14 C
Baku
Sunday, November 24, 2024

İqtisadiyyatın hərbiləşdirilməsi nə ilə nəticələnir?

İqtisadiyyatın hərbiləşdirilməsi –milli təsərrüfatın əsaslı bir hissəsinin hərbi təyinatlı məhsul və xidmətlərin istehsalına yönəldilməsidir. Ötən əsrlərdə İH (İqtisadiyyatın hərbiləşdirilməsi) yalnız müharibə ərəfəsində və müharibə dövründə iri miqyas alırdı. İkinci dünya müharibəsindən sonra İH dünya inkişafının daima hərəkətdə olan bir tendensiyasına çevrildi.

Buna zəmin yaradan şərtlər isə “soyuq müharibə” və hərbi sənaye komplekslərinin diktə etdiyi maraqlar idi (bu ölkələrin hərbi və dövlət aparatı üçün lazım olan silah-sursatın bir hissəsini istehsal edən monopoliyaların ittifaqı), belə ki onlar məhz silahlanma yarışmasında qazanc əldə edirdilər.

Digər səbəblərdən biri isə bir sıra ölkələrin həyata keçirdiyi hərbi təcavüzlər idi. Nəticədə İH səbəbindən hər il dünyada hərbi xərclərə 1 trilyon dollara qədər vəsait sərf olunur. Mütəmadi silahlı qüvvələrdə demək olar ki, 25 milyon insan çalışır, hərbi elmə və digər bu kimi sahələrə əhəmiyyətli vəsaitlər sərf olunur. İH istehsal qüvvələrinin inkişafına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir, iqtisadiyyatdakı natarazlığı, inflyasiyanı daha da gücləndirir və işsizlər ordusunun sayını artırır.

İstənilən ölkə üçün döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordunun yaradılması, saxlanması böyük həcmdə vəsaitlər tələb edir. Azərbaycan da bu sırada istisna deyil. Ölkədə iqtisadi inkişaf gücləndikcə paralel şəkildə hərbi xərclər də artırıb. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi cəmi 135 milyon ABŞ dolları təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 3.3 milyard dolları keçmişdi. Azərbaycanın hərbi xərclərində artım dinamikası hər il davam edir və artıq 2010-cu ildə bu xərclər 2 milyard 150 milyon dollara çataraq Ermənistanın ümumi dövlət büdcəsinin xərclərini ötmüşdü.

Azərbaycanın hərbi xərclərində ən böyük artım isə 2011-ci ildə edilib. Həmin il üçün dövlət büdcəsində hərbi xərclər 2010-cu ilə nisbətən 90 faizə qədər artırılıb və 3.3 milyard dollara çatdırılıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİRRİ) dünya ölkələrinin hərbi büdcələri ilə bağlı 2012-ci il üçün açıqlanmış hesabatında da deyilirdi ki, 2008-ci ildən bəri dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycan olub: təxminən 60 faiz. (Müdafiə Sənayesi Nazirliyinə ayrılmış vəsaitlər bu hesabata daxil edilməyib). Qeyd edək ki, 2013-cü ilin dövlət büdcəsində müdafiə xərcləri 1 milyard. 528 milyon 582 min manat proqnozlaşdırılır. bu isə 2012-ci ilin proqnozundan 8,6 faiz çoxdur. 2012-ci ilin proqnozlarına əsasən bu göstərici 1 milyard 407 milyon 312 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər