15 C
Baku
Sunday, November 24, 2024

Vəhşi kapitalizm

Müəllif: Elçin Çobanov, Azfen J.V. HR Department

Çoxumuz bu barədə eşitmişik “Vəhşi kapitalizm”. Mən bu mövzu üzərində çox düşünürəm,“Nəyi pisdir ki bunun?“. Gəlin əvvəlcə “Vəhşi” sözündən başlayaq. Nədənsə biz vəhşi sözünü daha çox mənfi bir şey kimi qəbul edirik. Vəhşi təbii demək deyil?! Vəhşi təbiət olduğu kimi müdaxiləsiz, olmalı olduğu kimi demək deyil?! Nədənsə insanlar onlara sərf etməyəni çirkin, pis kimi qəbul edir və bununla razılaşmaq istəmir. Hər şey bizim iradəmizlə olmalıdır?! Sizin kimi mən də canlıları sevirəm. Təbiətdə ceyran görəndə ona və onu yaradana necə heyran olmayasan. Bəs aslana necə?! Gözəldir. Amma bir aslan ceyranı parçalayıb yeyəndə istər-istəməz mane olmağa çalışarıq.

Amma bunun nəticəsini heç düşünmürük. Aslan hansı heyvanları ovlayır?! Zəif və xəstələri. Deyək ki bütün belə hallara mane olduq necə olacaq?! Əvvəlcə aslanlar yəni vəhşilər aclıqdan öləcək. Sonra isə xəstə ovlar bütün sürünü xəstələndirəcək və onlar da öləcək. Biz neynəmiş olacağıq?! Hər ikisini məhvə sürükləmiş olacağıq. Mən hər ikisini də sevirəm, amma saglamını və digərlərinə ziyan verməyənini daha çox sevirəm. Təbiətə isə müdaxilə heç bir zaman əvəzsiz qalmır.

Bu iqtisadiyyatda da belədir, həyatda da. Biz Təbii kapitalizmi dəyişdik və Vəhşi kapitalizm dedik. Nə oldu?! Güclü şirkətlərin bir qismi məhv oldu. Əvəzində işini doğru dürüst görməyən, keyfiyyətsiz məhsullar istehsal edən şirkətlər artdı. İşini düzgün görənlər isə onlara baxaraq aşağı keyfiyyətli məhsullar istehsal etməyə başladılar. Ümumi iqtisadiyyata, cəmiyyətə, istehlakçılara xeyri oldu yoxsa ziyanı? Bu barədə düşünün.

Fikrimcə, ən güclü şirkətlər bu vəhşi kapitalizm qaydalarında belə davam gətirə biləcək şirkətlərdir. Zəif şirkətlərin qorunması bizi vaxtaşırı böhranlara sürükləyir. Ən gözəl səhnə isə böhrandan sonrakı səhnədir. İşini bilənlər, işinin öhdəsindən gələn şirkətlər fəaliyyətinə davam edir, özü də daha güclü halda, çünki təcrübəsinə daha bir çətinlikdə qazanılmış təcrübə əlavə olunur. Zəif şirkətlər isə məhv olur. Özləri ilə başqalarının sərmayələrini də batırır.

Yazıdan da anladınız, yəqin mən Klassiklər kimi düşünürəm. İqtisadiyyat təbii olmalıdır. Güclülər uğurlu olmalıdır. Kimin güclü olub-olmadığını bazar, daha dəqiq desək istehlakçı müəyyən etməlidir. Rəqabət biznes dünyasında elə təbii seleksiya effekti verir.

Çətinlikdən qorxmayın çətinliyə meydan oxuyun. Kəpənək baramadan çıxarkən əziyyət çəkib özü çıxmasa qanadları inkişafdan qalır və heç vaxt uça bilmir.

Son xəbərlər
Digər xəbərlər