15 C
Baku
Sunday, November 24, 2024

Banka işə düzəlməyin şərtləri

Bank işi bir çoxlarına ideal görünür. Bank –böyük və ciddi bir təşkilatdır, burda işləmək şərəfli və nüfuzludur. Eyni zamanda bank işi pul ilə bağlıdır, düzdür bu pullar sizin özünüzə məxsus olmasa da və yad adamın pulları olsa da, yenə də böyük məbləğlərə yaxınlıq ideyası elə bir təəssürat yaradır ki, bank əməkdaşlarının hər biri kifayət qədər sanballı miqdarda pul qazanır. Amma əslində bu belə deyil. Buna rəğmən bankda işləyən adamların həmişə yaxşı karyera qurmaq, daha yüksəklərə irəliləmək, ciddi vəzifə tutmaq baxımından gözəl perspektivləri olur.  O zaman qazancının miqdarı insanının özünü belə təəccübləndirir. Bəs karyera pilləkənləri ilə belə ciddi şəkildə yüksəlmək üçün nə qədər vaxt tələb olunur, bunu heç kəs dəqiq sizə söyləyə bilməyəcək. Tamamı ilə mümkündür ki, yüksək iş tempinə və daimi gərginliyə tab gətirməyərək, elə insan elə ilk aydan sonra işdən çıxacaq. Belə hallar o qədər də tez-tez olmur, amma yenə də baş verir.

Amma həm də nəzərə alın ki, bu gün aktiv inkişaf edən və böyüməkdə olan bank  -qısa bir zamanda uğurlu karyera qurmaq üçün əla məkandır.

Bank sektorunda karyera qurmaq istəyən gənc əməkdaşlar üçün  məsləhətçi və ya əməliyyatçı vəzifəsi yaxşı başlanğıcdır. Kifayət qədər qısa müddət ərzində məhz bu vəzifədən başlayaraq uğurlu karyera quran insanların nümunələri üstünlük təşkil edir.

Bankda iş pullarla işləmək deməkdir, özü də bu pulların miqdarı kifayət qədər böyükdür, həm də bu insanlarla işləmək deməkdir. Yəni bankda işləmək böyük məsuliyyət altına girmək anlamına gəlir, bu zaman səhvləri tamamı ilə  və mütləq istisna etmək tələb olunur. Çünki hər bir səhv fəlakətə səbəb olmasa da, ən azındın ciddi fəsadlar ilə nəticələnəcək. Elə hallar məlumdur ki, bank səhvi nəticəsində insanın kart hesabına milyardlarla dollar pul köçürülüb. Bir qayada olaraq belə səhvləri yoluna qoymaq olur- amma bu, heç də həmişə mümkün deyil. Hər bir səhvin həm sözün məcazi həm də həqiqi mənasında  nə qədər baha başa gələcəyini nəzərə alaraq, banklar işçi heyətinin seçimi məsələsinə xüsusi diqqət ilə yanaşırlar.

Bankda işləmək üçün ali təhsilli olmaq tələb olunur, həmçinin müvafiq sahə ilə bağlı iş təcrübəsi olan namizədlərə üstünlük verilir. Amma bəzi inzibati vəzifələr var ki, bundan ötrü ali təhsil və ya iş təcrübəsi tələb olunmur. Həmçinin bir sıra vəzifələri vardır ki, bura daxil olmaq üçün ali məktəb məzunu olmaq kifayət edir. Sözün düzünə qalsa bu vəzifələr müvafiq ixtisas üzrə təhsilini başa vurmuş tələbələrin ilk iş təcrübəsi qazanması üçün başlanğıc nöqtəyə çevrilir, bu siyahıya bankda olan ən aşağı vəzifələri- menecer köməkçisi, service desk, call center (müştəri xidmətləri) operatoru, əməliyyatçı, kredit məsləhətçisi və s aid etmək olar. Beləliklə məzun burada gənc mütəxəssisə çevrilmək imkanı əldə edir, banklardakı karyeraların əksəriyyəti məhz belə bir sadə mövqedən başlayır. Əgər mütəxəssisin işi olduğu mövqedə müvəffəqiyyətli alınarsa, zaman keçdikcə onu iriləmək şansları kifayət qədər realdır, o vəzifəsinin artırılmasına ümid edə bilər.

