11 C
Baku
Monday, November 25, 2024

Strateji Yol Xəritəsi: Milli iqtisadiyyatın inkişafında yeni dönəm

XX əsrin sonları və yeni yüzilliyin əvvəllərində dünyanın siyasi ab-havasını dəyişdirən qlobal transformasiyalar ölkələrin iqtisadiyyatlarında da öz təsirini göstərməkdədir. Tərəqqi, durğunluq və tənəzzül fazalarının əvvəllər olduğu kimi ayrıca götürülmüş ölkələrdə deyil, məhz qlobal miqyasda bütün ölkələrdə demək olar ki, eyni zamanda müşahidə olunması da məhz müasir dövrümüzün təzahürlərindən biridir. Hazırda, qloballaşma şəraitində milli iqtisadiyyatların kənar təsirlərə qarşı həssaslığının artdığı bir vaxtda iqtisadi inkişaf proseslərinə təsir göstərən qlobal siyasi, iqtisadi faktorların da sayı ciddi şəkildə artmışdır. Bu baxımdan, iqtisadi inkişaf prosesinin hansı mərhələsində olmasından asılı olmayaraq bütün ölkələrin bu və ya  digər dərəcədə qlobal böhranın təsirlərinə və onun doğurduğu fəsadlara məruz qalması qaçılmazdır. Xüsusilə keçid dövrünü yaşayan ölkələrdə düzgün strateji baxışın, dayanıqlı inkişafı hədəfləyən proqram və layihələrin olmaması iqtisadi durğunluğu dərinləşdirərək tənəzzül fazasına keçidi sürətləndirir. Hazırda milli dövlətlərin üzləşdiyi əsas çağırış iqtisadi proseslər zəncirində neqativ meyllərin qarşısının alınmasına yönəlmiş islahat tədbirlərinin zamanında və səmərəli şəkildə həyata keçirilməsidir. Belə bir şəraitdə iqtisadiyyatın  təməlinin sağlamlaşdırılması güclü siyasi iradəyə və dərin iqtisadi təhlillərə əsaslanan strateji baxışın olmasını zəruri edir.

Milli inkişafın bütün istiqamətlərində önəmli uğurlara imza atmış, XXI əsrin onuncu illərində iqtisadiyyatın artım səviyyəsinə görə dünya öncülü olmuş Azərbaycan zamanın iqtisadi gerçəkliklərinə hər zaman çevik münasibəti ilə fərqlənib. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz də dərin siyasi-iqtisadi transformasiya şəraitində böhranlı mərhələlər yaşayıb. Düşmən təcavüzü, ölkədəki qeyri-müəyyən siyasi durum Azərbaycanın milli maraqlarına birbaşa təhdid formalaşdırmaqla yanaşı, ölkə iqtisadiyyatını da iflic vəziyyətə salmışdı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra qısa zaman ərzində bərqərar edilmiş siyasi sabitlik iqtisadi institutların da normal fəaliyyətinə şərait yaradaraq bazar iqtisadiyyatına keçidi sürətləndirdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan dünyanın enerji xəritəsində əhəmiyyətli mövqe qazandı. Beləliklə, iqtisadiyyatda müşahidə olunan tənəzzül meylləri qısa zamanda dinamik iqtisadi inkişaf tendensiyası ilə əvəzləndi.

Son 10 ildə sosial-iqtisadi-maliyyə infrastrukturunun modernləşdirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı dayanıqlı yüksəlişə nail olmuş, ölkənin strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artmışdır. 2004-2015-ci illər ərzində ölkədə orta hesabla 10,6 faiz illik iqtisadi artım müşahidə edilmiş, ÜDM-in həcmi isə 7,6 dəfə artmışdır. Eyni zamanda, həmin dövr ərzində adambaşına ÜDM-in həcmində 6,5 dəfə artım olmuşdur ki, bu da Azərbaycanı dünya ölkələri arasında 134-cü yerdən 79-cu yerə yüksəlməsinə səbəb olmuşdur. Beynəlxalq reytinq agentlikləri və təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilmiş iqtisadi islahatlara və mövcud iqtisadi mühitə yüksək qiymət verilmişdir. Dünya Bankının “Doing Business” hesabatına əsasən Azərbaycan 2009-cu ildə dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilmişdir.  Neft strategiyasının uğurlu tətbiqi nəticəsində əhalinin rifah səviyyəsi yüksəlmiş, iqtisadiyyata kapital qoyuluşu dəfələrlə artmış, makroiqtisadi sabitliyə nail olunmuşdur. Bu baxımdan, Azərbaycanın bu günədək keçdiyi sosial-iqtisadi inkişaf yolunu kifayət qədər uğurlu hesab etmək olar.

