1. İnflyasiya və deflyasiya nədir?
İnflyasiya mal və xidmətlərin keyfiyətinin yüksəlməməsi halında qiymətlərinin ümumi səviyyəsinin qalxmasıdır. Başqa sözlə desək, inflyasiya mal və xidmətlərin qiymətinin artması ilə müşaiyət olunan pulun dəyərsizləşməsi prosesidir. Ayrıca götürülmüş mal və ya xidmətin qiymətinin qalxması inflyasiya demək deyil. Yalnız qiymətlərin ümumi səviyyəsi qalxdığı zaman inflyasiya baş vermiş hesab olunur. Deflyasiya isə əksinə mal və xidmətlərin azalmamasıhalında qiymətlərinin ümumi səviyyəsinin aşağı düşməsi və ya pulun dəyərinin artması prosesidir. İnflyasiyanı ölçmək üçün “İstehlak Qiymətləri İndeksi”ndən istifadə olunur. Azərbaycanda bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən “istehlak səbəti” əsasında aylıq əsasda hesablanır və ictimaiyyətə təqdim olunur. İstehlak səbətinə bütün zəruri tələbat malları və xidmətləri daxil edilir. Hər bir mal və xidmətin səbətdə xüsusi çəkisyə malikdır.
2. “Baza inflyasiya” nədir?
“Baza inflyasiya” dedikdə qiymətləri dövlət tərəfindən tənzimlənən malların və xidmətlərinqiymətlərinin dəyişimindən və mövsümi faktorlardan təmizlənmiş inflyasiya nəzərdə tutulur. Başqa sözlə, “baza inflyasiya” hesablanarkən qiymətləri dövlət tərəfindən tənzimlənən və mövsümi amillərin güclü təsirinə məruz qalan (meyvə-tərəvəz) və sair kimimal və xidmət növləri “istehlak səbəti”ndən təmizlənir. Mərkəzi Bankın tənzimləyə biləcəyi inflyasiya məhz “baza inflyasiya”dır. Məsələn, tutaq ki, hökumət elektrik enerjisinin qiymətinin qaldırılması barədə qərar qəbul edir. Bunun nəticəsində ümumi inflyasiya səviyyəsi də qalxır. Mərkəzi Bank bu qalxmanın qarşısını almağa qadir deyil. Çünki sərəncamında olan alət və mexanizmlər çərçivəsində Mərkəzi Bank yalnız məcmu tələbə təsir göstərməklə inflyasiyanı (sərbəst qiymətləri) tənzimləyə bilir. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin dəyəri isə birbaşa tələbdən asılı olaraq dəyişmir. Ümumi inflyasiya kimi “baza inflyasiya” da Dövlət Statistika Komitəsi tərəfindən hesablanır.
3. İnflyasiyanın əsas səbəbləri hansılardır?
Yaranma səbəblərinə görə inflyasiya 2 cür ola bilər: tələb inflyasiyası və təklif inflyasiyası. Tələb inflyasiyası əmtəə və xidmətlərə tələbin izafi artımı nəticəsində pul kütləsinin çoxalmasından irəli gəlir. Yəni dövriyyədəki pulun miqdarı təklif olunan malların miqdarı ilə müqayisədə daha yüksək templə artdıqda tələb inflyasiyası baş verir. Pul kütləsinin kəskin artımı dövlət büdcəsi xərclərinin sürətlə çoxalması ilə bağlı tələbin genişlənməsindən, xarici ticarət balansında iri həcmli müsbət saldonun əmələ gəlməsi ilə bağlı daxili iqtisadiyyata xarici pul daxilolmalarından, ölkəyə iri həcmli kapital axınlarından, mərkəzi bank tərəfindən yumşaq pul siyasətinin yeridilməsi nəticəsində iqtisadiyyatda pula tələbin artmasından qaynaqlana bilər. Təklif inflyasiyası istehsal xərclərinin artması ilə əlaqədar olaraq meydana gəlir. Məsələn, enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi nəticəsində istehsal xərcləri yüksəlir ki, bu da son nəticədə qiymətlərin artmasına gətirib çıxarır.
