16 C
Baku
Thursday, November 21, 2024

Kredit büroları və onların Azərbaycan iqtisadiyyatında tətbiqi imkanları

İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı gündəlik həyatın bütün sferalarında hiss edilməklə yanaşı, müasir iqtisadi mühitdə də əvəzsiz rola malikdir. İnformasiya, modern reallığa uyğun olaraq ən dəyərli aktiv hesab edilməklə, konkret hədəflərə istiqamətlənən fəaliyyətlər üçün düzgün istifadə edildikdə istər ona sahib olan subyekt, istərsə də ümumilikdə cəmiyyət üçün faydalı nəticələr hasil edir. Bank sektorunda kredit məlumatlarının effektiv mübadiləsi kredit risklərinin minimallaşdırılmasına xidmət etməklə yanaşı uzunmüddətli perspektivdə kredit bazarında faiz dərəcələrinin azalmasına təkan verə bilər. Bu məqsədlə, məlumat mübadiləsini təmin edən kredit hesabatlığı sisteminin formalaşması və inkişafı vacibdir.

Əfqan İmanzadə
Əfqan İmanzadə

Məqalədə kredit hesabatlığı sisteminin mahiyyəti, funksiya və prinsipləri barədə məlumat verilmiş, onun seqmenti olan kredit bürosunun fəaliyyət prinsipləri qeyd edilmiş və beynəlxalq təcrübədən misallar göstərilməklə ölkəmizdə tətbiq imkanları tədqiq edilmişdir.

Kredit hesabatlığı sistemi: mahiyyəti, prinsipləri, faydaları.

Gələcək barədə düzgün proqnozlar verməyin ən düzgün forması keçmiş fəaliyyəti ətraflı analiz etməkdir. Bu prinsip kredit hesabatlığı sistemlərinin sahib olduqları informasiyaların iqtisadiyyata təsir imkanlarını ölçmək üçün ən sadə yanaşmadır.

Kredit hesabatlığı sistemləri ölkənin maliyyə infrastrukturunun əsas elementlərindən biridir. Bu sistemlər kredit bazarında sağlam rəqabət mühitinin formalaşmasına, habelə sərbəst maliyyə resurslarının iqtisadi sektorlar üzrə bölüşdürülməsinə təkan verməklə yanaşı iqtisadi subyektlərin maliyyə xidmətlərilə təmin olunmasında və maliyyə inkluzivliyinin artırılmasında əhəmiyyətli rol oynayırlar. Kredit qərarlarının verilməsi prosesində borcverənləri zəruri məlumatlarla təchiz edən bu sistemlər, eyni zamanda sektorda kredit portfelinin keyfiyyətinin yüksək səviyyədə qorunmasına və kreditin tranzaksiya xərclərinin azaldılmasına da öz təsirini göstərirlər.

Sistemin əsas istifadəçiləri

Kredit hesabatlığı sisteminin əsas istifadəçilərini müəyyən etmək üçün aşağıdakı sxemə diqqət yetirək:

shekil1

Sxem 1. Kredit hesabatlığı sisteminin iştirakçıları.

Burada:

  • məlumat təchizatçısı: sistemi kredit məlumatları ilə təmin edən təşkilatlardır. Ənənəvi məlumat təchizatçıları banklar və qeyri-bank kredit təşkilatları hesab edilir. Qeyri-ənənəvi təchizatçılar kimi isə kommunal xidmət müəssisələri və ticarət subyektlərini qeyd etmək olar.
  • məlumat subyekti: barəsində məlumat toplanan fiziki və ya hüquqi şəxsdir.
  • istifadəçi: müəyyən edilmiş tələblərə riayət olunmaqla kredit bürosu və ya reyestrindən məlumat sorğulayan fiziki və ya hüquqi şəxsdir.
  • kedit reyestri (bürosu): məlumatların mübadiləsinin təmin edən təşkilatdır.
  • nəzarət orqanı: kredit hesabatlığının funksional fəaliyyəti üçün kredit məlumatlarının mübadiləsi sisteminə inzibati-hüquqi nəzarəti həyata keçirən orqandır.

