2016-cı ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsi tətbiq edib.
Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalına istinadən məlumat verir ki, Mərkəzi Bank valyuta bazarında iştirakı minimuma endirib, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları da Mərkəzi Bankda təşkil olunan hərraclar çərçivəsində həyata keçirilib.
Sənəddə qeyd olunub ki, bu ilin 9 ayında ARDNF-in xarici valyuta satışları 4 mlrd. ABŞ dolları təşkil edib. İcmalda bildirilib ki, valyuta hərracları həftədə bir neçə dəfə keçirilib, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl Bloomberg terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib. Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında Mərkəzi Bankda, ümumilikdə, 88 valyuta hərracı keçirilib.
“Valyuta bazarında vəziyyətdən asılı olaraq hərracın parametrləri dövr ərzində çevik dəyişdirilib, bu hərracların mexanizmi təkmilləşdirilib. Sentyabr ayının sonunda Mərkəzi Bank valyuta hərracının keçirilməsinin yeni, ikitərəfli hərrac mexanizmini bank ictimaiyyətinə təqdim edib. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanı verir. Bu hərraclarda alıcılar və satıcılar hərracın təşkilatçısı tərəfindən elan olunan məzənnə ilə öz valyuta sifarişlərini yerləşdirmək imkanı əldə edirlər. Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi artmağa meylli olub”, – deyə icmalda vurğulanıb.
İcmalda o da qeyd olunub ki, yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir: “01 oktyabr 2016-cı il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4,1 mlrd. dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələyir./APA