Azərbaycanda milli valyuta – manatın real effektiv məzənnəsi 2016-cı il noyabrın 1-nə 91,2 bəndə bərabər olub. Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi statistikasına istinadən xəbərə görə, avqust və sentyabr aylarında 87,0 olan real effektiv məzənnə yenidən yüksəlişə keçib.
Qeyd edək ki, real effektiv məzənnə – manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni, milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.
Real effektiv məzənnənin artması manatın dəyərinin ticarət tərəfdaşı olan ölkələrin valyutaları ilə müqayisədə bahalaşması deməkdir. Bu da oz növbəsində ölkədən ixracın zəifləməsi və idxalın daha ucuz qiymətə həyata keçirilməsinə gətirib çıxarır.
Aşağıdakı qrafikdə manatın 2000-ci ildən etibarən real effektiv məzənnəsi əks olunub. Göründüyü kimi 2008-ci ildən başlayaraq manatın real effektiv məzənnəsi möhkəmlənib. Məhz o zaman manatın məzənnəsinin ucuzlaşdırılması prosesinin başlanması zərurəti yaranıb ki, bu baş vermədiyindən daha sonra kəskin devalvasiyalar gündəmə gəlib. Hazırda isə yenidən real effektiv məzənnə artmağa başlayıb və bunun qarşısının alınması qaçılmazdır. Dünyada gedən valyuta müharibələri manatın ucuzlaşmasını zəruri edir. Dolların dünya valyuta bazarında hegemonluğu sürdükcə manat ucuzlaşmağa davam edəcək. Qrafikdən də göründüyü kimi, real effektiv məzənnə 2003-2005-ci illərdə 100 bəndindən aşağı olub. Məhz bu dövrdə neftin qiyməti indiki kimi 30-50 dolar/barelə bərabər olub. Buradan anlaşılan odur ki, manatın dollarla müqayisədə daha 20-25% ucuzlaşmasına ehtiyac var.
Reportunanalitik qrupu Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdən idxalını təhlil edib. Gömrük Komitəsinin rəsmi statistikasına görə, 2016-cı ilin ilk 11 ayında Azərbaycanın idxalında əsas ölkələr sırasında Rusiya 1,37 mlrd. ABŞ dolları ilə ilk sırada yer alıb. Türkiyə 1,07 mlrd. dollarla ikinci, Çin isə 636 mln. dollarla üçüncüdür. Avropa İttifaqı üzrə idxal ilk 11 ay ərzində 2,07 mlrd. dollar, dördüncü sırada olan B.Britaniyadan idxal isə 470 mln. dollar təşkil edib. Rusiya istisna olmaqla hər iki əsas ticarət tərəfdaşının valyutası və avro dollarla müqayisədə ucuzlaşıb. Belə ki, oktyabrda türk lirəsi dollarla müqayisədə 4%, Çin yuanı isə 1,8% ucuzlaşıb. Noyabr ayı ərzində isə lirə 12,6%, yuan isə 2,7% ucuzlaşma göstərib. Manatın məzənnəsinə gəldikdə isə oktyabrda dollarla müqayisədə 1,3%, noyabrda isə 5,7% ucuzlaşma qeydə alınıb. Oktyabr və noyabr aylarında avro dollarla müqayisədə 7%-dən çox zəifləyib. Britaniya funtunda isə oktyabr-noyabr aylarında ucuzlaşma 4% təşkil etsə də, “Brexit”in baş verdiyi 24 iyundan etibarən funt 20%-ə yaxın devalvasiya olunub. Göründüyü kimi, manat əsas ticarət tərəfdaşı olan ölkələrin valyutaları ilə müqayisədə önəmli dərəcədə baha qalıb.
Rubla gəldikdə isə, 2014-cü ildən etibarən rubl sərt şəkildə – 2 dəfə ucuzlaşma göstərib. Hazırda bu valyutada bir qədər normallaşma prosesi davam edir. Xatırladaq ki, rubl 1998-ci ilin maliyyə böhranından sonra 11 dəfəlik devalvasiyaya məruz qalıb. Bu zaman ərzində manat isə sabitliyini qoruyub.
Analitik qrup hesab edir ki, Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalarında ucuzlaşma davam etdikcə, manata təzyiqlər də artacaq. Belə ki, Azərbaycan əvvəlki kimi yüksək neft gəlirlərinə sahib deyil. Bu səbəbdən ölkədən valyuta axını ciddi problemlər yaradır. Gömrük statistikasına əsasən, Azərbaycanda idxalın 2016-cı ilin yekununda demək olar ki, keçən illərlə müqayisədə azalmadığı müşahidə olunur.
Qeyd edək ki, bugünkü rəsmi məzənnə 1,7575 AZN/USD-yə bərabərdir.