri-Çıraq-Günəşli” yataqları və Bakı-Tbilisi-Ceyhan kəmərinə 1,2 milyard dollardan çox sərmayə yatırıb. Şirkət 2024-cü ildə “Equinor”dan əlavə paylar alaraq AÇG-də iştirakını 2,925%-ə, BTC-də isə 3,097%-ə çatdırıb.