Lakin 2014-cü ilin ortalarından başlayaraq dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərində kəskin eniş, xarici ticarət tərəfdaşı olan ölkələrdə iqtisadi böhran və maliyyə böhranları Azərbaycana da mənfi təsirlərini göstərdi. Ölkəyə valyuta axını nəzərə çarpacaq dərəcədə azaldı, nəticədə ölkənin idxal-ixrac balansında ciddi fərq yarandı. Son illərdə müşahidə olunan davamlı iqtisadi artımın sürəti yavaşıdı və beləliklə, ölkəmizdə yeni iqtisadi modelə keçid zərurəti gündəmə gəldi. Belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən yeni iqtisadi strategiyanın hazırlanmasına və müvafiq institusional islahatların keçirilməsinə dair təşəbbüs irəli sürülüb.

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına əsasən milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə bütövlükdə 12 strateji yol xəritəsi hazırlanıb. Strateji yol xəritələrinin layihələri hazırlanarkən maraqlı tərəflərin, vətəndaş cəmiyyəti institutlarının rəy və təklifləri də nəzərə alınmışdır ki, bu da prioritet sahələrə geniş baxış bucağından yanaşmaq üçün əlverişli şərait yaratmışdır. Strateji yol xəritələrinin icrasında başlıca məqsəd Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın artırılmasının təmin edilməsindən ibarətdir. Nəzərdə tutulan layihələr neft-qaz, kənd təsərrüfatı, istehlak malları istehsalı, ağır sənaye və maşınqayırma, ixtisaslaşmış turizm, logistika və ticarət, əhalinin uyğun qiymətə mənzil təminatı, peşə təlimləri, maliyyə xidmətləri, telekommunikasiya və kommunal xidmətlər sahələrini əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsi” sözügedən istiqamətlər üzrə strateji məqsəd və hədəfləri, nəzərdə tutulan tədbirlərin qiymətləndirmə və maliyyələşdirmə mexanizmlərini müəyyən edir.

Strateji Yol Xəritəsində dayanıqlı iqtisadi inkişafa nail olunması üçün 4 əsas strateji hədəf  müəyyən edilmişdir:

1) Fiskal dayanıqlığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi;

2) Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi;

3) İnsan kapitalının inkişaf etdirilməsi;

4) Əlverişli biznes mühitinin inkişafı.

Qeyd olunan 4 strateji hədəfin icrası milli iqtisadiyyatın dayaqlarını möhkəmləndirərək onun şaxələnməsinə, şəffaf idarəetmə və nəzarət sisteminin qurulmasına imkan yaradacaqdır.

Şübhəsiz, müasir iqtisadi modellərdə maliyyə sabitliyinin təmin edilməsi uzunmüddətli inkişafın və ölkənin investisiya cəlbediciliyinin başlıca şərtidir. Bu baxımdan, büdcə-pul siyasətinin düzgün çərçivəsinin və effektiv icra mexanizminin formalaşdırılması xüsusilə önəmlidir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra böyük özəlləşdirmə proqramının icrası ölkə iqtisadiyyatının təkamülündə və özəl sahibkarlığın inkişafında əvəzsiz rol oynamışdı. Bu günkü mərhələdə də özəlləşdirmə ilə bağlı kompleks tədbirlərin ikinci strateji hədəf kimi müəyyən olunması ölkə iqtisadiyyatında özəl investisiyanın çəkisinin daha da artırılmasına şərait yaradacaqdır.