Kredit hesabatlığı sisteminin proseslər tsikli isə aşağıdakı sxemdə öz əksini tapmışdır:shekil

Sxem 2. Kredit hesabatlığı tsikli

Sxemdən göründüyü kimi, borcalan kredit resursu əldə etmək üçün banka müraciət edir. Bank kredit qərarlarının qəbul edilməsində borcalanın ödəmə tərzini yoxlamaq üçün kredit reyestrindən (və ya kredit bürosundan) məlumatlar alır. Reyestr isə, öz növbəsində borcalanın kredit tarixçəsini banka geri qaytarır.

Kredit hesabatlığının prinsipləri

Kredit hesabatlığı sahəsində ictimai faydanı təmin etmək üçün beynəlxalq standartların, tələblərin olması zəruridir. Bu faktı nəzərə alaraq, Dünya Bankı kredit hesabatlığı sistemi üzrə qlobal səviyyədə tətbiq imkanları yaradan, məlumat subyektlərinin hüquqlarını qoruyan və kredit hesabatlığı sisteminin bütün həlqələrini əhatə edən 5 əsas prinsip müəyyənləşdirmişdir. Həmin prinsiplər və onların mahiyyəti aşağıdakılardır:

  1. İnformasiya: kredit hesabatlığı sistemləri düzgün, reqlamentləşdirilmiş qaydada yenilənən və yetərli səviyyədə məlumata sahib olmalı, bu məlumatları müəyyən vaxt ərzində saxlamalıdırlar.
  2. Təhlükəsizlik: kredit hesabatlığı sistemləri sərt təhlükəsizlik standartlarına sahib olmalı və effektiv fəaliyyət göstərməlidirlər.
  • İdarəetmə: kredit hesabatlığı sistemlərinin idarə edilməsində məsuliyyət, şəffaflıq və effektivlik meyarları rəhbər tutulmalıdır.
  1. Hüquqi tənzimlənmə: məcmu qanunverici baza sadə məzmunlu, ayrıseçkiliyə yol verməyən, həm məlumat təchizatçısı, həm də məlumat subyektlərinin hüquqlarını qoruyan müddəalardan ibarət olmalıdır. Bununla yanaşı, narazılıqların mübahisələndirilməsinin istər məhkəmə, istərsə də məhkəmə səviyyəsindən kənar mexanizmlərinin də hüquqi çərçivələri dəqiq göstərilməlidir.
  2. Məlumatların trans-sərhəd ötürülməsi: zəruri tələblər yerinə yetirildiyi hallarda kredit məlumatlarının trans-sərhəd ötürülməsi təmin edilməlidir.

Kredit hesabatlığını zəruri edən amillər

Müasir şəraitdə kredit bazarında rentabelli fəaliyyət göstərmək üçün kredit təşkilatları bir çox çağırışlarla qarşı-qarşıya qalmaq məcburiyyətindədirlər. Bu növ problemlərdən biri də asimmetrik informasiyanın mövcudluğudur. Məhz kredit hesabatlığı sistemləri asimmetrik informasiya probleminə institutsional cavab tədbiri hesab edilir. Yəni, bu sistemlər borcalanın kredit əldə etmək məqsədilə kredit təşkilatına müraciəti zamanı borcu ödəmə qabiliyyətini əks etdirən məlumatların natamamlığı və ya qeyri-dəqiqliyi səbəbindən yaranacaq riskləri minimallaşdırır, “məlumat zənciri”nin tamlığını təmin edir. Kredit hesabatlığı sistemi sektorda informasiya agenti rolunda çıxış etməklə, həm də prinsipsizlik riskinin (moral hazard) qarşısını alır. Prinsipsizlik riski elə bir situasiyadır ki, daha çox məlumata sahib olan tərəf (borcalan) natamam və ya təhrif olunmuş məlumatların verilməsi yolu ilə məlumat həcmi ona nisbətdə az olan tərəfi (kreditor) riskə məruz qoyur ki, bunun da nəticəsində kreditor maliyyə itkiləri ilə qarşı-qarşıya qala bilər. Kredit hesabatlığı sistemi kredit məlumatlarının mübadiləsini təmin etməklə kreditorun sağlam qərarlar qəbul etməsinə dəstək olur ki, son nəticədə kreditor daha az zərərlə üzləşir.

