Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsi ilə bağlı verdiyi qərardan sonra bu gün dolların Yaponiyanın milli valyutası olan yenə qarşı məzənnəsi 4 həftəlik minimuma enib.
APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, ticarət sessiyası ərzində dollar 100,10 yen səviyyəsinə çatıb. Bu isə avqust ayının 26-dan etibarən minimum göstəricidir. Daha sonra itkilərini bir qədər bərpa etməyi bacaran dollar hazırda 100,22 yen səviyyəsində qərarlaşıb.
Avro isə 0,1% bahalaşaraq 1,1199 dollar səviyyəsində qərarlaşıb.
Analitiklər FED-in ikigünlük iclasından sonra dərc olunan protokoldakı bəzi maraqlı məqamlara diqqət yetirir. Məsələn, belə məqamlardan biri ilin sonunadək uçot dərəcəsinin 2 deyil, 1 dəfə artırılacağıdır. Buna FED rəhbəri Canet Yellen də işarə edib. Ekspertlər qeyd edir ki, qarşıdakı azı 3 ildə aqressiv şəkildə faiz artımını gözləməyə dəyməz. Bu fonda dollar bir qədər də zəifləyəcəyi proqnozlaşdırılır.