Yaponiyanın müasir bank sistemi İkinci Dünya müharibəsindən sonra və amerikan nümunəsi əsasında yaradılmışdır. O, dünyanın ən güclü və inkişaf etmiş sistemlərindən biridir.
Son illər aparıcı banklar arasında Yaponiyanın payı getdikcə azalır. Yapon bankları başda olmaqla güclü maliyyə-sənaye qrupları ABŞ, Qərbi Avropa, Asiya və Avstraliyaya irimiqyaslı sənaye investisiyaları yatırırlar.
Yapon banklarının xarici kredit fəaliyyəti internasionallığın gücləndirilməsi istiqamətində baş verir: onlardan bəziləri beynəlxalq kredit mərkəzlərinə çevriliblər. Yapon banklarının ABŞ və Qərbi Avropa ölkələrinə yerləşdirdikləri qiymətli kağızların miqyası da genişlənir. Yaponiya İnkişaf Bankı xüsusi bankların maraqlı olmadığı iqtisadiyyatın ayrı-ayrı sahələri üçün qısamüddətli güzəştli kreditlər təklif edir.
Müharibədən sonra maliyyə-sənaye qruplarının yaranması ölkənin bank sisteminin əsas inkişaf xüsusiyyətidir.
Ölkənin bank sisteminə Mərkəzi Bank başçılıq edir. Bankın nizamnamə kapitalının yarısı dövlətə məxsusdur. Səhmdarlar bankın fəaliyyətinin idarə edilməsində iştirak etmir. Mərkəzi banka prezident və direktorlar heyəti rəhbərlik edir. Direktorlar heyətinə bir qrup vitse-prezident, prezident məsləhətçiləri və işlərin həyata keçirilməsi ilə bağlı nəzarət müfəttişləri daxildir.
Yaponiya Bankının idarəetmə metodlarına aiddir: bank fəaliyyətinin lisenziyalaşdırılması; banklar üçün minimal nizamnamə kapitalının müəyyənləşdirilməsi; bank adlarının dəyişdirilməsi, filialların yaradılması və ləğvi ilə bağlı icazənin verilməsi.
Mərkəzi bank likvidliyin minimal səviyyəsini müəyyən edir. Onlara aiddir: bank kapitalının tərkibində xüsusi kapitalın çəkisini müəyyən etməyə imkan verən xüsusi kapital norması; kapitalın borc öhdəliklərinə nisbətini müəyyən edən likvid aktiv norması; mülk norması; iri kreditlərin verilməsinə qoyulan məhdudiyyətlər və s. Eləcə də hesabat sənədlərinin təqdim olunması ilə bağlı tələbləri də müəyyən edir. Müharibədən sonrakı ilk onilliklərdə Yaponiya pul-kredit siyasətinin klassik alətlərindən aktiv olaraq istifadə etmirdi. Birbaşa olaraq, kredit miqdarına limitlərin qoyulması və faiz dərəcələrinin süni aşağı salınması üstünlük təşkil edirdi. Bu da yüksək iqtisadi artımı təmin etdi.
70-ci illərin ortalarında baş verən dərin və uzunmüddətli iqtisadi böhran nəticəsində dövlətin ölkənin iqtisadi sisteminə təsiri daha da gücləndi və iqtisadiyyatın pul-kredit tənzimlənməsinin rolu artdı.
Ölkənin pul-kredit tənzimlənməsinin əsas orqanlarına daxildir: Yaponiya Bankı, Maliyyə Naziri və İqtisadi Təşkilatlar Federasiyası.
Tənzimlənmənin əsas metodlarına aiddir: borc faizi və məcburi ehtiyat normasının dəyişdirilməsi; dövlət qiymətli kağızları və xarici valyuta ilə əməliyyatların həyata keçirilməsi; hökumətlə birgə həyata keçirilən inzibati tədbirlər.
70-ci illərdə istifadə olunan inzibati tədbirlər tənzimləmənin bazar metodları ilə əvəz olundu. Banklar üzərində dövlət nəzarəti azaldılmışdı. Lakin dövlətin əlində yüksək riskli və aşağı rentabelli obyektlərin kreditləşməsi üzərində nəzarət funksiyası qalmaqda idi.
Yaponiyanın bank sistemi xüsusi banklar, kredit assosiasiyaları, hökumət-maliyyə institutları, eləcə də xarici bankların filiallarından ibarətdir.