Uzunmüddətli perspektivdə, kredit hesabatlığı sistemi bazarda faiz dərəcələrinin aşağı düşməsinə təsir göstərir. Lakin, qısamüddətli periodda məqbul sayıla biləcək borcalanları daha riskli müştərilərdən fərqləndirmək üçün lazımi informasiyaya malik olmadıqda, banklar yüksək kredit riski faktorunu nəzərə alaraq, realizə etdiyi məhsulun qiymətini yüksəldirlər. Bu halda borcalan daha az məbləğdə borclanmaq və ya ümumiyyətlə kreditdən imtina etmək qərarı verə bilər ki, bu da son nəticədə bankın kredit portfelinin kiçilməsinə və gəlirliyin azalmasına səbəb olur. Bu istiqamətdə riskləri minimallaşdırmaq məqsədilə banklar kreditin təminatı faktoruna xüsusi əhəmiyyət verirlər. Təminat qismində, bir çox hallarda daşınar və ya daşınmaz əmlak çıxış edir. Lakin, inkişaf etməkdə olan ölkələrdə mövcud vəziyyətə nəzər saldıqda, kredit bazarının dinamikliyini təmin edən kiçik və orta sahibkarların tələb olunan təminatı təklif etməsində problemlərin olduğunu müəyyən etmək mümkündür. Bununla yanaşı, kreditin ödənməməsi halında təminatın realizasiyası prosedurları həm vaxt, həm də xərctutumludur. Belə ki, hətta İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan yüksək gəlirli ölkələrdə təminatın reallaşdırılması prosesi orta hesabla 1,5 il (538 gün) davam edir ki, burada məcmu kredit borcunun 21%-i məbləğində vəsait sərf olunur. Aşağıdakı cədvəldə müxtəlif zonalar üzrə kredit təminatının realizasiyasına sərf olunan müddət və vəsaitin müqayisəsi aparılmışdır:

Zona Müddət

(günlərlə)

Xərc,

(iddia məbləğindən %-lə)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 538.3 21.1
Şərqi Asiya və Sakit Okean hövzəsi 553.8 48.8
Avropa və Mərkəzi Asiya 480.7 26.2
Latin Amerikası və Karib dənizi hövzəsi 736.9 30.8
Yaxın Şərq və Şimali Afrika 653.3 24.7
Cənubi Asiya 1,076.90 30.5
Afrikanın aşağı Saxara bölgəsi 653.1 44.9

Cədvəl 1. Təminatın realizasiyasına sərf olunan müddət və vəsaitin müqayisəsi.

Ölkəmiz üzrə isə bu göstəricilər müvafiq olaraq 277 gün və 18,5% təşkil edir.

Məhz bu tip çətinliklərin aradan qaldırılması məqsədilə kredit hesabatlığı sistemi yeni təminat forması – kredit tarixçəsi ilə çıxış edir. Borcalanın ötən dövrlər üzrə məqbul borclanma yükü və müsbət icra intizamı onun kredit resurslarına çıxış imkanlarını sadələşdirməklə yanaşı, əldə olunan kredit resursunun da nisbətən aşağı qiymətdə olmasına şərait yaradır.

Özəl kredit hesabatlığı sistemi: kredit büroları.

Mahiyyət etibarilə kredit hesabatlığı sistemləri texnoloji yeniliklərin və innovativ həllərin tətbiq olunduğu və əməliyyatların icrası proseslərinin dəqiq hüquqi çərçivələrlə əhatə olunduğu məlumat bazası formasında çıxış edirlər. Bu sistemlər əsasən 2 formada mövcud olur:

  • özəl kredit bürosu (private credit bureau);
  • dövlət nəzarətində olan kredit reyestri (public credit registry).