4. Yüksək inflyasiyanın mənfi cəhətləri nədən ibarətdir?
Yüksək inflyasiyanın bir sıra mənfi cəhətləri vardır. İlk növbədə yüksək inflyasiya əhalinin gəlirlərini və yığımlarını dəyərsizləşdirir. Eyni zamanda yüksək inflyasiya iqtisadiyyatda qeyri-müəyyənliklər yaradaraq potensial investorları sərmayə qoyuluşlarından çəkindirir. Beləliklə, yüksək inflyasiya uzunmüddətli dövrdə iqtisadi artımı ləngidir və əhalinin sosial rifah halına mənfi təsir göstərir.
5. Mərkəzi Bankın əsas məqsədi nədir?
Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri çərçivəsində ölkədə qiymətlərin sabitliyini təmin etməkdən ibarətdir. Bundan başqa bank və ödəniş sistemlərinin sabitliyininvə inkişafının təmin edilməsi də mərkəzi bankın məqsədlərinə daxildir.
6. Pul siyasəti nədir?
Pul siyasəti əsasən qiymətlərin sabitliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir. Mərkəzi Bank valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini tənzimləmək vasitəsilə inflyasiya proseslərinə təsir göstərir. Azərbaycan Respublikasında pul siyasəti Mərkəzi Bank tərəfindən həyata keçirilir.
7. Yumşaq və sərt pul siyasəti nədir?
Yumşaq pul siyasəti dedikdə tələbin canlandırılmasına və iqtisadi artımın stimullaşdırılmasına yönəldmiş pul siyasəti nəzərdə tutulur. Yumşaq pul siyasəti yeridərkən Mərkəzi Bank verdiyi kreditlər üzrə faiz dərəcələrini aşağı salır, qiymətli kağızlar alaraq dövriyyəyə pul buraxır, banklara daha çox kreditlər verir, milli valyutanın məzənnəsinin ucuzlaşmasına şərait yaradır. Sərt pul siyasəti inflyasiyanın məhdudlaşdırılmasına yönəldmiş siyasətdir. Sərt pul siyasəti yeridərkən Mərkəzi Bank verdiyi kreditlər üzrə faiz dərəcələrini yüksəldir, malik olduğu qiymətli kağızları sataraq dövriyyədəki pulu azaldır, milli valyutanın məzənnəsinin möhkəmlənməsinə şərait yaradır, banklara kredit verilməsini məhdudlaşdırır.
8. Pul siyasətinin hansı alətləri var?
Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasəti alətləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunun 29-cu maddəsində də öz əksini tapmışdır. Pul siyasətinin əsas alətləri aşağıdakılardır:
- Açıq bazarda əməliyyatlar;
- Faiz dərəcələrinin müəyyənləşdirilməsi;
- Məcburi ehtiyat normaları;
- Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;
- Depozit əməliyyatları;
- Beynəlxalq təcrübədə qəbul edilmiş pul siyasətinin digər alətləri.
9. Pul siyasətinin transmissiyası nədir?
Pul siyasətinin transmissiya mexanizmi dedikdə mərkəzi bank tərəfindən qəbul edilən pul siyasəti qərarlarının iqtisadiyyata təsiri (ötürülməsi) prosesi nəzərdə tutulur. Müasir dövrdə pul siyasətinin faiz dərəcələri, kreditlərin verilməsi, valyuta məzənnəsi, səhmlərin dəyəri və s. kimi transmissiya kanalları mövcuddur. Pul siyasəti qərarları real iqtisadiyyata bu kanallar vasitəsilə dərhal deyil, müəyyən vaxtdan sonra təsir göstərir. Azərbaycanda pul siyasətinin transmissiyasını sxematik olaraq aşağıdakı kimi təsvir etmək olar:
10. Valyuta məzənnəsi nədir?
Valyuta məzənnəsi hər hansı xarici valyutanın milli valyutada ifadə olunan dəyəridir. Məsələn, 1 USD=0.8 AZN. (Valyuta məzənnəsinə təsir göstərən amillərdir) tədiyə balansının vəziyyətini (kəsiri, profisiti və s.), ölkədəki inflyasiya səviyyəsi, xarici borc yükünü, faiz dərəcələri, iqtisadiyyatın ümumi vəziyyəti.
11. Tədiyə balansı nədir?
Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Tədiyə balansı 3 hissədən ibarətdir:
- Cari əməliyyatlar balansı;
- Kapitalın və maliyyənin hərəkəti balansı;
- Ehtiyat aktivləri.
Cari əməliyyatlar balansı malların və xidmətlərin idxalı və ixracının, faktor gəlirlərinin mədaxili və məxaricinin, habelə cari transfertlərin ümumi saldosunu özündə ehtiva edir:
- İdxal – xaricdən ölkəyə gətirilən məhsulların dəyəridir. İxrac – ölkə ərazisindən satılmaq üçün xaricə çıxarılan məhsulların dəyəridir. İdxal və ixrac arasındakı fərqə xarici ticarət saldosu deyilir.
- Xidmətlər balansı nəqliyyat, sığorta, rabitə, beynəlxalq turizm, maliyyə, tikinti, elmi-texniki və istehsal təcrübəsinin mübadiləsi və s. xidmət növləri üzrə ölkənin valyuta gəlirləri və ödənişləri arasındakı nisbəti müəyyən edir.
- Faktor gəlirləri kimi xaricdə işləyən ölkə vətəndaşlarının qazancları, habelə yerli investorun xaricdə qoyduğu kapitala görə əldə etdiyi gəlirlər də cari əməliyyatlar balansında öz əksini tapır.
- Cari transfertlərə humanitar yardımlar, xarici dövlətlərin rəsmi orqanlarından alınan əvəzsiz maliyyə yardımları, beynəlxalq təşkilatlara üzvlük haqları, texniki yardımlar, alimentlər və s. daxildir.
- Kapitalın və maliyyənin hərəkəti balansı müxtəlif formalarda ölkəyə gələn və ölkədən gedən kapitalın balansını əks etdirir. Birbaşa və portfel investisiyalar, dövlətin və özəl sektorun xarici borcunun dəyişimi tədiyə balansının bu bölməsində öz əksini tapır.
- Birbaşa investisiyalar – xarici müəssisələrdə uzun müddətə yerləşdirilən və onların fəaliyyəti üzərində müəyyən nəzarəti təmin edən sərmayələrdir. Beynəlxalq meyarlara görə səhmlərin 10%-i xarici sərmayədara məxsus olan müəssisə birbaşa investisiyaların obyekti sayılır.
- Portfel investisiyaları – xarici qiymətli kağızlarda yerləşdirilən və sərmayədara investisiya obyekti üzərində nəzarəti təmin etməyən sərmayədir. Burada səhmlər və müxtəlif borc öhdəlikləri investisiya obyekti kimi çıxış edə bilər.
12. Valyuta məzənnəsi inflyasiyaya necə təsir göstərir?
Valyuta məzənnəsi inflyasiyaya əsasən idxal qiymətləri vasitəsilə təsir göstərir. Milli valyutanın məzənnəsi xarici valyutalara nəzərən yüksəldikdə idxal qiymətləri ucuzlaşır, milli valyutanın məzənnəsi xarici valyutalara nəzərən aşağı düşdükdə isə, əksinə, idxal malları bahalaşır. Məsələn, fərz edək ki, idxal olunan hər hansı məhsulun qiyməti 100 ABŞ dolları, 1 dolların manata nəzərən məzənnəsi isə 0.9 manatdır (və ya 1 manat 1.11 dollardır). Bu halda həmin idxal malının manatla qiyməti 90 manat (100×0.9) olacaqdır. Manat dollara nəzərən möhkəmlənərsə, məsələn 1 ABŞ dollarının məzənnəsi 0.9-dan 0.8-ə enərsə, onda idxal malının qiyməti də 90 manatdan 80 manata (100×0.8) enəcəkdir. Dolların məzənnəsi 0.9-dan 1 manata yüksəldiyi halda isə idxal malının qiyməti 90 manatdan 100 manata yüksələcəkdir. Bir qayda olaraq daxili istehlak bazarında idxal mallarının xüsusi çəkisi nə qədər çox olarsa məzənnənin ümumi inflyasiya səviyyəsinə təsiri də bir o qədər əhəmiyyətli olar.
13. Təsbit edilmiş valyuta məzənnəsi rejimi və üzən məzənnə rejimi nədir?
Təsbit edilmiş məzənnə rejimi dedikdə ölkənin milli valyutasının sərbəst dönərli xarici valyutaya qarşı dəyişməz saxlanılması nəzərdə tutulur. Yəni, təsbit edilmiş məzənnənin xüsusiyyəti ondan ibarətdir ki, o kifayət qədər uzun müddət ərzində (aylar və ya illər) sabit qalır. Məzənnəni sabit saxlamaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi aktiv alış-satış əməliyyatları vasitəsilə tarazlaşdırır. “Üzən” valyuta məzənnəsi rejiminin tətbiq edildiyi zaman valyuta məzənnəsi valyutaya olan tələb və təklifin təsiri əsasında formalaşır, hər gün və tez-tez dəyişir. Lakin, “üzən” valyuta məzənnəsi rejimi mərkəzi bank tərəfindən valyuta məzənnəsinin tənzimlənməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi imkanını istisna etmir. Belə ki, müstəsna hallarda Mərkəzi Bank məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini “hamarlaya” bilər.
14. Valyuta müdaxiləsi nədir?
Valyuta müdaxiləsi Mərkəzi Bank tərəfindən valyuta bazarında həyata keçirilən xarici valyutanın alqı-satqısı əməliyyatıdır. Mərkəzi Bank valyuta bazarında satışlar həyata keçirərkən özünün sərəncamında olan xarici valyuta ehtiyatlarından istifadə edir.
15. Açıq bazar əməliyyatları nədir?
Açıq bazarda əməliyyatlar dedikdə əsasən mərkəzi bank tərəfindən qiymətli kağızların alqı-satqısı əməliyyatları nəzərdə tutulur. Mərkəzi Bank adətən hökumətin qiymətli kağızlarının alqı-satqısı ilə məşğul olur (əsasən banklarla), lakin bununla yanaşı özü də qiymətli kağızların emissiyasını həyata keçirə bilər. Mərkəzi Bank tərəfindən qiymətli kağızlar satıldıqda dövriyyədə olan pul kütləsi azalır, alındıqda isə pul kütləsi artır. Qiymətli kağızlar birbaşa, habelə REPO və əks-REPO formasında alınıb satıla bilər.
16. REPO nədir?
REPO dedikdə mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarına satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatı nəzərdə tutulur. Bu əməliyyat dövriyyədə olan pul kütləsinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir. Tərs-Repo isə mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarından alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlara geri satılmasını nəzərdə tutan əməliyyatdır. Əks-REPO-nun tətbiq olunmasında məqsəd dövriyyədə olan pul kütləsinin qısamüddətli dövrdə artırılmasıdır.
17. Mərkəzi Bank faiz dərəcələrini necə müəyyənləşdirir?
Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrini ölkədəki iqtisadi durumu və maliyyə bazarlarının vəziyyətini nəzərə alaraq müəyyənləşdirir. Mərkəzi Bank açıq bazar, yenidənmaliyyələşmə və depozit əməliyyatları üzrə faiz dərəcələrini həm təsbit etmək yolu ilə, həm də müvafiq hərraclarda tələb və təklif əsasında müəyyənləşdirə bilər.
18. Faiz dərəcələri iqtisadiyyata və inflyasiyaya necə təsir göstərir?
Faiz dərəcəsi pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir. Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
19. Məcburi ehtiyatlar nədir?
Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyatlar qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir.
20. Mərkəzi Bank birbaşa fiziki şəxslərə və real sektor müəssisələrinə kreditlər verirmi?
Xeyr. Mərkəzi Bank fiziki şəxslərlə vəreal sektor müəssisələri ilə bilavasitə kredit əməliyyatları aparmır. Mərkəzi Bank iqtisadiyyata yalnız bank sistemi vasitəsilə kredit verir.
21. Pul multiplikatoru nədir?
Pul multiplikatoru dedikdə, bank sisteminin əlavə pul yaratmaq qabiliyyəti nəzərdə tutulur. Pul ilkin mərhələdə Mərkəzi Bank tərəfindən emissiya yolu ilə yaradılır. Sonradan banklar onu daha da artırırlar. Bu proses qeyri-nağd pulu təşkil edən depozitlər hesabına baş verir. Başqa sözlə, pul kütləsinə yalnız nağd pul deyil, həm də depozitlər daxildir. Pulun artırılması və ya multiplikasiyası prosesində 3 tərəf iştirak edir: kommersiya bankları, depozitorlar və kreditorlar. Kommersiya bankları depzitlər cəlb edirlər. Sonra onlar cəlb etdikləri depozitləri kredit olaraq digər iqtisadi subyektlərə verirlər. Krediti götürən iqtisadi subyektlər onu mal və xidmətlərin alınmasına yönəldirlər. Mal və xidməti satan müəssisələr əldə etdiyi vəsaiti banklara depozit kimi yerləşdirirlər. Sonra bu depozitlər yenidən kredit kimi verilir. Zəncirvari davam edən bu prosesdə Mərkəzi Bankın yaratdığı pul bir neçə dəfə artmış olur.