1 C
Baku
Saturday, December 14, 2024

Marketinq büdcəsinin hesablanılması

Marketinq büdcəsi – bazar tədqiqatı (konyunktura, ortamüddətli və uzunmüddətli), informasiya əlaqəsi (reklam, yarmarka və sərgilərdə iştirak, satışın stimullaşdırılması və s.), satış şəbəkəsi və məhsulların hərəkətinin təşkili və s. sərf olunan pul xərcləridir. 

Marketinq büdcəsi illik gəlirdən asılıdır, daha doğrusu il ərzində planlaşdırılan dövriyyə əsasında müəyyən olunur. Marketinq büdcəsini təyin etməyin müxtəlif üsulları var, onlardan ən məşhurlarını nəzərdən keçirək.

Marketinq büdcəsini necə hesablamaq olar?

1. Gəlirdən faizin tutulması. Bu, ən geniş yayılmış üsullardan biridir və bir çox şirkətlər tərəfindən tətbiq olunur. Onun mahiyyəti marketinq xərclərinin təşkilatın ümumi gəlirinə əsasən hesablanmasından ibarətdir. Faizin dəqiq şəkildə müəyyən edilməsi mübahisəli xarakter daşıyır və həmişə individual olaraq təyin edilir. Bir qayda olaraq praktikada bu göstərici 10-12%-dən yuxarı olmur.

2. Xalis satış məbləğindən faizin tutulması. Hesablanma üsulu əvvəlkinə oxşardır, lakin əsas fərq ondan ibarətdir ki, bu halda xərclər ümumi gəlir deyil, xalis mənfəət əsasında hesablanır.

3. Şirkətin imkanları əsasında mümkün ola biləcək xərclərin maksimal məbləği. Əsasən kiçik biznesdə tətbiq olunur. İdeya ondan ibarətdir ki, xərclərin ödənilməsindən sonra yerdə qalan sərbəst resurslar yeni alıcıların cəlb edilməsinə və məhsulların irəlilədilməsinə istiqamətlənir.

4. Arzu olunan artıma oriyentasiya. Bu metod ondan ibarətdir ki, müəssisə müştərilərin sayını artırmağı planlaşdırır və hər müştərinin cəlb edilməsi üçün lazım olan məbləği hesablayır. Bu məlumatlara əsaslanaraq lazım olan müştəri sayının cəlb edilməsi dəyərini hesablamaq və əldə edilmiş göstəriciləri əsas götürərək xərcləri planlaşdırmaq olar.

5. Sahəyə oriyentasiya. Şirkətlərin əksəriyyəti marketinq xərclərinin səviyyəsini müəyyən etmək üçün sahə üzrə orta göstəricilərə əsaslanırlar. Informasiya mütəxəssislərin sahənin inkişaf perspektivləri və bazar tendensiyalarını müzakirə etdikləri seminarlar, dairəvi masalar və sahə assosiasiyaları əsasında əldə olunur.

6. Büdcədən imtina. Belə üsul kapital qoyuluşu olmayan marketinq adlanır. Boş vaxtların çox olduğu hallarda istifadə olunur. Şirkət büdcəni elə hesablayır ki, imkan daxilində mənfəət maksimal, kapital qoyuluşları isə minimal olur.

Son xəbərlər
Digər xəbərlər