Donald Trampın sürpriz qələbəsi bəzi proseslərin gedişi ilə bağlı sual və qeyri-müəyyənliklər yaradıb. Həm maliyyə bazarlarında situasiya, həm valyutaların məzənnələri, həm Federal Ehtiyat Sisteminin gələcək qərarları, həm də neft bazarında durum öz qeyri-müəyyənliyini qoruyur. Bu sırada neft bazarında vəziyyət daha çox sual yaradır, çünki neftin qiymətinə bir neçə əsas amil təsir edir. Hazırda Trampın qələbəsi neft qiymətlərinə təsir edəcək əsas amildir. Söhbət ilk növbədə İranla münasibətlərin hansı formada qurulacağından gedir.
Məlumdur ki, Obama administrasiyasının təşəbbüsü ilə hazırlanmış Birgə Hərəkətlər Planı İrana qarşı sanksiyaların aradan qaldırılmasına yol açıb, nəticədə sanksiyaların yumşaldılması və bəzi sahələrdə ləğvi prosesi başlayıb. Tramp dəfələrlə bu sazişin imzalanmasına qarşı çıxıb çıxıb və sazişi “həyatında gördüyü ən pis saziş” adlandırıb. Bu azmış kimi seçkiqabağı kampaniya dövründə bəyan edib ki, prezident seçildikdən sonra atacağı ilk addımlardan biri İranla nüvə sazişinin ləğvi olacaq. Sazişin ləğvi o deməkdir ki, sanksiyaların aradan qaldırılması prosesi tam olaraq dayandırılacaq, çox güman ki, sanksiyalar yenidən bərpa ediləcək və vəziyyət əvvəlki nöqtəyə qayıdacaq. Sanksiyaların yumşaldılmasının ilk nəticəsi hamıya məlumdur, İran yenidən açıq bazarda 4-5 mln. barel nefti satmaq imkanını əldə edib. Bu amil neft bazarında təklifi nəzərə çarpan dərəcədə artıraraq qiymətləri aşağı salıb. Müvafiq olaraq, sanksiyaların bərpası neft bazarında təklifi yenidən azaldacaq ki, bu da qiymətləri yüksəltməlidir. Donald Trampın İranla bağlı sərt mövqeyinin dəyişməsi ehtimalı sıfıra bərabərdir. Dövlət institutları, qərarların qəbul edilməsi proseduraları, nəhayət, dövlət başçısının məsuliyyəti kimi faktorlar Trampın əvvəlki sərt mövqeyinə yumşaldıcı təsir edə bilər, İranla bağlı isə bunu gözləmək olmaz. Yüz faizlik əminliklə demək olar ki, artıq indidən İrana qarşı sanksiyaların bərpa edilməsi prosesinə start veriləcək. İranın neft bazarında mövqeyi də sanksiyaların ləğvindən əvvəlki vəziyyətinə qayıdacaq və bu da neftin bahalaşmasına səbəb olacaq.
Neftin bahalaşmasına lehinə “danışan” başqa amillər var. OPEK-in son illik hesabatında deyilir ki, 2021-ci ilə qədər kartel neftinin qiyməti hər il təxminən 5 dollar bahalaşacaq. Əgər OPEK 2016-cı il üçün orta illik qiyməti 40 dollar səviyyəsində gözləyirsə, deməli 2021-ci ildə qiymətlər 65 dollar səviyyəsinə qalxa bilər. Həmçinin OPEK-in proqnozlarına görə, artım tendensiyaları davam edəcək ki, nəticədə neftin qiyməti 2040-cı ildə real qiymətlərdə 92, nominal qiymətlərdə isə 155 dollara çatacaq. Bizi əsasən, yaxın perspektiv maraqlandırır, çünki 3-5 ilə verilən proqnozlar adətən daha real görünür. OPEK artım tendensiyalarını proqnozlaşdırarkən bir çox amilləri nəzərə alır, bu amillərin hamısı birbaşa və ya dolayı yolla yaxın illərdə neftə tələbatın artacağını göstərir. OPEK-in proqnozlarına görə, 2017-ci ildə dünyada neftə tələbat günə 95,3 mln. barel, 2018-ci ildə 96,4 mln. barel, 2019-cu ildə 97,4 mln. barel, 2020-ci ildə 98,3 mln. barel və nəhayət 2021-ci ildə 99,2 mln. barelə çatacaq. Yəni indiki səviyyədən (94,2 mln. barel) tələbatın artımı hər il orta hesabla 1 mln. barel təşkil etməlidir. Bu proqnozlar bir sıra göstəricilərə əsaslanır. İlk növbədə OPEK gözləyir ki, yaxın 5 il ərzində dünyada iqtisadi artım orta hesabla ildə 3,4% təşkil edəcək ki, bu da neftə tələbatın artması ilə müşayiət olunacaq. OPEK ilk növbədə artımı neft-kimya, aviasiya və nəqliyyat sektorundan gözləyir. Tək avtonəqliyyat sektoru üzrə tələbatın 2040-cı ilə qədər gündə 6,2 mln. barel səviyyəsində artacağı gözlənilir. Bu da təəccübləndirici deyil, çünki yalnız yaxın 5 il ərzində dünyada əhalinin sayının indiki 7,3 mlrd. nəfərdən 7,7 mlrd. nəfərə qədər artması proqnozlaşdırılır. Artım davam edəcək və proqnozlara əsasən 2040-cı ildə dünya əhalisinin sayı 9 mlrd. nəfərə çatacaq. Belə demoqrafik artım nəqliyyatın artması ilə müşayiət olunur ki, bu da neftə tələbatı artıracaq.
