Gələn il yanvarın 14-də saat 11:00-da “Finex Group”a daxil olan iki şirkətin səhmdarlarının ümumi illik yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, söhbət “Finance Leasing” ASC və “Finex Credit” bank olmayan kredit təşkilatından (BOKT) gedir.
Yığıncaq şirkətlərin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 11 ünvanında baş tutacaq. İclasda onların cari maliyyə vəziyyəti, 2016-cı ilin maliyyə nəticələrinin təsdiqi, şirkətlərin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, “Finance Leasing” 2007-ci ilin may ayından fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 1,2 mln. manatdır. Şirkətin səhmləri 14 fiziki şəxsə, o cümlədən 19%-i Tokay Murad oğlu Şıxəlizadəyə, 13,1%-i Murğuz Elşən oğlu Tağıyevə, 12%-i Ramiz İbrahim oğlu İbrahimova, 12,7%-i Azad Malik oğlu Cavadova, 10%-i Mobil Famil oğlu Şərifova, 3,2%-i Azad Nəriman oğlu Cəbrayılova, qalan 30%-i isə digər 8 səhmdara məxsusdur.
“Finex Credit” ASC isə 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 0,5 mln. manatdır. BOKT-un səhmlərinin 88%-i “Finance Leasing”ə, qalan 12%-i isə iki fiziki şəxsə məxsusdur.