Hamımız “kəpənək effekti” haqqında eşitmişik – adətən gözlənilməz yerdə və gözlənilməz vaxtda sistemə edilən istənilən kiçik təsir çox böyük nəticələrə səbəb ola bilər. Ədəbiyyatlarda bu effektin bir çox digər uydurulmuş təzahür formaları da var. Reallıqda isə hər şey daha çətindir, istənilən böyük bir hadisə bir-birilə qarşılıqlı əlaqədə olan mürəkkəb amillərin təsiri nəticəsində baş verir, onlardan hər hansı bir ilkin amili seçib çıxartmaq çox çətin, bəzən isə qeyri-mümkündür. Çoxpilləli asılılıqlar olan real tarixi nümunələr nə qədər maraqlıdırsa, onu araşdırmaq bir o qədər həyəcanlı olacaq. Belə bir halı nəzərdən keçirək:
1960-cı ildə Peruda güclü iqtisadi artım müşahidə olunurdu ki, bu da yeganə təbii xammal olan Peru ançousunun (siyənəyə oxşar xırda balıq) kütləvi şəkildə tutulması ilə bağlı idi. Peru sahillərində (nisbətən də Çili) üzən balaca gümüşü balıq həmin dövrlərdə kütləvi şəkildə çıxarılırdı. Peru sahillərinə doğru hərəkət edən soyuq su axınları bu balığın çoxalması, artımı üçün çox gözəl şərait yaradır. Unikal yem bazası sayəsində yerli ançouslar yağlı idi, eləcə də amin turşusu, vitamin və digər son dərəcə faydalı maddələrlə zəngin idi. Maraqlıdır ki, bu qədər faydalı olmasına baxmayaraq, bu yaxınlara qədər insanlar bu balıqları çox da yemirdilər. Yalnız 2005-ci ildə Peruda ançousa olan beynəlxalq tələbi insanların birbaşa istehlakına yönəltmək qərarı alındı ki, bu da mağazalarda (əsasən də, Amerika) bu balığın satışının kifayət qədər artmasına səbəb oldu.
Düzdü, ABŞ-da hazır Peru ançousları “Peru sardinaları” adı altında satılır. Marketinq belə bir şeydir. Buna baxmayaraq, tutulan balıqların yalnız 1%-i soyuduculara daxil ola bilir. Bəs Peru ançousundan nə hazırlanır? O , XX əsrin iqtisadi tarixinə necə təsir göstərmişdir?
Milyonlarla ton balığı müasir bəşəriyyətin əsas xammal məhsullarından biri olan balıq ununa çevirmək üçün onlar bişirilir, qurudulur və üyüdülür. Alınmış un ilə digər daha “bahalı” balıqları, eləcə də quş, donuz və başqa heyvanları yemləyirlər, onlar da öz növbəsində insanlar üçün qida rolunu oynayır. Ançousdan alınan ikinci məhsul müasir dərmanlarda istifadə olunan balıq yağıdır (balıq piyi ilə səhv salmayın). Hazırda dünya üzrə balıq unu istehsalının üçdə bir hissəsi Peruya məxsusdur, onu Çin, ABŞ və Avropa ölkələrinə ixrac edir, eləcə də balıq piyi istehsalının isə dörddə bir hissəsi onu payına düşür.
Balıq bumu
Gəlin, keçmişə nəzər salaq. 1960-cı illərin sonlarında Peru balıq sənayesi dünya üzrə balıq ununun 40%-i, tutulan balıq miqdarının isə 18%-i istehsal edirdi. Bunların hamısı ümumi balıq ovunun 99%-i təşkil edən yerli ançous balığının hesabına idi. Belə iri həcmli istehsal ölkənin ixrac gəlirlərinin 25-30%-i təşkil edirdi, balıqçılıq isə lider ixrac sahəsi olaraq qalırdı (qızıl və mis hasilatı daha sonradan inkişaf etdi).
Ançous ovu özünün pik həddinə 1970 və 1971-ci illərdə çatmışdır, həmin illərdə dənizdən uyğun olaraq 10 və 12 mln ton balıq çıxarılmışdı. Halbuki alimlər illik icazə verilən maksimal həddi 7,5 mln ton hesab edirdilər (digər mənbələrə görə 9,5 mln ton): ideal təbii şəraitə baxmayaraq, iri miqyaslı ov zamanı balıqlar çoxala bilmirlər. “Yaşıl” oxuyucular isə ekoloji stabilliyi məhv edən “vəhşi kapitalizmi” ən kəskin sözlərlə tənqid edirdilər. 1968-ci ildə Peruda hərbi sosial xunta (İspaniyada və Latın Amerikası ölkələrində ictimai-siyasi təşkilat və birləşmələrin adı) hakimiyyəti ələ keçirdi. Bu vaxta qədər Peruda balıqçılıq donanmasının özəl sektor olmasına baxmayaraq balıq ovu valyutaya ehtiyac duyan hakimiyyət tərəfindən təsdiq edilirdi.
Böhran
Təbiət belə bir “təhqirə” dözmədi. 1972-ci ildə 15 il ərzində ilk dəfə Peru sahillərində “El-Nino” peyda oldu: isti sular soyuq su axınına doğru hərəkət etdilər və bir neçə ay ərzində ançousların yaşayış mühiti radikal olaraq dəyişdi. Balıqların çoxalmasına mənfi təsir göstərən insan amili və onun yaşayış şərtlərini dəyişdirən təbiət amili ançousa çox böyük zərbə endirdi. 1972-ci ildə balıqçıların məhsulu yalnız 4 mln, 1973-cü ildə isə 1,3 mln ton təşkil etmişdir.
