Avropa İttifaqı (Aİ), Avropa Mərkəzi Bankı (AMB) və Almaniya höküməti “Deutsche Bank”ı xılas etmək üçün plan hazırlayır.
Rusiya mətbuatına istinadən xəbərə görə, bu barədə Almaniyanın “Die Zeit” həftəlik qəzeti yazıb.
Xatırladaq ki, ABŞ-ın Ədliyyə Komissiyası “Deutsche Bank”a qarşı qiymətli kağızlarla ticarətdə yol verdiyi qanun pozuntularıa görə 14 mlrd. ABŞ dolları məbləğində kompensasiya tələbi irəli sürüb. Buna səbəb bankın 2008-ci ildəki qlobal maliyyə böhranı zamanı qiymətli kağızlarla bağlı riskləri düzgün qiymətləndirməməsi, son nəticədə isə ABŞ-ın “Fannie Mae” və Freddie Mac” ipoteka şirkətlərinin ziyana düşməsidir. Məsələ ilə əlaqədar “Bank of America” 17 mlrd. dollar, “JP Morgan Chase” isə 13 mlrd. dollar kompensasiya ödəyib.
“Die Zeit” yazır ki, “Deutsche Bank”ın kompensasiya ödənilməsi ilə bağlı tələbi yerinə yetiriləcəyi təqdirdə bankın onsuz da ağır olan maliyyə vəziyyətinin daha da pisləşəcəyi nəzərə alınaraq xalisetmə planının hazırlanmasına qərar verilib.
Yazının dərcindən sonra Frankfurt Fond Birjasında “Deutsche Bank”ın səhmlərinin ucuzlaşması prosesi dayanıb və səhmlərin qiyməti 2,2% artaraq 10,78 avroya çatıb.