Müəllif: Akif Musayev, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi
Əslində, heç kim vergi ödəməkdən zövq almır, lakin sosial rifah üçün onların ödənilməsi qaçılmazdır.
Müasir cəmiyyətdə vergiləri onlara ehtiyac duyulduğu üçün icbari formada deyil, ictimaiyyətin qəbul edəcəyi bir şəkildə tətbiq etmək lazımdır. XIV əsrdə Böyük Britaniyada adambaşına vergi tətbiq edilərkən kəndlilərin üsyanı baş vermişdi. Tarixən belə reaksiyaların baş verməsi vergitutmanın ədalətli şəkildə formalaşması zərurətini yaradır. Hələ XVIII əsrdə məşhur iqtisadçı A.Smit ədalətli vergi sisteminin əsas əlamətləri kimi aşağıdakıları qeyd etmişdir:
- Verginin miqdarı insanın ödəmə qabiliyyətini əks etdirməlidir;
- Konkret olmalıdı;
- Ödənişi rahat olmalıdır;
- İnzibati cəhətdən səmərəli olmalı və
- İqtisadi təhrifə səbəb olmamalıdır.
Əslində, bu prinsiplər indi də öz dəyərini saxlamaqdadır və müasir vergi sistemində ideal vergi, heç olmasa, aşağıdakı meyarlara uyğun olmalıdır:
1. Sadə, konkret və rahat
Vergi ödəyicilərinin öz öhdəliklərini başa düşmələri üçün vergi sadə olmalıdır və elə idarə edilməlidir ki, vergi ödəyicisi ödəyəcəyi məbləği və vaxtı əvvəlcədən bilsin.
2. Dəyişikliyə uyğunlaşan
Vergi sisteminin iqtisadiyyatı tənzimləyən bir vasitə olduğunu nəzərə alaraq verginin strukturu və dərəcəsi elə formalaşdırılmalıdır ki, onu baş verən hər hansı dəyişikliyə uyğunlaşdırmaq asan olsun.
3. İnzibati cəhətdən səmərəli
İnzibati xərclər vergi daxilolmaları ilə nisbətdə çox yüksək olmamalıdır. Verginin səmərəliliyi yalnız inzibati xərclərlə yekunlaşmır, buraya eyni zamanda vergi ödəyicisinin vergi qanunlarına əməl etməsi ilə bağlı xərclər də aiddir.
Təcrübə göstərir ki, əməletmə xərclərini müəyyənləşdirmək inzibati xərclərə nisbətən daha çətindir. Bunun əsas səbəbi onunla bağlıdır ki, inzibati xərclər dövlət gəlirindən ödənilir, əməletmə xərcləri isə reqressiv xüsusiyyətə malikdir; əməletmə xərclərinin artması vergi ödəyicilərinin daha çox qəzəbinə və müqavimətinə səbəb olur.
4. Neytrallıq prinsipi
Əgər hər hansı vergi iqtisadi fəaliyyətə mənfi təsir göstərirsə, onu neytral hesab etmək olmaz. Əslində, dövlət də belə hallardan qaçmağa çalışır, çünki bu zaman iqtisadiyyatı manipulyasiya etmək üçün fiskal siyasət yürütmək məcburiyyətində qalır. Buna görə də vergi sistemini qiymətləndirərkən neytrallığın dərəcəsini mütləq nəzərə almaq lazımdır.
5. Ədalətlilik prinsipi
Vergilər yalnız ədalətli olmamalı, eyni zamanda ədalətli görünməlidir. Çünki ədalətli qəbul edilməyən vergi vergidən yayınmağa meyil yaradır. Adətən deyirlər ki, əgər vergidən yayınma çox genişdirsə, burada günahkar vergi ödəyicisi yox, vergitutma sistemidir.
Vergi sistemində ədalətliliyin iki növü vardır:
Üfüqi ədalətlilik – eyni situasiyada olan vergi ödəyiciləri eyni cür davranmanı tələb edir;
Şaquli ədalətlilik – fərqli situasiyada olan vergi ödəyiciləri müəyyən dərəcədə fərqli davranmanı tələb edir. Bu prinsipə əsasən varlılardan kasıblara nisbətən daha çox vergi ödəmək tələb olunmalıdır ki, bu da vergitutmanın proqressiv sisteminə uyğun gəlir.
Üfüqi ədalətliliyə əməl etmək daha asandır, şaquli ədalətliliklə bağlı isə müxtəlif münasibətlər və fikir ayrılıqları mövcuddur. Əslində, ədalətlilik vergi yükünün bölüşdürülməsi ilə əlaqədardır. Vergi ödəyiciləri arasında vergi yükünün necə bölüşdürülməsi ilə bağlı isə müxtəlif yanaşmalar mövcuddur.
Bazar iqtisadiyyatında hər zaman kasıb təbəqə mövcuddur və onlara vergilərdən əldə olunan gəlir vasitəsilə yardım edilir. Burada artıq səmərə nəzəriyyəsi öz əhəmiyyətini itirir, çünki gəlirin yenidən bölüşdürülməsi nəticəsində onların əldə etdiyi bu müavinətlərdən vergi tutulmur.