Kredit büroları topladıqları məlumatların forması və məzmunu, o cümlədən təklif etdiyi xidmətlərin miqyasına görə dövlət nəzarətində olan kredit reyestrlərindən (bundan sonra – kredit reyestri) əhəmiyyətli dərəcədə fərqlənir. Bununla əlaqədar olaraq, ilk növbədə, kredit bürolarının məlumat təchizatçılarını qeyd etmək lazımdır. Kredit reyestrlərindən fərqli olaraq, kredit büroları yalnız kredit təşkilatlarından deyil, eyni zamanda, kommunal xidmət müəssisələri, telekommunikasiya şirkətləri, ticarət subyektlərindən də məlumat toplayırlar. Məlumat mənbələrinin genişliyi istər kredit bürosunun kommersiya məqsədlərini reallaşdırması, istərsə də barəsində məlumat toplanılan subyektlərin kredit resurslarına çıxış imkanı əldə etməsi baxımından faydalıdır. Belə ki, kredit büroları borcalan barədə fərqli mənbələrdən əldə etdikləri məlumatların emalı vasitəsilə istifadəçilərə kredit qərarlarının verilməsini sürətləndirilməsi, biznes proseslərin təşkili və bu kimi digər xidmətlər göstərməklə mənfəət əldə edir. Məlumat subyekti isə ötən dövrlər üzrə hər hansı kredit tarixçəsi olmasa belə kommunal, rabitə və digər istiqamətlər üzrə ödəniş tərzini nümayiş etdirməklə kredit resursu təklif edən təşkilatda özü barəsində fikir formalaşmasına nail olur və maliyyə resurslarına rahat çıxış imkanı qazanır. Aşağıdakı cədvəldə Avropanın 28 ölkəsi üzrə kredit məlumatlarının mübadiləsini həyata keçirən 44 təşkilatın üzvü olduğu İstehlak Kreditləri Məlumatlarının Təchizatçıları Assosiasiyasının (Association of Consumer Credit Information Suppliers – ACCIS) ötən hesabat ili üzrə apardığı tədqiqatın nəticələri əsasında kredit bürolarının alternativ məlumat mənbələri göstərilmişdir.

Məlumat təchizatçısı Ölkə sayı
Lizinq şirkətləri 17
Kredit ittifaqları 11
Borc kollektoru müəssisələri 11
Kreditlə satış həyata keçirən pərakəndə

ticarət obyektləri

14
Telekommunikasiya şirkətləri 6
Televiziya xidmətləri (kabel, peyk və s.) müəssisələri 6
İnternet provayderləri 6
Kommunal xidmət müəssisələri 5
Daşınmaz əmlakın icarəsi xidmətini göstərən şirkətlər 3

Cədvəl 2. Avropada kredit bürolarının alternativ məlumat təchizatçıları

Göstərilənlərlə yanaşı, 10 ölkədə məhkəmə orqanları, 3 ölkədə vergi, 2 ölkədə isə polis orqanları da kredit bürolarına məlumat təqdim edirlər.

Hüquqi tənzimləməsi

Kredit bürolarının fəaliyyəti onlara nəzarət edən orqan tərəfindən bir sıra hüquqi çərçivələrlə tənzimlənir. Bürolarının fəaliyyəti üçün zəruri fundamental hüquqi akt “Kredit bürosu haqqında” qanun hesab edilir. Bu sənəd özündə kredit bürosu anlayışı ilə yanaşı, kredit tarixçələrinin formalaşdırılması və ondan istifadə prinsiplərini, büronun fəaliyyətinə dövlət nəzarətinin forma və metodlarını da ehtiva edir.

Ümumiyyətlə, Dünya Bankının kredit hesabatlığı üzrə 5 əsas prinsipindən biri kredit hesabatlığının fəaliyyətinə hüquqi nəzarət mühiti ilə bağlıdır. Həmin tələblər aşağıdakılardır:

  • Aydınlıq (clarity and predictability)qanunvericilik aydın və rahat başa düşülən məzmunda tərtib olunmalıdır. İştirakçılar bu və ya digər hərəkət və ya hərəkətsizlik nəticəsində baş verə biləcək nəticələri, riskləri dəqiq analiz edə bilməlidirlər. Həmçinin, tənzimləyici çərçivəni əks etdirən sənədlər toplusu dərc olunmalıdır.
  • Diskriminasiyasızlıq (non-discrimination)iştirakçıların kredit məlumatlarının mübadiləsi sisteminin həlqəsi olması üçün ədalətli mühit formalaşdırılmalıdır. Eyni zamanda, məlumatların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı tələblər dəqiq göstərilməli, istehlakçıların hüquqlarının qorunması təmin edilməlidir.
  • Proporsionallıq (proportionality) bütün sistem istifadəçilərinə eyni prizmadan yanaşılmalıdır.

Kredit büroları barələrində məlumat topladıqları subyektlərin fundamental hüquqlarının qorunmasını da təmin etməlidirlər. Bir çox ölkələrdə fərdi məlumatları təsnifləşdirən və onlardan istifadə edilməsi qaydalarını müəyyən edən qanunlar mövcuddur. Bu istiqamətdə, Dünya Bankının tələbləri və istehlakçılara tanınan hüquqlar aşağıdakılardır:

  • istehlakçı ona məxsus məlumatların paylaşılmasına veto qoya bilər;
  • məlumatların toplanılması, emalı və paylaşılması prosesləri ilə bağlı məlumat ala bilər;
  • barəsində toplanan məlumatlara çıxış imkanı əldə edə bilər;
  • toplanan məlumatların qeyri-dəqiqliyi mübahisələndirə bilər.

Kredit büroları adətən kredit təşkilatları tərəfindən hüquqi şəxs formasında təsis edilirlər. Büroya daxil olan təşkilatlar məlumat mübadiləsi prosesini könüllülük prinsipi əsasında həyata keçirirlər. Lakin, kredit bürolarının fəaliyyətini tənzimləyən qanunverici bazada büroya məlumatların icbari qaydada göndərilməsi kimi müddəalar da mövcud ola bilər. Misal olaraq, kredit hesabatlığının inkişaf etdiyi bölgələrdən hesab edilən Latın Amerikasının bir çox ölkələrində (məs., Kolumbiya, Meksika) mövcud qanunvericiliyə əsasən kredit təşkilatlarının ölkədə fəaliyyət göstərən ən azı bir kredit bürosuna məlumat təqdim etməsi zəruridir. Hesab edirik ki, belə müddəaların mövcudluğu kredit bürolarının inkişafını şərtləndirən amillərdəndir.

Beynəlxalq təcrübədə kredit büroları və onların göstərdiyi xidmətlər

Kredit büroları kredit hesabatlığı sisteminin istifadəçilərinə müxtəlif səpkili xidmətlər təqdim edirlər. Lakin, bu xidmətlərinin başlıca “hədəfi” kreditorun kredit riskini minimallaşdırmaq, borcalanı isə məsuliyyətli qaydada borclanmağa təşviq etməklə maliyyə intizamını təmin etməkdir.

Kredit büroları istifadəçilərə əsasən anderraytinq əsaslı xidmətlər təqdim edirlər. Bunların sırasında başlıca yeri kredit skorinqi tutur. Skorinq, (ingilis dilindən tərcümədə “score” “xal”, “qiymət” mənasını verir, təcrübədə tərcümə olunmadan “skor” kimi istifadə edilir) borcalanın davranışlarının kredit risk dərəcəsinə münasibətini əks etdirən riyazi-statistik modeldir. Bununla yanaşı, kredit büroları alternativ xidmətlər də təklif edirlər. ACCIS-in 2010-cu ildə apardığı tədqiqatın nəticələrinə əsasən üzv təşkilatların göstərdiyi xidmətlər aşağıdakı cədvəldə əks olunmuşdur:

