10 C
Baku
Friday, December 13, 2024

Rövnəq Abdullayev: Azərbaycan 50 milyard dollar həcmində gəlir əldə edəcək

“Cənub Qaz Dəhlizi” ilə bağlı planlar yalnız “Şahdəniz-2” ilə məhdudlaşmır. Bu layihə gələcək perspektivlər zəncirində əsas, amma yalnız ilk halqanı təşkil edir. 2025-ci ilədək Azərbaycanın ümumi ixrac potensialının 40 milyard kubmetr qaz həcminə çatdırılması tamamilə realdır”.

Banker.az-ın AZƏRTAC-a istinadla məlumatına görə, bu fikirləri SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

O deyib ki, bu qazın da çox hissəsi Avropa bazarına təchiz oluna bilər. Əlbəttə, belə böyük həcmlərin nəql edilməsi üçün təhlükəsiz daşınmanı təmin etmək iqtidarında olan və ötürücülük qabiliyyətinin artırılması potensialına malik müvafiq qaz-nəql infrastrukturu lazımdır. Üç mühüm seqmentdən ibarət “Cənub Qaz Dəhlizi” məhz belə bir sistem olacaq. Birinci seqment hazırda “Şahdəniz” qazının Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə nəqlini həyata keçirən və regionda enerji təhlükəsizliyinin mühüm amili olan Cənubi Qafqaz Boru Kəməridir (CQBK). Ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən bu kəmər işləkliyini artıq sübuta yetirib. CQBK-nin genişləndirilməsi indiyədək aparılmış işlərin davamı olacaq. İkinci seqment kimi Trans-Anadolu qaz boru kəməri – TANAP nəzərdə tutulur. Bu, iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin birgə layihəsidir. TANAP-ın illik ötürücülük qabiliyyəti ilk mərhələdə 16 milyard kubmetr planlaşdırılır. Sonradan bu göstəricinin 31 milyard kubmetrədək artırılması imkanları da nəzərə alınıb.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi”nin sonuncu seqmentini isə “Trans-Adriatik” qaz boru kəməri – TAP təşkil edəcək. Bu il mayın 17-də təməlini qoyulan TAP kəməri Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Albaniya ərazisindən keçməklə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya qədər uzanacaq. Kəmərin ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr olacaq. “Cənub Qaz Dəhlizi” sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilməsi üçün onun seqmentlərinin hər birinin ilkin ötürücülük gücü artırıla bilər. Digər tərəfdən hazırda Avropada, xüsusilə də Balkan ölkələrində “Cənub Qaz Dəhlizi”ni istiqamət götürən əlaqələndirici kəmərlərin, interkonnektorların tikintisi də nəzərdə tutulub. Biz bu təşəbbüsləri dəstəkləyir və diqqətdə saxlayırıq. Çünki Xəzərin Azərbaycan sektoru qaz-kondensat ehtiyatları ilə zəngindir və biz hasilat həcmlərinin artırılması istiqamətində fəaliyyətimizi genişləndiririk.

Bütün layihələr üzrə əsas müqavilələr artıq imzalanmış və işlər qrafik üzrə, bəzi layihələrdə isə hətta qrafiki qabaqlamaqla icra edilir. Bu layihələr dünya bazarlarında neftin və qazın qiymətlərindən asılı olaraq Azərbaycana 35-50 milyard ABŞ dolları həcmində gəlir gətirəcək.

Son xəbərlər
Digər xəbərlər