Back-office əməkdaşları böyük miqdarda kağız-kuğuz və  sənədlər ilə iş görməli olurlar, ona görə də onlardan tələb olunan başlıca keyfiyyətlər –diqqətlilik, böyük həcmdə informasiya ilə işləmək qabiliyyəti, punktuallıq, sənədlərlə iş zamanı ehtiyatlı və səliqəli davranışdır.

Front-office -əməkdaşları isə bankın «simasıdır». Bir sıra müştərilər bankları məhz xidmət səviyyəsinin keyfiyyətinə görə seçirlər. Ona görə də bir-başa müştərilər ilə təmasda olan və onlar ilə işləyəcək mütəxəssislər üçün başlıca keyfiyyət- müştəri meylli olmaq, aktiv həyat mövqeyi, savadlı danışıq qabiliyyəti, əla ünsiyyət bacarıqları, təşəbbüskarlıq, xoşməramlılıq və punktuallıqdır.

Bu gün ən populyar vakansiyalardan biri olan “Kredit mütəxəssisi” vəzifəsinə qoyulan tələblərə nəzər salaq:

•    İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
•   Kiçik bizneslə iş sahəsində müvafiq təcrübə (bankdan asılı olaraq təcrübə tələb olunmaya da bilər. Məsələn Parabank adi satıcı təcübəsi olan gənclərə də seçim zamanı üstünlük verir);
•   Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; İngilis dilini bilənlərə üstünlük verilir;
•    Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
•    İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
•    Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
•    Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
•    Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
•    Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
•    İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.

Daima tələb olunan vəzifələrdən biri isə “Mühasib Köməkçisi”dir. Bu sahədə işləmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:

•    Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
•    Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
•    Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
•    Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır);
•    Əla kompüter bilikləri (Excell, Word və mühasibatlıq sistemlərini üzrə);
•    İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
•    Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
•    Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
•    Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
•    Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
•    İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;

Amma Azərbaycan reallıqlarında bəzən hətta əməliyyatçı işləmək üçün belə üç illik iş təcrübəsi tələb oluna bilər. Maraqlıdır ki, əgər kimsə üç il əməliyyatçı kimi çalışıbsa yəqin ki, yeni iş yerində daha yaxşı mövqedə olmaq istər, yəni karyera qurmaq baxımından da bu daha düzgün olardı. Üç illik iş təcrübəsi olan bir şəxs yenidən əməliyyatçı kimi niyə çalışsın ki? “Əməliyyatçı” vəzifəsinə olan tələblərə nəzər salaq.

• Ali təhsil (bank işi, maliyyə kredit və iqtisadiyyat)
• 3 il bank sahəsində iş təcrübəsi (təcrübə müddəti daxil olmaqla- “Bank of Azerbaijan” ASC)
• Ofis proqramları
• Azərbaycan, rus dillərini mükəmməl bilməli. (İngilis dilini bilmək arzuolunandır) • ARMB-nın əməlliyat işi ilə bağlı təlimatlarını bilməli
• Kollektivlə ünsiyyət qurmaq bacarığına sahib olmalı;
• Korporativ davranış normalarını;
• İşinə məsuliyyətli yanaşma

Hər yerdə olduğu kimi Azərbaycan banklarında da dostların, tanışların sizi tövsiyə etməsinin əhəmiyyəti yüksəkdir. Bu bir tərəfdən sizin yaxşı işçi olduğunuzu bir daha sübut edir , ikincisi, məsuliyyəti sizi tövsiyə edən insanın üzərinə ötürür.

Bankda işləmək həqiqətən çətindir, amma deyəsən ora işə düzəlmək bundan da çətin məsələdir. Yüksək ali təhsil, xoş zahiri görünüş, yüksək intellekt səviyyəsi və stressə davamlılıq-bəzən bu keyfiyyətlər bank işçisi olmaq arzusunda olan gənclərə kifayət etmir.

Məsələni bir az da araşdırdıq, xoşbəxtlikdən ölkəmizdə fərqli kadr siyasəti yeridən banklar da vardır. Bu barədə AccessBank-ın HR menecerinə bir neçə sual verdik.