Xidmətin adı Büro sayı Faiz nisbəti
Kredit hesabatı (kredit tarixçəsi) 30 100%
Skorinq (kredit büro skoru) 23 82%
Məsləhət xidmətləri 19 70%
Skorkardın inkişaf etdirilməsi xidmətləri 17 65%
Proqram təminatının dəstəklənməsi 14 56%
Saxtakarlığın qarşısının alınması 14 54%
İdentifikasiya aparılması 12 50%
Marketinq xidmətləri 10 37%
Cari hesabların yoxlanılması 7 30%
Borc kollektoru 2 30%

Cədvəl 3. Avropada kredit bürolarının təqdim etdiyi xidmətlər

Göstərilənlərlə yanaşı, kredit büroları spesifik sahələrin tələbatlarına uyğun məhsullar da hazırlayırlar. Misal olaraq, Türkiyənin kredit bürosu olan Kredi Kayıt Bürosu (KKB) tərəfindən təqdim edilən və aqrar kreditləri qiymətləndirmə sistemi olan TARDES-i qeyd etmək olar. KKB, eyni zamanda kənd təsərrüfatı kreditləşməsində aktiv rol alan və ciddi ictimai səmərə verən daha bir sistemi “Fermerlərin qeydiyyatı sistemi”ni (Çiftçi Kayıt Sistemi) də istifadəçilərinə təqdim edir. Bu sistemlər həm aqrar sektorun kreditləşməsində anderraytinq probleminin aradan qalxmasını təmin edir, həm də kredit təşkilatlarının bu sahəyə vəsait qoyuluşuna stimul vermiş olur.

Ölkəmizdə kredit bürolarının tətbiq imkanları.

Özəl kredit büroları maliyyə inkluzivliyinin və ümumilikdə maliyyə sabitliyinin təmin edilməsində əhəmiyyətli rol oynayırlar. Eyni zamanda, iqtisadiyyata investisiya cəlb edilməsi prosesində də kredit bürolarının mövcudluğu ciddi təsirə malikdir. Belə ki, xarici investorların bu və ya digər iqtisadiyyata sərmayə qoyuluşu üçün bazis sənəd sayılan “Doing Business” hesabatında sərbəst maliyyə resurslarına çıxış imkanlarını ölçən “Kreditin əldə edilməsi” (Getting credit) indeksi bilavasitə ölkənin kredit hesabatlığı sisteminin səviyyəsini qiymətləndirir. İndeks aşağıdakı alt parametrlərdən ibarətdir:

  1. qanunvericiliyin qüvvəsi;
  2. kredit məlumatlarının genişliyi;
  • kredit reyestrinin əhatə dairəsi;
  1. kredit büronun əhatə dairəsi.

Ümumilikdə “Doing Business” 188 iqtisadiyyatı əhatə etməklə 11 parametr üzrə qiymətləndirmə aparan hesabatdır. Ölkəmizin son 5 il üzrə kreditin əldə olunması indeksi üzrə reytinqi aşağıdakı kimi olmuşdur:

 

 

 

İl

 

 

Ümumireytinq

 

 

Qanunvericiliyin qüvvəsi

(0-12)

 

Kredit məlumatlarının genişliyi

(0-8)

 

Kredit reyestrinin əhatə dairəsi (18 yaşdan yuxarı əhali üzrə %-lə)

Kredit büronun əhatə dairəsi

(18 yaşdan yuxarı əhali üzrə %-lə)

2012 48 5* 5 15.6 0
2013 53 5* 5 17.7 0
2014 55 2 5 23 0
2015 105 2 6 28.7 0
2016 109 2 6 33.6 0

Cədvəl 4. Azərbaycanın kredit hesabatlığı indeksi üzrə reytinqi

* Qeyd: 2014-cü ildə qiymətləndirmə metodologiyasında dəyişiklik edilmiş, parametrlərin sayı 10-dan 12-yə qaldırılmışdır.