Dəyəryaratma prinsipi ilə idarə olunan iqtisadi modeli İKT  imkanlarından istifadə bacarığına malik, peşəkar və dərin ixtisaslı mütəxəssislər olmadan təsəvvür etmək mümkün deyil. Bu səbəbdən, insan kapitalının inkişaf etdirilməsinin də strateji hədəflərdən biri kimi müəyyənləşdirilməsi olduqca vacibdir.

Ölkəyə sərmayə yatırımını kütləviləşdirməyin, investisiya cəlbediciliyinin artırılmasının başlıca şərti isə biznes mühitinin təkmilləşdirilməsidir. Strateji hədəflərdən biri olaraq müəyyən olunan əlverişli biznes mühitinin inkişafı ölkəmizə investor inamını yüksəltməklə iqtisadiyyata sərmayə qoyuluşu imkanlarını daha da genişləndirəcəkdir.

Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq iqtisadi təşkilatlar yaxın illər ərzində Azərbaycan iqtisadiyyatının illik 2-3 faiz artacağını proqnozlaşdırır. Bu səviyyə, əslində, dünya ölkələri üçün sabit inkişafın təminatlı vəziyyətidir. Lakin Strateji Yol Xəritəsində əksini tapan məqsəd və hədəflərə çatmaqdan ötrü ölkəmizin böyük potensialı olduğunu nəzərə alsaq onun daha yüksək iqtisadi artıma nail olmaq imkanlarını da istisna etmək olmaz. Bunun üçün ölkəmizin bütün potensial imkanlarını hərəkətə gətirmək lazımdır. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, ixrac yönümlü və özəl investisiya əsaslı iqtisadi modelin formalaşdırılması həmin imkanlardan hansı səviyyədə istifadə olunacağından asılıdır. Beləliklə, iqtisadiyyat və idarəetmədə sistem xarakterli islahatların həyata keçirilməsi ilə 12 istiqamət üzrə hazırlanmış strateji yol xəritələrinin uğurlu icrası nəticəsində Azərbaycan növbəti illər ərzində proqnozlaşdırılan göstəricilərdən daha yüksək iqtisadi inkişaf tempinə nail ola bilər.

Beynəlxalq Konsaltinq Şirkəti PWC-nin proqnozuna əsasən dünya iqtisadiyyatı 2014-2050-ci illər arasında  hər il orta hesabla 3 faiz artım nümayiş etdirərək bütövlükdə 3 dəfəyədək böyüyəcək. Proqnoza əsasən, 2030-cu ilədək hazırda böyük 20-liyə daxil olan İndoneziya və Meksika iqtisadiyyatları Böyük Britaniya və Fransanı ötəcək. Göründüyü kimi, qlobal arenada iqtisadi-maliyyə güc mərkəzlərinin ciddi yerdəyişməyə məruz qalacağı gözlənilir. Bu baxımdan, Azərbaycan kimi inkişaf etməkdə olan dövlətlərin də öz xarici ticarət strategiyasını qlobal iqtisadi məkanda baş verən dəyişikliklərə uyğunlaşdırmasına, xarici ticarətdə tərəfdaş dövlətlərlə yeni ticari əməkdaşlıq modellərinin yaradılmasına ehtiyac vardır. Strateji Yol Xəritəsində tərəfdaş dövlətlərlə azad ticarət sazişlərinin bağlanması nəzərdə tutulmuşdur ki, bu da ixrac fəaliyyətinin stimullaşdırılmasına və beynəlxalq ticarətd Azərbaycanın fəallığının artmasına öz töhfəsini verəcəkdir.

Ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqe onun geoiqtisadi baxımdan tranzit əhəmiyyətini xeyli artırır. Bu da Şərq – Qərb və Şimal – Cənub istiqamətlərində mal və əmtəələrin daşınmasında Azərbaycanın açar ölkə kimi geostrateji mövqeyini gücləndirməklə bərabər, ölkədə istehsal olunan məhsul və xidmətlərin də dünya bazarlarına çıxarılması üçün əlavə imkanlar yaradır. Avropa, Rusiya, İran, Hindistan və Mərkəzi Asiyanı birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizi, böyük “İpək Yolu” layihəsinin gerçəkləşməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Azərbaycanın rəqabət qabiliyyətli və dünya standartlarına cavab verən sənaye, kənd təsərrüfatı məhsullarının ixracına stimul verəcəkdir. Bu isə eyni zamanda ölkəmizə birbaşa xarici investisiyaların cəlb edilməsinə, ölkə iqtisadiyyatının diversifikasiyasına əlverişli şərait yaradacaqdır.

Strateji Yol Xəritəsində qeyd olunduğu kimi, son dövrlərdə qlobal sərmayə yatırımında hədəf ölkələr kimi inkişaf etməkdə olan dövlətlərin payı əhəmiyyətli dərəcədə artmışdır. Xüsusilə Cənub-Şərqi Asiya regionunda yerləşən bir sıra dövlətlər investisiyaların cəlb edilməsi baxımından yaxşı nəticələr əldə etmişlər. Belə bir şəraitdə Azərbaycanın da qlobal investisiya axınının hədəf nöqtəsi olması üçün zəruri addımların atılması tələb olunur. Bu məqsədlə Strateji Yol Xəritəsində ölkəmizin investisiya cəlbediciliyinin artması üçün biznes mühitinin təkmilləşdirilməsi və özəl sahibkarlığın stimullaşdırılması istiqamətində vacib tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Strateji Yol Xəritəsində diqqət çəkən əsas məqam strateji məqsəd və hədəflərə çatmaq üçün aydın zaman çərçivəsinin müəyyənləşdirilməsidir. Belə ki, Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə edir. Bu yanaşma dayanıqlı inkişafı hədəfləyən strateji sənədin uğurlu icrası üçün çox vacibdir. Milli iqtisadiyyatların qlobal iqtisadi-ticari məkana inteqrasiyasının sürətləndiyi bir zamanda proqnozlaşdırıla bilməyən risklərin mövcudluğu belə bir yanaşmanı zəruri edir. Bu baxımdan, Strateji Yol Xəritəsində nəzərdə tutulmuş başlıca istiqamətlərin icrası üzrə tədbirlər planının 2020-ci ilə qədərki dövrü mövcud reallıqlar və qlobal çağırışlar nəzər alınmaqla səmərəli icra mexanizminin formalaşdırılmasını özündə ehtiva edir. Sözügedən sənəddə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün isə hədəf baxış təsbit edilmişdir ki, həmin dövrlər üzrə hansı tədbirlər paketinin müəyyənləşdirilməsi Azərbaycan iqtisadiyyatının yaxın illərdə nümayiş etdirəcəyi inkişaf göstəricilərindən, qlobal iqtisadi-maliyyə mühitində baş verən dəyişikliklərdən asılı olacaqdır.

2020-ci ilədək icrası nəzərdə tutulan əhatəli tədbirlər planı – ölkə iqtisadiyyatının enerji daşıyıcılarından asılılığının minimuma endirilməsini, iqtisadi şaxələnməni və dünya iqtisadiyyatına inteqrasiyanı prioritet məqsədlər kimi müəyyənləşdirmişdir. Bir-biri ilə zəncirvari şəkildə bağlı olan həmin tədbirlər ölkə iqtisadiyyatının kompleks şəkildə yenidən strukturlaşmasını təmin etməlidir. Əmək qabiliyyətli əhalinin kütləvi şəkildə bu prosesə cəlb edilməsinin əhəmiyyətli müsbət nəticələri olacaqdır. İqtisadiyyatın şaxələndirilməsi mal və xidmət sektorunda dəyəryaratma prosesini sürətləndirərək ölkədə sosial rifahın güclənməsinə şərait yaradacaqdır. Eyni zamanda, ixtisaslaşmış və peşəkar əməyə artan tələbat iqtisadiyyatın sektoral bölgüsündə sağlam rəqabəti və peşəkarlığı artıracaqdır. Bununla yanaşı, Strateji Yol Xəritəsində vurğulandığı kimi, nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində yeni iş yerlərinin yaradılması ilə bərabər, mənzil təminatının yaxşılaşdırılması, müasir tələblərə uyğun təhsil və səhiyyə xidmətlərinin göstərilməsini nəzərdə tutan sosial sistemin inkişafı, kommunal xidmətlərin təkmilləşdirilməsi və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya keçidin təmin edilməsi yolu ilə yoxsulluğun azaldılması təmin ediləcəkdir.