İşə qəbul zamanı təcrübəsi olmayan namizədlərin cv-lərinə nə dərəcədə baxılır?

AccessBank-ın işçi qəbulu siyasətinə uyğun olaraq, bizə daxil olan bütün CV-ləri nəzərdən keçiririk. İşə qəbul zamanı, bizim üçün namizədin əvvəlki iş təcrübəsi üstünlük təşkil etmir. Bundan əlavə, biz bütün universitet məzunlarına AccessBank-da işə başlamaq və karyera qurmaq imkanı yaradırıq. Əsas tələbimiz ali təhsil, zəhmətkeşlik, məsuliyyətlilik və daim özünü inkişaf etdirmək həvəsidir.

AccessBank tələbələrə staj keçmə imkanları yaradırmı və bu dövrü uğurla keçənləri tam ştata işə götürürmü? Xahiş edirik bu proqramlara müraciət haqqında danışasınız – yəni adi tələbə bura necə qəbul oluna bilər?

AccessBank müxtəlif ali məktəblərin tələbələrini təcrübə keçmək üçün qəbul edir. Təcrübə keçmək üçün tələbələr bizə universitetdən göndəriş ilə müraciət edirlər və bank öz növbəsində onları müəyyən dövrə filiala göndərir. İşə qəbul hamı üçün standart proseduralar həyata keçirilir və bizdə təcrübə keçən tələbələr də hamı ilə birgə işə qəbulda iştirak edə bilərlər

AccessBank üçün prioritet namizədlər kimlərdir?

AccessBank-ın üstünlük verdiyi namizədlər – bacarıqlı, daim özünü inkişaf etdirməyə çalışan və səylə işləmək arzusu olan universitet məzunlardır.

Namizədlərin təhlükəsizlik xidmətləri tərəfindən yoxlanması

Kredit təşkilatlarını gələcək əməkdaş qismində fəaliyyət göstərəcək şəxsin sırf peşəkar keyfiyyətləri ilə yanaşı, həm  də onun reputasiyası maraqlandırır, axı banklarda da fırıldaq və saxtakarlıq halları baş verir. Əməkdaşın dürüstlüyü bank üçün çox əhəmiyyətlidir.

Təəccüblü deyil ki, iş görüşməsindən uzun müddət sonra da onun nəticəsi barədə məlumat açıqlanmır, belə ki, hətta namizəd bütün parametrlər ilə uyğun gəlsə də onu həm də təhlükəsizlik xidməti orqanları da yoxlamadan keçirməlidir. Bu yoxlama isə xeyli müddətə uzana bilər.

Bankların təhlükəsizlik xidmətləri namizəd barədə bütün mümkün informasiyanı axtaracaq, hətta namizəd bunu gizlətməyə çalışsa belə, bu məlumatlara kredit tarixçəsindən tutmuş, yol hərəkəti qaydalarını pozmağa qədər istənilən bir informasiya aid ola bilər. Hətta uzun illər əvvəl, yeniyetməlik vaxtı yol verilmiş xırda bir nöqsan  bankın verdiyi qərara təsir edə bilər. Bank namizədə rədd cavabı verdikdə, adətən ona bunun səbəbi ilə bağlı heç bir informasiya açıqlanmır. Amma əgər öz peşəkarlıq səviyyənizin müraciət etdiyinin vakansiya üçün tam uyğunluğuna və hətta daha artıq olduğuna əminsinizsə, onda demək səbəbi başqa nüansda axtarmaq lazımdır. Məsələn kredit tarixçəsi pis olan, qəsdən, bil-bilə ödənişləri gecikdirən namizəd çətin ki, bankın marağına səbəb olsun. Çünki öz kreditini vaxtında qaytara bilməyən insan çətin ki, başqasının kredit almaq haqqında müraciətini düzgün qiymətləndirə bilsin. Düzdür siz başqa məntiqdən çıxış edib deyə bilərsiniz, ən yaxşı xəfiyyələr (dedektivlər) keçmişi cinayətkar olmuş insanlardır. Amma kredit təşkilatları adətən başqa cür düşünürlər.

Son xəbərlər
Digər xəbərlər