Lakin bu da hələ son deyil. Işlərin yaxşı getmədiyini görən qırmızı-hərbi hakimiyyət 1972-1973-cü illərdə donanma və emal fabriklərini balans dəyəri ilə dövlət istiqrazlarına dəyişdirərək balıq sənayesini milliləşdirdi. Belə bir mübadilə yalnız ən qeyri-effektiv sahibkarlara sərf etdi, dövlət faktiki olaraq, onları müflisləşməkdən xilas etdi. Onlar dövlət qulluqçuları ilə birlikdə bu sektoru “idarə edərək”, qəzalı vəziyyəti daha da ağırlaşdırdılar. Hekayənin sonu məntiqə uyğun olaraq bitdi: elə ilk illərdəcə sektor dövlət ixracının başlıca gəlir mənbəyindən subsidiya alıcısına çevrildi. 1976-cı ildə dövlət artıq məhv olmuş balıq və emal təsərrüfatının özəlləşdirilməsini həyata keçirməyə məcbur oldu, sözün düzü, qırmızı-hərbi hakimiyyətlə qumar oynamaq istəyən çox az adam tapıldı. Təbii və sosial amillərin təsiri nəticəsində Peruda balıq ununun istehsalı 1980-ci illərin sonlarına qədər son dərəcə aşağı həddə qalmaqda davam edirdi.
Qiymət reaksiyası
1972-73-cü illərdə dünya üzrə emal edilmiş ançous tədarükünün ümumi həcmi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Daha əvvəl balıq unundan istifadə edən ABŞ-ın quşçuluq sənayesi yem çatışmazlığını kəskin şəkildə hiss etdi və onu daha bahalı soya unu ilə qarışdırmağa başladı. Məntiqi sonluq kimi soya paxlası və ondan hazırlanan soya ununun qiyməti qalxdı. Xammalın kəskin bahalaşması və onun satış həcminin aşağı düşməsi toyuq ətinin qiymətlərinin qalxması ilə nəticələndi: ABŞ-da çolpa əti 40% bahalaşdı. Bununla yanaşı təklifin aşağı düşməsi tələbin artımı ilə də müşayiət olunurdu: amerikanlar öz sağlamlıqlarının qeydinə daha çox qalaraq donuz və mal ətini toyuq əti ilə əvəz etdilər.
Bu zaman soya buğdadan baha oldu ki, bu da ikili nəticəyə gətirib çıxardı. Bir tərəfdən, amerikan fermerlər bunu görərək buğda istehsalını azaldaraq, soya istehsalını genişləndirdilər. Digər tərəfdən isə ət istehsalçıları istənilən növ taxılı istənilən qiymətə almağa məcbur olmuşdu. Dünya üzrə 1972-73-cü illərdə artan tələbə son dərəcə aşağı taxıl istehsalı düşürdü. Hələ bu bəs deyilmiş kimi taxıl bazarına Sovet İttifaqı çıxdı, onun kənd təsərrüfatında həyata keçirdiyi “son dərəcə uğurlu” siyasət hakimiyyəti məcbur etdi ki, heç olmasa əhalini doyuzdurmaq üçün buğdanı xaricdən alsın. Bütün bunlar digər hadisələrin fonunda (ABŞ-dan dolların qızıla bağlanmasından imtina etmə etməsi, Niksonun iqtisadi islahatları, 1974-cü ildə neft böhranı) baş verirdi və nəticə etibarilə müasir inkişaf etmiş dünya tarixində ilk dəfə olaraq staqflyasiya (iqtisadiyyatda staqnasiya şəraitində qiymətlərin daimi artımı) yarandı.
Guano happens
1972-ci ildə ançous fəlakəti daha bir neqativ hadisələr zəncirinə səbəb oldu ki, bu haqda çox da danışılmır. Balıqların sayının kəskin şəkildə azalması yalnız ançous balıqları ilə qidalanan dəniz quşlarının əhəmiyyətli dərəcədə məhvinə səbəb oldu. Kütləvi şəkildə balıq ovu nəticəsində onsuz da azalan dəniz quşlarının sayı daha da azalmağa başladı: ançousun sənaye məqsədi ilə ovu onunla qidalanan quşların sayını 17 milyondan 5 milyona saldı, lakin 1972-c ildə bu göstərici hətta bir neçə yüz minə qədər düşmüşdür. Sizə elə gələ bilər ki, quşların azalmasının bizə nə aidiyyəti var. Lakin qeyd etmək lazımdır ki, bütün bu quşlar “quano quşlar” adlanırlar, eləcə də bu quşlardan Perunun kənd təsərrüfatında kütləvi şəkildə istifadə olunan çox qiymətli quano gübrəsini almaq olur.
Quşların sayının bir neçə dəfə azalması uyğun olaraq, gübrə istehsalının da aşağı düşməsinə səbəb oldu, bu da öz növbəsində Peruda kənd təsərrüfatı məshduldarlığının azalması və bir çox fermerlərin müflis olması ilə nəticələndi.
Əlbəttə ki, əgər 1972-ci ildə Peru ançousunun istehsalı öz əvvəlki səviyyəsində qalsaydı dünya iqtisadi böhranı olmazdı, demək sadəlövhlük olardı: digər amillər son dərəcə əhəmiyyətli idi. Lakin daxili qarşılıqlı əlaqəni və dünya iqtisadiyyatının kövrəkliyini nəzərə alsaq, əminliklə deyə bilərik ki, ət sənayesi üçün qiymətli xammal mənbəyinin hasilatının tənəzzülü böyük domino zəncirinin çox kiçik də olsa bir hissəsi olmuşdur.