Agentliyin məlumatında vurğulanır ki, “Fərqlənmə nişanı” almadan sərnişindaşıma həyata keçirən şəxslər barəsində qanuni tədbirlər görüləcək. Nəzarəti Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyinin həyata keçirəcəyi bildirilir.
Agentlik xəbərdar edir ki, taksi fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər “Fərqlənmə nişanı” almaqdan ötrü bankda vergi ödəyə, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”ndən nişanı əldə edə bilərlər.
Qurumun məlumatında taksi fəaliyyətinə görə, verginin məbləği bildirilmir.
Agentlik bir neçə gün əvvəl fərqlənmə nişanı olmayan taksilərin müəyyən edilməsi ilə bağlı reydlərə başladığını da açıqlamışdı.
Bir qədər öncə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov sahibkarlıq hüququ olmayan fiziki şəxslərin hesabına büdcəyə ödənişlərin artırılmasını hədəflədiklərini demişdi.
Nazirlik rəsmisi özəl təmirçilər, dayələr, bərbərlərdən tutmuş, ev qulluqçularınadək bütün sahibkar olmayan fiziki şəxsləri vergiyə cəlb edəcəklərini açıqlamışdı.
Həmin açıqlamadan sonra Bakı Nəqliyyat Agentliyi taksi sürücülərinə qarşı hərəkətə keçib.