Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha da təkmilləşdirmək, vergi öhdəliklərini düzgün müəyyən etmək və proqnozlaşdırmaq üçün beynəlxalq təcrübədə geniş istifadə olunan bir sıra metodların tətbiqinə yol açır.
Vergilər Nazirliyindən verilən məlumata görə, sərəncamda diqqət çəkən məqamlardan biri də vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi (“Advance tax ruling”) qaydasının tətbiqidir.
“Həmin sistem inkişaf etmiş ölkələrdə istər fərdi vergi ödəyiciləri, istərsə də iri şirkətlər üçün geniş istifadə edilən alətlərdəndir. Bu zaman vergi ödəyicilərinin müraciəti əsasında vergi orqanları qanunuvericilikdə nəzərdə tutulmuş qaydada həmin vergi ödəyicisinin əməliyyatları üzrə yarana biləcək vergi öhdəliyi barədə məlumat hazırlayaraq ona təqdim edirlər. Məlum olduğu kimi, sahibkarların hər hansı səbəbdən vergi öhdəliklərini düzgün müəyyən etməməsi nəticəsində Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. Yəni, həmin şəxsə maliyyə sanksiyaları və faizlər hesablanır və o, maliyyə sanksiyaları və faizləri ödəməklə dövriyyə vəsaitindən səmərəli istifadə edə bilmir, son nəticədə ciddi maliyyə itkiləri ilə üzləşir. Belə halların qarşısının alınmasına kömək edən üsullardan biri də vergi ödəyiciləri tərəfindən aparılması planlaşdırılan əməliyyatlar üzrə vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin hazırlanmasıdır. Hazırda vergi öhdəliklərinin hüquqi nəticələr doğurmadan vergi orqanları ilə razılaşdırılması qaydasının müəyyən edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi üzərində iş gedir”, – deyə məlumatda vurğulanıb.
Nazirlikdən bildirilib ki, sərəncamda öz əksini tapmış digər məsələ kameral vergi yoxlamaları ilə bağlıdır. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində aparılır: “Lakin bir sıra hallarda vergi ödəyiciləri müvafiq sənədləri vaxtında təqdim etmədikdə və ya ümumiyyətlə sənədləşmən aparılmadıqda, yoxlamaların müddətinin uzanmasına səbəb olurdu. Belə halların tamamilə aradan qaldırılmasını təmin etmək üçün dövlət başçısının sərəncamı ilə kameral vergi nəzarətinin konkret olaraq verilmiş bəyannamələr əsasında 30 gün ərzində başa çatdırılması tapşırılıb. Yəni, sahibkar vergi bəyannaməsini təqdim edibsə və növbəti 30 gün ərzində həmin sahibkarlıq subyektində kameral yoxlama aparılmayıbsa, vergi orqanı həmin vergi ödəyicisində bu yoxlamanı aparmaq hüququnu itirir. Bu məqsədlə Vergi Məcəlləsinin kameral vergi yoxlamaları ilə bağlı maddələrində dəyişikliklər edilməsi nəzərdə tutulur”.
Vergidən yayınanlar…
Nazirlikdən qeyd olunub ki, digər vacib məsələlərdən biri vergidən yayınan vergi ödəyiciləri barədə ictimai məlumatlandırmadır: “Belə ki, vergidən yayınan ödəyicilər üzərində ictimai nəzarət həyata keçirilməklə belə faktlar barədə vergi orqanına məlumat verən şəxslərin mükafatlandırılması nəzərdə tutulub. Mükafatın məbləği verilmiş məlumatlar əsasında büdcəyə ödətdirilmiş vergi məbləğlərinə uyğun müəyyənləşdiriləcək”. Qeyd edək ki, “Vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma” (“Whistleblow”) adlanan həmin mexanizm dünya təcrübəsində geniş tətbiq edilir. Bu zaman faktların media vasitəsilə ictimailəşdirilməsindən də geniş istifadə olunur.
Məlumatda vurğulanıb ki, sərəncama əsasən, hər bir vergi ödəyicisinə öz səhvlərini könüllü açıqlamaq şansı da yaradılır: “Bu, “Könüllü vergi açıqlaması” (“Voluntary tax disdosure”) sisteminin tətbiqi ilə bağlıdır. Könüllü vergi açıqlaması, vergi yoxlaması üçün qanunla müyyən edilmiş müddət bitdikdən sonra, yoxlama zamanı aşkar olunmamış səhvlərin könüllü bəyan edilməsini nəzərdə tutur. Bununla da vergi ödəyicisinin dəqiqləşmiş bəyannamə vermək hüququ yaranacaq və həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə faizlərin hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək”.
Mütəxəssislərin qənaətinə görə, sərəncama uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulan tədbirlər vergi inzibatçılığının beynəlxalq tələblərə tam uyğunlaşdırılmasına və digər ölkələrin qabaqcıl təcrübələrinin Azərbaycanda daha geniş tətbiqinə şərait yaradacaq.
APA