Bu gün ABŞ Federal Ehtiyat Sisteminin (FES) sentyabr ayındakı iclasının yekunlarına dair iclası keçiriləcək.
İclasda FES-in uçot dərəcəsinin növbəti artımına dair işarə verməsi gözlənilir.
Xatırladaq ki, sentyabrda keçirilən FES-in son iclasında 10 üzvdən yalnız 3-ü faizlərin artırılmasına qarşı çıxıb. Müxtəlif beynəlxalq maliyyə qurumlarının ortalama proqnozlarına əsasən, hazırda FES-in dekabrda uçot dərəcəsini artırma ehtimalı 67%-ə bərabərdir. İclasın yekun açıqlamasının Bakı saatı ilə 22:00-da veriləcəyi gözlənilir.
“Report”un analitik qrupu bugünkü iclasda faizlərin 2016-cı ilin sonuna qədər artırılmasına dair ciddi siqnalların veriləcəyini ehtimal edir. Açıqlamalardan sonra dolların məzənnəsinin digər valyutalarla müqayisədə möhkəmlənməsi proqnozlaşdırılır. Əsas valyuta cütlüyü hesab edilən USD/EUR məzənnəsinin isə 1,10 səviyyəsindən də aşağı düşəcəyi gözlənilir. Qeyd edək ki, hazırda USD/EUR məzənnəsi 1,1040 səviyyəsində qərarlaşıb. Belə olduğu təqdirdə əmtəə qiymətlərində də azalmanın başlayacağı istisna edilmir. Neft və qızılın qiymətinin kəskin azalması mümkündür. Neftin qiyməti 50 dollar/barel, qızıl isə 1 250 dollar/unsiya həddindən aşağı enə bilər.