6 C
Baku
Sunday, December 15, 2024

Xarizma anadan gəlmədir, ya sonradan qazanılan?

Liderliyə və ətrafdakı insanlara müsbət təsir bağışlamaqla yanaşı, həm də onları öz təsirləri altına salmağa çalışan insanları həmi bir sual maraqlandırır: Xarizma anadangəlmədir, Allah tərəfindən bəxş edilən, təbii, genetik bir amildir ya sonradan qazanılan və təcrübə sayəsində əldə edilən xüsusiyyətlər toplusudur?  

Bu suala bir az aydınlıq gətirməyə çalışacağıq.  Gəlin, xarizmanın nə olduğuna nəzər salaq. Xarizma nadir və qeyri adi şəxsi keyfiyyət və ya liderlik gücüdür, bu qabiliyyət öz sahibinə digər insanlara təsir etmək və onları ruhlandırmaq imkanı verir. Ağlıma bir sıra dünyəvi və dini liderlər gəlir: Qandi, Martin Lüter Kinq və Mustafa Kamal Atatürk, misal üçün. Şəxsi həyatımıza gəldikdə də, siz də, elə mən də tanıdığımız bir neçə xarizmatik təsir bağışlayan insanların adını çəkə bilərik. O, insanları ki, həyatın özündən daha müdrik görünür, maraqlı və cəzbedicidir, hamı belə insanları dinləməyi və onları izləməyi, onların arxasınca getməyi üstün tutur.

Bəs xarizmanı sonradan qazanmaq və inkişaf etdirmək mümkündürmü?

Əksər sosioloqlar hesab edir ki, hər bir fərddə dünyaya gəldiyi anda inkişaf etməmiş xarizma rüşeymləri olur və zaman ötdükcə genetik irsiyyətin və ətraf mühitin qarşılıqlı təsiri, yəni təbiət və tərbiyənin təması nəticəsində əlverişli mühitə düşdükdə bu rüşeym dəyişir və inkişaf edir. İnsanların xarakterik xüsusiyyətləri və xasiyyətlərinin səciyyəvi cəhətləri hər bir insanı unikal varlıq edən müstəsna keyfiyyətlərdir. Bəzi xarakterik xüsusiyyətlərə misal göstərək: ekstrovert (açıq), qapalı, yeni təcrübələrə açıqlıq, vicdanlı, emosional  stabil, mülayim, üzüyola, qətiyyətli, səbirli, nikbin, bədbin, təşəbbüskar, bol enerjili, az enerjili, ehtiyatlı, çılğın, cəzbedici, mehriban, məqsədyönlü, dözümlü, şən, ciddi – bu siyahı hələ çox-çox uzana bilər.

İnsanın səciyyəvi cizgiləri ənənəvi davranış, temperament və emosiya modelləri kimi özünü büruzə verir, zaman keçdikcə onlar daha da möhkəmlənir və stabil xarakter almağa başlayır. Bu zaman ərzində insan öz xarakterinin mənfi və müsbət cəhətləri üzərində işləyərək, onları idarə etməyi öyrənə bilər, məsələn o, bol enerjili olmağında hədəflərə çatmaq üçün yararlana bilər, ya da öz qəzəbinə nəzarət etməyi öyrənə bilər, insani xarakterlər sonradan öyrəniləsi (sonradan qazanılan) və kəskin üsullarla birdən-birə dəyişdirilən nüanslar deyil. Beləliklə bu qısa suala verə bildiyimiz uzun cavab belə səslənir ki, xarizma insanın məqsədyönlülük, cəzbedicilik, qətiyyətlilik, ünsiyyətcillik və s xarakterik xüsusiyyətlərinin kombinasiyası olub, sonradan qazanılma deyil. Əgər insanda xarizma yaradacaq həmin xüsusiyyətlərin nadir kombinasiyası varsa, onda o, həmin xarizmanı daha da inkişaf etdirmək məsələsi üzərində işləyə bilər. Əgər insanda xarizma yoxdursa onu inkişaf etdirmək olduqca çətin, əksər hallarda isə qeyri mümkündür.

Amma buna görə məyus olmada dəyməz. Xarizma ilə bağlı gətirdiyimiz izahata görə heç də həvəsdən düşməyin. Çox az insan, sözün əsl mənasında xarizmatikdir, yəni xarizmaya sahibdir və əslinə qalsa, yaxşı lider və ya rəhbər olmaq üçün xarizmaya sahib olmaq mütləq deyil. Karyerada uğur və irəliləyişə nail olmaq üçün çoxlu sayda digər zəruri fərdi keyfiyyətlər vardır: uğursuzluğa dözmək qabiliyyəti (məğlubiyyətlərə qarşı tolerantlıq), qərar vermə bacarığı, qətiyyətlilik, uzaqgörənlik, praktiklik, özünəinamlılıq, çalışqanlıq və s.