Cədvəldən göründüyü kimi, kredit reyestrinin əhatə dairəsinin genişlənməsinə, toplanan kredit məlumatlarının çeşidinin artmasına baxmayaraq, kredit büronun mövcud olmaması səbəbindən ölkəmiz müvafiq kateqoriya üzrə hər il geriləmişdir. Müqayisə üçün Avropa və Mərkəzi Asiya regionu, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) yüksək gəlirli ölkələri müvafiq göstəricilərə nəzər salaq:

 

İndikator

 

Azərbaycan

Avropa və Mərkəzi Asiya  

İ.Ə.İ.T

Qanunvericiliyin qüvvəsi 2 6.2 6
Kredit məlumatlarının genişliyi 6 6.3 6.5
Kredit reyestrinin əhatə dairəsi 33.6 23.8 11.9
Kredit büronun əhatə dairəsi 0 37.4 66.7

Cədvəl 5. Kredit hesabatlığı indeksi üzrə ölkəmizin digər regionalarla müqayisəsi

Daha öncə qeyd edildiyi kimi, kredit büronun fəaliyyətini şərtləndirən əsas amil kredit bürolarının fəaliyyətini tənzimləyən qanunun mövcudluğudur. Ölkəmizdə “Kredit büroları haqqında” Qanun layihəsi uzun müddətdir ki, Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri ilə birgə işlənib hazırlanmaqdadır. Müvafiq qanunun qəbul edilməsindən sonra ölkəyə bu sahədə ixtisaslaşmış şirkətlərin maraq göstərəcəyi şübhəsizdir. Cənubi Qafqaz və Orta Asiya regionunda hal-hazırda da fəaliyyət göstərən və bu bölgənin iqtisadi iqlimi və biznes mühiti ilə yaxından tanış olan bir sıra qabaqcıl kredit büroları üçün Azərbaycan bazarı daha cəlbedici sayıla bilər. Çünki, Azərbaycan iqtisadiyyatı ümumilikdə Cənubi Qafqaz iqtisadiyyatının 68%-ni təşkil edir. Region iqtisadiyyatına məcmu kredit qoyuluşunda isə ölkəmizin payı 55%-dir. Bununla yanaşı, Asiya İnkişaf Bankı 2017-ci ildə ölkəmizin də daxil olduğu regionda ümumi daxili məhsulun cari hesabat ilinə nisbətdə artaraq 2,8%, inflasiya səviyyəsinin isə mövcud 10,8%-dən azalaraq 5,9% olacağını proqnozlaşdırır ki, bu da regionda biznes subyektlərinin rentabelli və effektiv fəaliyyət göstərməsi üçün münbit şərait deməkdir.

Xülasə.

Kredit hesabatlığı sistemi iqtisadiyyatda informasiya agenti rolunda çıxış etməklə sektorda kredit risklərinin minimallaşmasında xüsusi rol oynayır. Özəl və ya dövlət nəzarətində olan formasından asılı olmayaraq, kredit hesabatlığının mövcudluğu informasiya asimmetriyasının qarşısını alır, iqtisadi subyektlərin sərbəst maliyyə resurslarına çıxış imkanlarını da genişləndirir. Özəl kredit büroları dövlət nəzarətində olan kredit reyestrlərindən fərqli olaraq daha geniş məlumat mənbələrindən informasiya toplamaqla və çeşidli analitik xidmətlər təqdim etməklə borcalanın detallı risk profilini formalaşdırılmasını təmin edir. Ölkəmizdə özəl kredit bürosunun fəaliyyəti üçün ilk növbədə müvafiq qanunun qəbul edilməsi zərurəti var. Kredit büronun mövcudluğu, eyni zamanda ölkənin “Doing Business” hesabatında reytinqinin yüksəlməsinə səbəb olur ki, bu da iqtisadiyyata xarici investisiyaların cəlb edilməsinə bilavasitə təsir göstərir.

Müəllif: Əfqan İmanzadə,Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları kafedrası”nın dissertantı

Son xəbərlər
Digər xəbərlər