“Mingəçevir nəinki Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqazın yüngül sənaye mərkəzlərindən birinə, bəlkə də birincisinə çevriləcək”. Bu fikirləri Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində çıxışı zamanı bildirib.
“Bu gün Mingəçevir şəhərinin həyatında, ümumiyyətlə, ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Mingəçevir Sənaye Parkının təməl daşı qoyulub. Bu, doğrudan da çox əlamətdar tarixi bir hadisədir. Bu hadisə onu göstərir ki, Azərbaycan uğurla inkişaf edir, bütün regionlar, iqtisadiyyatımız, sənayemiz inkişaf edir. Bu, onu göstərir ki, bizim planlarımız və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Mən keçən il Mingəçevir Sənaye Parkının yaradılması ilə bağlı fərman imzalamışam. Müəyyən vəsait ayrılıb ki, bu ərazidə təmizlik işləri aparılsın. Artıq bütün hazırlıq işləri görülüb və bu gün biz bu böyük, genişmiqyaslı layihəyə start veririk. Bu parkın yaradılması Mingəçevir üçün çox böyük əhəmiyyət daşıyır. Deyə bilərəm ki, bu gündən Mingəçevirin yeni inkişaf dövrü başlayır. Bu Sənaye Parkında görüləcək işlər bizim ümumi iqtisadi potensialımızı gücləndirəcək. Burada 9 fabrik yaradılacaq. Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq. Bu sənaye parkında görüləcək işlərin həcmi təqribən 150-200 milyon dollar səviyyəsindədir. Yəni, bu, çox böyük investisiya layihəsidir. Bu layihəni icra etdikcə, əminəm ki, yeni təşəbbüslər də ortaya çıxacaq. Çünki bu layihənin şəhərin inkişafına, iş yerlərinin yaradılmasına, ümumiyyətlə, kənd təsərrüfatımızın, sənaye potensialımızın inkişafına çox böyük xeyri olacaq”, – deyə dövlət başçısı qeyd edib.