Böyük Britaniyanın milli valyutası – funt sterlinq baş nazir Tereza Meyin (Theresa May) açıqlamasından sonra ABŞ dolları ilə müqayisədə 1,2750 USD/GBP səviyyəsinə kimi geriləyərək son 31 ilin minimumuna enib.
Mənbə “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, britaniyalı baş nazirin 2017-ci ilin ilk rübündə ölkəsinin Avropa İttifaqından (Aİ) ayrılmaq prosesinə başlayacağı ilə bağlı açıqlamasından sonra funt sterlinq dünyanın 31 ən önəmli valyutasından 29-na qarşı dəyərdən düşüb. Xatırladaq ki, T.Mey sentyabrın 2-də Birmingem səhərində Mühafizəkarlar Partiyasının illik toplantısında Britaniyaya köçən insanların sayını azaldacaq və Aİ-dən ayrılma prosesinə başlayacaq.
“Report”un analitik qrupu funt sterlinqin ilin sonuna qədər dollarla müqayisədə bir qədər də ucuzlaşaraq 1,23 USD/GBP səviyyəsinə qədər geriləyəcəyini ehtimal edir. Britaniya funtunun ucuzlaşmasının iqtisadiyyata ciddi mənfi təsir göstərəcəyi və Britaniya Mərkəzi Bankının (BOE) yaxın iclaslarda uçot dərəcəsini 0% səviyyəsinə endirməklə bərabər monetar ekspansiyaya başlayacağı proqnozlaşdırılır.