10 C
Baku
Thursday, December 12, 2024

Millət vəkili: “Maliyyə bazarındakı problemlərin kökü Mərkəzi Banka gedib çıxır”

“Azərbaycanın maliyyə bazarında ciddi problemlər yaranmaqdadır”.

“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, “Mərkəzi Bank haqqında” qanuna və digər qanunlara dəyişikliklər maliyyə bazarında ciddi problemlər yaradır: “Mərkəzi Bank manat kütləsini azaltmaqla inflyasiyanı cilovlamaq istəyir. Maliyyə Nazirliyi isə büdcədə kəsirin olmamasına çalışır. Maliyyə Bazarlarına Nəzarət Palatası banklarda problemin olmamasını istəyir. Palata banklarda sağlamlaşdırmaya nail olmaq üçün kredit verilməməsinə çalışır. Bütün bunlar çox ciddi problemlər yaradır”.vahid ahmedov

V. Əhmədov əlavə edib ki, aidiyyatı qurumlar ölkədə maliyyə-iqtisadi sabitliyin təmin olunmasına xidmət göstərən tədbirlər görməlidir.

Millət vəkili İlham Əliyev isə bildirib ki, maliyyə bazarındakı problemlər Mərkəzi Bankın fəaliyyəti ilə bağlıdır: “Maliyyə bazarında yaranan problemlərin kökü Mərkəzi Banka gedib çıxır. Düzdür, indi bankların fəaliyyətinə nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətindədir. Amma buna qədər Mərkəzi Bank bankların fəaliyyətinə nəzarət edirdi. Lisenziyası ləğv olunan banklarda problemin yaranacağını əvvəlcədən müəyyənləşdirmək olmazdı? Məsələn, “Texnikabank”ın fəaliyyəti bərpa edildi. İnsanlar bura əmanət yatırmağa başladılar. Sonradan bankın lisenziyası ləğv olundu. Mən bu məsələyə ona görə toxunuram ki, insanlar bundan çox əziyyət çəkir”.

İ. Əliyevin bu iradına cavab olaraq Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Aftandil Babayev bildirib ki, bu proseslər təkcə Azərbaycanda müşahidə edilmir: “Digər dövlətlərdə də banklar bağlanır, yeni banklar yaranır. Azərbaycanda vaxt var idi 200 bank var idi, sonradan bu banklar bağlandı, yeniləri yarandı. Mərkəzi Bank bankların fəaliyyətinə mütəmadi olaraq nəzarət edib. Bankların fəaliyyətində problem yaranan kimi Mərkəzi Bank bu çətinliyin həllinə çalışıb, müvafiq tədbirlər görüb. Mərkəzi Bank bankların müştəriləri qarşısında vəzifə və öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edib. Ən son tədbir kimi bankların lisenziyası alınıb. Bankların fəaliyyətində problemlərin yaranmasına qlobal iqtisadi proseslər səbəb olub. Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatı, bank sistemi dünya iqtisadiyyatına inteqrasiya edib. Xüsusi olaraq dünya bazarında neftin qiymətində azalma müştərilərin vəziyyətinə təsir edib. Bu isə bankların vəziyyətinin pisləşməsinə və son nəticədə lisenziyaların alınmasına səbəb olub. Yəni, bankların bağlanma prosesi təbii haldır”.

Son xəbərlər
Digər xəbərlər