Əgər öz iş yerinizdə irəliləməkdə maraqlısınızsa, indi özünüzə nəzərə salaraq, öz zəif və güclü tərəflərinizi qiymətləndirməyinizin ən yaxşı məqamıdır.

Siz işinizdə o zaman xoşbəxt ola bilərsiniz ki, öz təklif etdikləriniz (sizin güclü tərəfləriniz) ilə işinizin sizdən tələb etdikləri arasında mükəmməl uyğunluq tapmağa müvəffəq olasınız. Uğurlu karyera yüksəlişinin təməli dörd vacib komponentin kombinasiyası üzərində dayanır: bacarıqlar, dəyərlər, maraqlar və şəxsi keyfiyyətlər. İnsanın təbiətindən və anadan gəlmə xarakterlərindən fərqli olaraq, bacarıqlar elə xüsusi qabiliyyətlərdir ki, onları məşq və təcrübə nəticəsində öyrənmək mümkün olur. Bəzi bacarıqlar, məsələn təşkiletmə ümumi xarakter daşıyır, onlara bir çox işlərdə üstünlük verilir, elə bacarıqlar da var ki, məhz müəyyən vəzifə və işlər üçün tələb olunur, spesifik və texniki xarakter daşıyır.

Dəyərlər isə sizin evdə və ya iş yerində şəxsi məmnunluq səviyyənizi və mənəvi aləminizi müəyyən edən faktorlara təsir edir. Buna nümunə olaraq, digərlərinə kömək etmə, rəqabət, təklikdə və ya digərləri ilə birlikdə işləməyə üstünlük vermək, özünü təsdiq, reputasiya, tanınma, ailə üçün vaxt ayırmağa duyduğunuz ehtiyac hissi və s nüansları qeyd etmək olar. Maraqlar isə elə fəaliyyət növü və ya məşğuliyyətlərdir ki, siz adətən onları etməkdən zövq alırsınız.

Öz bacarıq, dəyər, maraq və şəxsi keyfiyyətlərinizin inventarizasiyasını aparın. əgər çətinlik çəkirsinizsə, digər insanlardan da bu işdə sizə kömək olmağı xahiş edin. Çoxlu sayda nümunələr görmək üçün internetdə araşdırma apararaq, bacarıq, dəyər, maraq və şəxsi keyfiyyətlərə dair nümunələr göstərən siyahılar çıxarın.

Bacarıqlar – sizin adi insanlardan, əksəriyyətdən daha yaxşı şəkildə etdiyiniz bütün şeylər haqqında düşünün və bu bacarıqların siyahısını hazırlayın. Əgər istəsəniz, siz onları müxtəlif kateqoriyalar üzrə təsnif edə bilərsiniz. Özünüzü daha güclü hesab etdiyiniz və edərkən daha çox zövq aldığınız 10 ən yaxşı bacarığınızı müəyyən edin.

Dəyərlər – öz dəyərlərini tanıyın və onların siyahısını tərtib edin. Siz onları işgüzar dəyərlər və ailə/şəxsi dəyərlər olmaqla iki qrupa bölə bilərsiniz. Yenə də öz siyahınız ən vacib 10 dəyəri saxlamaqla ixtisar edin.

Maraqlar – öz şəxsi və peşəkar maraqlarınızı müəyyənləşdirin. Sizin maraqlarınız dəyər və bacarıqlarınız ilə üst-üstə düşürmü? Siyahıya həqiqətən də sizi ən çox maraqlandıran amilləri daxil edin.

Şəxsi keyfiyyətlər –bütün xarakterik xüsusiyyətlərinizi kağız üzərinə yazın. Həmçinin başa düşməyə çalışın ki, eyni bir xasiyyət situasiyadan asılı olaraq mənfi və ya müsbət kimi şərh oluna bilər. Bu siyahını özünü daha çox büruzə verən və vacib hesab etdiyiniz 10 xarakterik xüsusiyyətə qədər qısaldın.

Bu çalışma sizə özünüzü başa düşməyə, güclü tərəflərinizi və inkişaf etdirmək istədiyiniz sahələri başa düşməyə imkan verəcək, həmçinin öz müdirinizə nələri təklif etməli olduğunuz məsələ ilə bağlı sizə aydınlıq gətirəcəkdir.

Son xəbərlər
Digər xəbərlər