1 Oktyabr 2016-cı il tarixinə Bankın aktivləri 913 milyon manat səviyyəsinə çatmışdır ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.
Hesabat dövrünün sonuna Bankın kredit portfeli 251 milyon manat təşkil edib. Ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı ötən ilin eyni dövrünə nisbətən 2% azalmaqla 9.3%-dən aşağı enmişdir.
Bankın gəlirləri 34 mln. manat, xərcləri isə 19 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində aktivlər üzrə 50 mln. manat əlavə ehtiyyatlar yaradılmışdır.
Bankın depozit portfeli 229 milyon manat təşkil edərək, cari ilin 1-ci rübü ilə müqayisədə 11.4 % artıb.
Bankın likvidlik əmsalının qəbul edilmiş likvidlik normalardan ikiqat artıq olması bir daha təsdiq edir ki, likvidlik yüksək səviyyədədir.
Sentyabr ayında bankın nizamnamə kapitalı 20 mln manat məbləğində artırılmışdır.
Əsasən kart məhsulları ilə seçilən Bank Respublika bu dövrdə aktiv kartların sayını 95 minə çatdırıb və bu kartlar vasitəsilə aparılan əməliyyatların məbləği 2015-ci ilin eyni dövrü ilə müqayisədə 20% daha çoxdur.
Cari ilin 9 ayı ərzində bankın yeni müştərilərinin sayı 1.54 dəfə artmışdır.
Bank Respublika rəqəmsal və elektron bankçılıq xidmətləri üzrə məhsul çeşidinin genişləndirilməsi, şərtlərinin optimallaşdırılmasına xüsusi önəm verərək məsafəli bankçılıq sahəsində: İnternet Şöbə, Mobil Şöbə əlavəsi, “Vektor” ölkədaxili pulköçürmə sistemi, MilliÖN və eManat terminalları vasitəsilə cari hesaba mədaxil kimi xidmətlərini istifadəyə verib.