OPEK 2021-ci ilə qədər proqnoz cədvəlində dünyada bazara çıxarılacaq neftin həcmini təxminən tələbata bərabər kimi göstərir, amma aydındır ki, bu çox nisbi təxmindir. OPEK də hesabatında vurğulayır ki, son zamanlar neftin ucuz olması hasilat sahəsində qeyri-müəyyənliyi qoruyub saxlayır. Eyni zamanda OPEK proqnozlaşdırır ki, yaxın illərdə təklif təxminən tələbata bərabər olacaq ki, yəni bazarda paritet gözlənilir, amma biz bilirik ki, bu yalnız ideal gözləntilərdir, reallıqda vəziyyət tam fərqli ola bilər. Bəzi ölkələr maliyyə kəsirlərini ödəmək üçün hasilatı gözlənilmədən artıra bilər, digər tərəfdən hər hansı subyektiv səbəblərdən bazarda təklif azala bilər və sair. Məsələn, İranın neft bazarından “çıxarması” OPEK-in hesablamalarında çətin ki, nəzərə alınmış olsun. Vəziyyət belədir ki, tələbatı proqnozlaşdırmaq təklifi proqnozlaşdırmaqdan dəfələrlə asandır. Burada həmçinin daha bir amili də unutmaq olmaz ki, neftin hasilatı texnoloji prosesdir və əgər bu proses lazımı səviyyədə saxlanılmasa, hasilat azalacaq. Yəni söhbət neft hasilatı, nəqli və emalı sahəsinə investisiyaların dinamikasından gedir. Qeyd edək ki, OPEK öz hesabatında yalnız investisiyaların tələbi barədə hər hansı fikirləri və rəqəmləri göstərir, amma bu, heç nə demir. Yəni, investisiyalara tələbat heç də o demək deyil ki, bu investisiyalar reallıqda yatırılacaq. OPEK-in hesablamalarına əsasən, yaxın illərdə dünyada təkcə hasilat sahəsinə təxminən hər il 300 mlrd. dollarlıq investisiya tələb olunacaq. Eyni zamanda son illər dinamikası qənaətbəxş deyil: 2014-cü ildə bu rəqəm 530 mlrd. dollar, 2015-ci ildə 400 mlrd. dollar, 2016-cı ildə 320 mlrd. Dollar olub. Beləliklə, neftin ucuzlaşması səbəbindən neft şirkətləri investisiyaları kəskin azaldır və ümid yoxdur ki, yaxın zamanda tendensiya dəyişəcək. İnvestisiyalar isə əsasən kəşfiyyat sahəsinə aiddir. Məsələn, tək 2015-ci ildə təxminən 400 mlrd. dollar həcmində kəşfiyyat layihələri dayandırılıb, bu ildə həmin həcm oxşar səviyyəsində gözlənilir, çünki yarım illik ərzində 200 mlrd. dollar bərabər olmuşdur. İnvestisiyaların azaldılması və layihələrin dayandırılması demək olar ki, bütün dünya miqyaslı neft şirkətləri tərəfindən aparılır.
İnvestisiyaların azaldılması və kəşfiyyat üzrə layihələrin dayandırılması isə o deməkdir ki, bazara daha az neft çıxarılacaq. Əlbəttə ki, bu bir günə baş vermir, amma işlənilən yataqlarda neft hasilatı tədricən azalır, yeni yataqların işlənməsi isə baş vermir. Nəticədə vaxt keçdikcə, neft bazarında təklif azalır. Aydındır ki, belə hadisələri əvvəlcədən, xüsusən də bir neçə il əvvəl proqnozlaşdırmaq mümkün deyil, amma bəzi məqamları demək olar. Yəni neftin indiki qiyməti bir çox offşor layihələrin işlənməsini səmərəsiz edir, ayrı-ayrı yataqlar üzrə neft hasilatının maye dəyəri fərqlidir, amma ümumilikdə demək olar, indiki qiymət, hətta 50 dollardan da artıq olan qiymət bu sektora investisiyalar yatırılmasını cəlbedici etmir.
Bütün bu amilləri nəzərə alaraq yaxın zamanlarda neft bazarında qiymətlərin yüksələcəyini proqnozlaşdırmaq olar. Buna ən qısa zamanda təsir edəcək amil Donald Trampın İrana qarşı neft embarqosunu bərpa etməsi olacaq, sonra investisiyaların azalması tədricən təklifi istər-istəməz azaldacaq, nəhayət, tələbatın təbii artımı da nefti tədricən bahalaşdıracaq. Əgər nəzərə alsaq ki, neft bazarında kotirovkalar fyuçerlər üzrə əqdlər əsasında formalaşır, brokerlər isə adətən gələcək amilləri artıq indidən nəzərə alır, gözləmək olar ki, proses dediyimizdən də tez zamanda baş verəcək.
APA Analitik Mərkəzi