ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Jannet Yellen uçot dərəcəsini ilin sonunda artırmaq üçün ölkə iqtisadiyaytının hazır olduğunu bildirib. “Habertürk”ə istinadən xəbərə görə, bu barədə açıqlamanı J.Yellen dünən, sentyabrın 28-də ABŞ-ın Təmsilçilər Palatası Maliyyə xidmətləri Komitəsinin iclasında verib.
Çıxışında monetar siyasətə toxunan Yellen, əmək bazarının 2016-cı ildə orta hesabla aylıq 180 min yeni iş yeri yaratdığına toxunaraq bu sürətin uzun müddət davam edə bilməyəcəyini, iqtisadiyyatın lazım olandan çox inkişaf etdiyini vurğalayıb. Bunu önləmək üçün ilin sonunda uçot dərəcəsinin artırılması zərurətini qeyd edib. O, digər FES üzvlərinin də faizləri artırmaq fikrini müdafiə etdiyini xatırladıb, 2% hədəf inflyasiya üst limitinin qəbul edilmədiyini və FES-in bu hədəfi ötməyə icazə verəcəyini deyib.
Qeyd edək ki, ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkiləri zamanı Respublikaçılar Partiyasının namizədi D.Tramp seçiləcəyi halda J.Yelleni istefaya göndərəcəyini bildirilib. Belə ki, Tramp çıxışlarında mütəmadi olaraq aşağı uçot dərəcəsi siyasətinə qarşı olduğunu qeyd edib.
Analitika qrupu Report hesab edir ki, prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, FES uçot dərəcəsini dekabr ayında artıracaq. Lakin D.Tramp prezident seçilərsə, uçot dərəcəsinin artım tempi daha da sürətli həyata keçiriləcək. Nəticədə, ABŞ dollarının möhkəmlənməsi, əmtəə və səhm qiymətlərinin kəskin azalması müşahidə ediləcək.
Report