8 C
Baku
Thursday, December 12, 2024

İdarə Heyətinin sədri: “Bank seçərkən onları ciddi təhlil edirik”

“Qala Sığorta” ASC-nin nizamnamə kapitalını artırmasının səbəbi məlum olub. Bu barədə açıqlamasında Şirkətin İdarə Heyətinin (İH) sədri Viladi Maniyev məlumat verib.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qeydə aldığı yeni səhm emissiyasının prospektinə əsasən, “Qala Sığorta”nın 350 min səhminin nominal dəyərinin 19,39 manatdan 23 manata çatdırılması nəzərdə tutulub. Bu, Şirkətə nizamnamə kapitalını 6 786 500 manatdan 8 050 000 manata qədər (18,62%) artırmağa imkan verəcək.

V.Maniyeyin sözlərinə görə, hazırda rəhbərlik etdiyi şirkət məcmu kapitalla bağlı tələbə (5 mln. manat) cavab verir. Bununla belə, “Qala Sığorta”nın gələcəkdə kapitalla bağlı üzləşə biləcəyi risklər nəzərə alınaraq nizamnamə kapitalının bir qədər artırılması üçün səhmdara müraciət edilib.

“Hazırda “Qala Sığorta” yenidənqurma işlərinə böyük xərc çəkir, təxminən 30 işçi saxlayır. Bütün bunlar istər-istəməz kapitalı azaldır. Bundan başqa, hər hansı iri ödəniş tələb edən sığorta hadisəsi baş verə bilər və gözləmədiyimiz halda məcmu kapital kəskin azala, tələb olunan səviyyədən aşağı düşə bilər. Bu kimi risklərdən qaçmaq, lisenziyanı bəri başdan təhlükə altında qoymamaq üçün nizamnamə kapitalını artırmağa qərar verdik”, – deyə şirkət rəsmisi qeyd edib.

“Qala Sığorta”nın bu ilin ilk 8 ayında 3,7 mln. manatdan artıq sığorta haqqı toplamasına və ümumiyyətlə ödəniş etməməsinə baxmayaraq, kapital artımı əlavə vəsait qoyuluşu hesabına həyata keçiriləcək: “Toplanan sığorta haqları hələ ki, yığıma gedir və yalnız il başa çatdıqdan sonra bölüşdürülməmiş mənfəət kimi kapital artımına yönəldilə bilər. Odur ki, yeganə təsisçimiz şirkətə 1 mln. manatdan artıq pul qoyacaq”.

İH-nin sədri onu da əlavə edib ki, “Qala Sığorta”nın Azərbaycanın bu il bağlanmış heç bir bankında hesabı olmayıb: “Bu baxımdan bizdə problem yoxdur. Çünki bank seçərkən, onların bir neçə illik maliyyə hesabatlarını ciddi təhlil edirik, etibarlı banklarda hesab açırıq. Odur ki, bankların bağlanmasının bizə heç bir təsiri yoxdur və sığorta hadisəsi baş verərsə, müştərilərimiz problemsiz ödəniş ala biləcəklər”.

Xatırladaq ki, “Qala Sığorta” şirkəti 1999-cu ildən fəaliyyət göstərən “Çartis-Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun səhmləri 100% “AzRe Təkrarsığorta” ASC-yə məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər