10 C
Baku
Thursday, December 12, 2024

“Londonda əmlakların ucuzlaşması ARDNF-yə təsir edəcək”

“Daşınmaz əmlak bazarı öz-özlüyündə volatil bazardır və burada qiymətlərin enib-qalxması normaldır”. Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov deyib.

Ş. Mövsümovun sözlərinə görə, ARDNF bu investisiyalara uzunmüddətli investisiya kimi baxır: “Binaların bahalaşıb-ucuzlaşması birbaşa olaraq kirayəçilərə təsir edir. Bizim binalarımızda oturan kirayəçilərlə bizim aramızda uzunmüddətli müqavilələr bağlanıb. Kirayədən əldə olunan və olunacaq məbləğlər əvvəlcədən bəllidir. Təbii ki, binaların bahalaşıb-ucuzlaşması bizə də təsir edir. ARDNF-in aldığı əmlaklar beynəlxalq nüfuza malik olan müstəqil auditor tərəfindən qiymətləndirilir. Biz hər şeyi real bazarda olan qiymətlərlə ölçürük”.

Bundan öncə “APA-Economics” “Bloomberg” agentliyinə istinadən xəbər verib ki, gələn ilin sonunadək Londonun mərkəzi hissəsində yerləşən ofislərin qiyməti 30% azala bilər. Bu barədə “Deutsche Bank”ın hesabatında deyilir.

Daşınmaz əmlakın ucuzlaşmasına Böyük Britaniyanın Avropa İttifaqından çıxması göstərilir.

Hesabatın müəllifi Saymon Uolles bildirib ki, qiymətlər hazırda da azalmaqdadır, lakin gələn il bu proses daha da sürətlənəcək: “Biz Londonun daşınmaz əmlak bazarına investisiya yatırmaq istəyən investorlara gələn ilin sonunadək gözləməyi tövsiyə edirik”.

S. Uolles əlavə edib ki, tarixən Londonun daşınmaz əmlak bazarında qiymətlər tez-tez dəyişir. “Nəzərə alsaq ki, Böyük Britaniya ilə Avropa İttifaqı arasındakı danışıqlarda qeyri-müəyyənlik hələ də davam edir, London uzun müddət müstəsna bazar olaraq qalacaq”.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Londonda daşınmaz əmlaka sahibdir. Əmlak Seynt Ceyms küçəsi 78 (mərkəzi küçələrdən biri) ünvanında yerləşir. 2015-ci ildə həmin əmlakın icarəsindən Fond 9 mln. 648,048 min funt sterlinq gəlir əldə edib. “Knight Frank LLP” həmin əmlakı 217 mln. funt sterlinqi dəyərində qiymətləndirib. Belə çıxır ki, gələn ilin sonuna əmlakın dəyəri təxminən 151,9 mln. funt sterlinqi ətrafında dəyişəcək.
APA

Son xəbərlər
Digər xəbərlər