Strateji Yol Xəritəsində 2025-ci ilədək müəyyənləşdirilmiş uzunmüddətli baxış dayanıqlı inkişaf yoluna qədəm qoymuş ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin daha da gücləndirilməsini hədəfləyir. Bu hədəfə nail olunması ölkədə azad rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatda özəl sektorun payının artırılması və investisiya cəlbediciliyinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan son dövrlərə qədər makroiqtisadi mühitə görə dünyanın aparıcı maliyyə institutları tərəfindən ən sabit ölkələrdən biri kimi qiymətləndirilmişdir. Lakin neft qiymətlərində kəskin enişin yaşanması ölkəmizin makroiqtisadi sabitliyinə təhlükə yaradır. Bu baxımdan, ortamüddətli hədəfdə yenidən makroiqtisadi sabitliyə nail olmaq qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsinin başlıca şərtlərindən biridir.

Ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasını və insan inkişafı indeksinin daha yüksək həddə çatdırılmasını təmin edən güclü, çoxşaxəli inklüziv iqtisadiyyatın bərqərar edilməsi Strateji Yol Xəritəsində 2025-ci ildən sonrakı hədəf baxış kimi müəyyən edilmişdir. Ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi və insan kapitalının inkişaf etdirilməsi uzunmüddətli hədəflərin əsas komponentləri kimi öz əksini tapır. Bu faktor bir daha onu göstərir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı və onun təminatlı gələcəyi dayanır.

Dünya İqtisadi Forumunun hazırladığı 2015-ci il İnsan Kapitalı İndeksinə  əsasən, Azərbaycan 124 ölkə sırasında 63-cü yerdə qərarlaşıb. Region ölkələri ilə müqayisədə bu, kifayət qədər yüksək göstəricidir. Lakin innovativ, elm və biliyə əsaslanan iqtisadiyyat insan inkişafının hər zaman gündəlikdə prioritet məsələ kimi saxlanılmasını tələb edir. Bu baxımdan, Strateji Yol Xəritəsində əksini tapan dərin ixtisaslaşma,  təhsil – tədqiqat – innovasiya triadasına əsaslanan mükəmməl təhsil sisteminin qurulması xüsusi əhəmiyyətli hədəf olaraq Azərbaycanda insan kapitalının inkişafını yeni mərhələyə yüksəldəcəkdir.

Sağlam iqtisadi-maliyyə sisteminə malik olan dövlətlərin təcrübəsinə nəzər saldıqda, həmin dövlətlərin iqtisadi proseslərdə həlledici iştirakçı olmaqdan daha çox, təşviqedici və tənzimləyici funksiyaları yerinə yetirdikləri nəzərə çarpır. Bu baxımdan, Strateji Yol Xəritəsində iqtisadiyyatda dövlət sahibkarlığının azaldılması, bütövlükdə dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılmasına dair kompleks tədbirlər nəzərdə tutulması xüsusilə əhəmiyyətlidir. Bu gün iqtisadiyyatda dövlətin tənzimləyici rolunun qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinə böyük ehtiyac var. Əslində dövlət institutlarının başlıca vəzifəsi makroiqtisadi sabitliyi təmin etməkdən, hüquqi bazanı möhkəmləndirməkdən, mülkiyyət hüquqlarının qorunduğu əlverişli biznes mühitini formalaşdırmaqdan ibarət olmalıdır. Bu istiqamətdə islahatların həyata keçirilməsi ölkəmizin beynəlxalq miqyasda investisiya cəlbediciliyini artıra və  qlobal iqtisadi-maliyyə məkanına səmərəli inteqrasiyanı daha da sürətləndirə bilər.

Beynəlxalq təcrübəyə və digər dövlətlərin oxşar məzmunlu inkişaf sənədlərinə nəzər saldıqda, Strateji Yol Xəritəsində müəyyən olunmuş hədəflərin mövcud çağırışlarla tam uyğunluq təşkil etdiyini söyləmək mümkündür. Məsələn, “Qazaxıstan – 2050 Strategiyası” yüksək sosial rifahın təmin edildiyi, əlverişli investisiya mühitinin yaradıldığı rəqabətqabiliyyətli iqtisadiyyatın qurulmasını əsas hədəf kimi müəyyənləşdirir. “2020-ci ilə qədər Rusiya Federasiyasının uzunmüddətli sosial-iqtisadi inkişafına dair” Konsepsiyasında insan kapitalının inkişaf etdirilməsi, makroiqtisadi sabitliyin təmin edilməsi, xarici ticarətin liberallaşdırılması kimi kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dünyanın uğurlu iqtisadi modellərindən birinə sahib olan Malayziyanın “2016-2020-ci illər üzrə iqtisadi inkişaf planı” əhalinin yaşayış səviyyəsinin yüksəldilməsini, yüksək insan inkişafını, iqtisadi tərəqqi üçün infrastrukturun gücləndirilməsini başlıca məqsədlər kimi müəyyən edir. Oxşar hədəflər Norveç hökumətinin “Davamlı inkişaf üzrə Strategiya”sında da öz əksini tapmışdır. Müqayisədən də göründüyü kimi, qeyd olunan sənədlərdə nəzərdə tutulan tədbirlərin, demək olar ki, hamısı daha əhatəli və sistemli şəkildə Azərbaycan Prezidentinin irəli sürdüyü Strateji Yol Xəritəsində də əks olunmuşdur. Lakin bu heç də, Yol Xəritəsində müəyyənləşdirilən hədəflərin və həyata keçiriləcək tədbirlərin beynəlxalq praktikanı istisnasız təkrarladığı anlamına gəlmir. Əksinə, həmin təcrübədən yararlanaraq Azərbaycan Respublikasının malik olduğu spesifik iqtisadi-coğrafi və s. şərtlər nəzərə alınmaqla hazırlanmış kompleks islahatlar paketi ölkəmizin özünəməxsus inkişaf yolunu, dövlətin hazırki dövrdə və yaxın gələcəkdəki tarixi missiyasını müəyyənləşdirir.

Göründüyü kimi, ölkə başçısı tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsi” və müvafiq sektorlar üzrə diferensial strateji yol xəritələri ölkə iqtisadiyyatının keyfiyyətcə yeni dönəmə keçidini şərtləndirir. Belə bir cəsarətli iqtisadi tərəqqi planının uğurlu icrası, təbii ki, təkcə dövlət qurumlarının fəaliyyətindən asılı deyil. Bütün real imkanları nəzərə alan bu konseptual və praqmatik layihənin həyata keçirilməsi – Azərbaycan milli iqtisadiyyatının inkişafı ilə yanaşı, həm də ölkə həyatının bütün sahələrində tərəqqini təmin edəcəyinə, dövlətimizi beynəlxalq arenada daha da gücləndirəcəyinə görə mühüm strateji əhəmiyyətə malikdir. Buna görə də Strateji yol xəritələrində əks olunmuş kompleks tədbirlərin icrasında dövlət qurumları ilə yanaşı sadə insanlardan tutmuş vətəndaş cəmiyyəti institutlarına qədər bütün maraqlı tərəflərin yaxından iştirakı və dəstəyi zəruridir.

Cavanşir Feyziyev,
Milli Məclisin deputatı,
Fəlsəfə doktoru

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər