13 C
Baku
Saturday, November 23, 2024

Birja sövdələşmələrinin növləri

Birjada iki əsas növ üzrə sövdələşmələr olur: real əmtəə üzrə sövdələşmələr və fyuçers (müddətli) sövdələşmələr.

Real əmtəə üzrə sövdələşmələr malın satıcıdan alıcıya həqiqi mənada verilməsi ilə, yəni birja anbarından birində real malın təhvil-təslimi ilə yekunlaşır. Bu o deməkdir ki, birjada mal satan satıcının həmin malı mövcud olmalıdır və faktiki olaraq satıcı onu müqavilədə göstərilən müddətdə çatdırmalıdır.

Real malın satıcısı birja komitəsinin təsdiq etdiyi anbarlardan birinə müqavilədə göstərilən müddətdə malı yerləşdirməlidir. Bu zaman birja və ya onun səlahiyyət verdiyi ekspeditor şirkəti satıcıya anbar şəhadətnaməsi yaxud əmanət şəhadətnaməsi (varrant) verir, bu sərəncamhüquqlu sənəd vasitəsilə birjada sövdələş¬mələr keçirilir və hesablaşmalar aparılır. Satıcı varrantı öz bankında saxlayır və malın çatdırılması vaxtı çatanda malın anbarında saxlanılması və onun sığortalan¬ması haqqını ödəyərək varrantı alıcıya təqdim etməlidir. Alıcı satıcıya ödəmə çeki təqdim etməklə varrantı ondan alır.

Real əmtəə üzrə sövdələşmələr çatdırılma müddətindən asılı olaraq təcili təchiz etmə sövdələşməsinə və gələcəkdə təchiz etmə sövdələşməsinə bölünürlər.

Təcili təchiz etmə sövdələşmələri adətən mövcud mal üzrə sövdələşmələr (“kəş” yaxud “spot”cash, spot) adlanır. Birjada satılan mövcud mal birjanın anbarlarından birində olmalıdır və sövdələşmə baş tutandan sonra dərhal alıcıya verilməlidir (dərhal-termini altından birjanın qaydalarından asılı olaraq bir gündən on beş günə qədər olan müddət nəzərdə tutulur). Belə sövdələşmələr şərtləşdirilən mövcud malın təxirə salınmadan çatdırılmasını nəzərdə tutan ikitərəfli sazişdən ibarət olan spot müqavilələr (spot contracts) əsasında həyata keçirilir.

Gələcəkdə əmtəə ilə təchiz etmə sövdələşmələri adətən müddətli yaxud “forvard” (forward transactions, forwards,shipment) adlanır. Bu sövdələşmələrdə müqavilə bağlanan anda təyin olunan qiymətə və müqavilədə şərtləşdirilən müddət ərzində satıcı tərəfindən real malın çatdırılması nəzərdə tutulur. Bu müddətin uzunluğu birja tərəfindən müəyyən edilir. Gələcəkdə təchiz etmə sövdələşmələrinə həmçinin yolda olan və sonradan gəlib çatmalı olan mallar üçün bağlanan sazişlər də aid edilir (10,20,30,yaxud 60 gündən sonra – to arrive conrtacts). Adətən sonradan gəlib çatmalı olan hər bir partiya mal üzrə müqavilələr sonuncu təchiz etməyə qədər dəfələrlə alınıb satılırlar.

Gələcəkdə əmtəə ilə təchiz etmə sövdələşmələri müəyyən miqdarda razılaşdırılmış keyfiyyətə malik olan malın təyin olunmuş yerə gələcək üçün şərtləş¬dirilmiş müddətdə çatdırılmasını nəzərdə tutan ikitərəfli sazişin bağlanmasına aid edilən forvard müqavilələri (forward contracts) əsasında həyata keçirilir. Forvard müqaviləsi qeyri-standart ola bilər və bu zaman tərəflər onun bütün şərtlərini öz aralarında razılaşdırırlar. Müqavilənin ləğv edilməsi yalnız kontragentin razılığı ilə mümkündür, belə ki, müqavilə üzrə öhdəliklər başqa şəxslərə həvalə oluna bilməz.

Əgər forvard müqaviləsi real malın çatdırılmasını məsələn üç aydan sonra nəzərdə tutursa, malın çatdırılması anında qiymət artımı baş verəcəyi təqdirdə satıcı uduzur, alıcı isə udur. Əksinə, malın çatdırılması anında (məsələn üç aydan sonra) qiymət aşağı düşürsə, o zaman satıcı udur, alıcı isə uduzur. Forvard müqaviləsi üzrə fayda və zərər müqavilə müddəti bitəndən sonra qarşılıqlı hesablaşma qaydasında realizasiya olunur.

Fyuçers sövdələşmələri

Fyuçers (müddətli) sövdələşmələri (terminal transaction, future transaction, pasper transaction) real əmtəə sövdələşmələrindən fərqli olaraq tərəflərin real mal çatdırma yaxud qəbul etmək öhdəliklərini nəzərdə tutmurlar (müqavilədə şərtləşdirilən müddətdə) əmtəə üzərində alqı və satqı hüququnu ehtimal edirlər (kağız üzərində sövdələşmələr). Müddətli sövdələşmələr zamanı alıcı aldığı sərvətləri əldə etməyi, satıcı isə satdığı sərvətləri verməyi nəzərdə tutmur. Belə sövdələşmələrin nəticəsi real malın ötürülməsi deyil, müqavilənin bağlanması günü və onun icra edilməsi günü qiymətlər arasındakı fərqin ödənilməsi və alınması olur.

Malın qiymətində dəyişiklik baş verdikdə müqavilənin qiyməti də dəyişir. Qiy¬mətin aşağı düşməsi və buna uyğun olaraq müqavilənin qiymətinin də enməsi müqa¬vilənin bağlandırır və qiymətin təyin edildiyi anda mala sahib olmayan satıcıya qazanc gətirir. Müqavilənin qiymətində yaranan fərq sövdələşmə qiymətinin tə¬yin edilən cari qiymətin müqavilə vahidinə hasili arasındakı fərqlə müəyyən olunur.

Müddətli sövdələşmələrin bağlanmasını maksimal sürətləndirmək və onların ləğv edilməsini asanlaşdırmaq, həmçinin müqavilə üzrə hesablaşmaları sadələşdirmək məqsədilə birjalar tərəfindən fyuçers müqavilələrinin tam standartlaşdırılmış forması işlənib hazırlanmışdır.

Fyuçers müqaviləsinin standartlaşdırılması bu şərtlərin unifikasiyasını bildirir: malın görünüşü, miqdarı, bazis keyfiyyəti və ondan yayınmaya görə əlavə ödəniş¬lərin məbləği, təchiz etmənin şərtləri və müddəti, ödənişin forması, müqavilə şərtlərinin pozulmasına görə sanksiyalar, arbitraj qaydası. Hər bir müqavilənin bağlanmasında iki tərəf iştirak edir: satıcı və alıcı. Satıcı hələ sahib olmadığı malı satanda qısa mövqe (short) tutan tərəf adlanır. Alıcı uzun mövqe (long) tutan tərəf adlanır, belə ki, o, gələcəkdə mal almaq üçün müqavilə bağlayır.

Fyuçers müqaviləsinin ilkin alışı və satışı mövqenin açılışını bildirir, yəni ki, tərəf fyuçers müqaviləsinin şərtlərinə əsasən ya təchiz etmənin icrasını (qısa mövqe), ya da təchiz olunan malı qəbul etməyi (uzun mövqe) öz üzərinə götürür. Mövqenin bağlanması müqavilənin ləğv edilməsi adlanır.

Hər bir fyuçers müqaviləsi birja qaydaları ilə təyin olunan miqdarda malı özün¬də əks etdirir, bu müqavilə vahidi adlanır (contract unit). Məsələn: şəkər üzrə -50 ton, kauçuk, mis, qurğuşun və sink üzrə 25 ton, kakao paxlaları üzrə – 10ton, kofe üzrə 5 ton, buğda, qarğıdalı, soya paxlaları üzrə-5 min buşel. Qızıl üzrə müqavilə 100 unsiyanın təchizatını nəzərdə tutur. Faktiki çəkinin müqavilədə göstərilən çəkidən fərqi 3%-dən çox olmamalıdır. Fyuçers sövdələşmələri malın miq¬darına görə deyil, müqavilələrin müəyyən sayına görə bağlanılır. Malın miqdarı bağlanılan müqavilələrin sayı ilə müəyyən edilir.

Fyuçers müqavilələri yalnız birjanın təyin etdiyi standart mal üzrə bağlanılır. Bunu bazis sortu adlandırırlar.Bəzi hallarda birja bazis sortundan başqa onu əvəz edə biləcək daha bir neçə sort da təyin edilir. Məsələn, pambıq sövdələşmələri üzrə Nyu-York birjasında “11/16 duym midlinq” basiz sortundan başqa daha 17 sortun, kakao və kauçuk üzrə 5 sortun, qalay üzrə 27 sortun təhvil verilməsinə icazə verilir. Bu zaman müəyyən olunmuş norma daxilində bazis sortuna görə daha aşağı sort mal üçün təyin olunmuş güzəşt (diskont) və daha yüksək sort mal üçün təyin edilmiş əlavə (mükafat) əsasında hesablaşma aparılır (pambıq üzrə birja ticarətində güzəştlər “offs”, əlavələr isə “ons” termini ilə qeyd edilir). Satıcıya təchizat üçün tək¬lif olunan malın sortunu seçmək hüququ verilir (Ümumi qaydalardan kənara çıxmamaq şərti ilə ).

Fyuçers müqaviləsi üzrə təchiz etmənin müddəti mövqenin uzunluq müddətinin müəyyən edilməsilə bərqərar olur. Məsələn, kauçuk üzrə London birjasının və başqa birjaların standart müqaviləsi hər bir növbəti ay üçün, yəni aylıq mövqeyə bağlanılır. İndi mövqelərin uzunluq müddəti 12 aya qədər, bəzən isə 48 aya (neft) qədər artırılıb. Adətən mpvqelərin miqdarı il ərzində 4 aydan 8 aya qədər dəyişir. Fyuçers müqaviləsinin fəaliyyət müddəti müqavilənin dərinliyi adlanır.

Fyuçers müqaviləsinin bağlanması vaxtı yalnız iki vacib şərt razılaşdırılır: qiymət və mövqe (təchiz etmənin müddəti). Bütün başqa şərtlər standartdır və birja qaydaları ilə müəyyən olunurlar. Alıcıların (bids) təklif etdikləri qiymətlərlə satıcıların (offers) qiymətləri arasındakı fərq spred (bid/ask spread) adlanır. Adətən bu, malın qiymətinin 0,1% və daha az faizini təşkil edir.

Son xəbərlər
Digər xəbərlər