Nazirlər Kabineti Maliyyə Sabitliyi Şurasının fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılmasına dair təklifləri üç ay müddətində dövlət başçısına təqdim etməlidir.
Bu fərman ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi məqsədilə Maliyyə Sabitliyi Şurasının fəaliyyətinin təkmilləşdirilməsi və qəbul etdiyi qərarların effektiv icra mexanizmlərinin yaradılması ilə bağlı qəbul olunub.
Həmçinin, dövlət borcunun idarə olunması üzrə orta və uzunmüddətli strategiyanın layihəsi 6 aya hazırlanaraq dövlət başçısına təqdim olunmalıdır.
Maliyyə Nazirliyinə tapşırılıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqələndirməklə, Azərbaycan Beynəlxalq Bankı və Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitallarının tələb olunan məbləğdə artırılmasını həyata keçirsin.
“Dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin və müəssisələrin dövlət zəmanəti ilə Mərkəzi Bankdan cəlb etdikləri kreditlərin dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı, Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaiti, çatışmayan hissəsinin isə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna uyğun olaraq Mərkəzi Bankın 2015-ci ilin nəticələrinə görə reallaşdırılmış mənfəətinin dövlət büdcəsinə köçürülməli olan sərbəst qalığı hesabına bağlanmasını təmin etsin və bu zaman qeyd olunan kreditlər üzrə tələb hüquqları Maliyyə Nazirliyinə ötürülsün”, – deyə sənəddə qeyd olunub.
Həmçinin, Əmlak Məsələləri Dövlət Komitəsinə 2017-ci il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi ilə bağlı özəlləşdirmədən daxilolmalar üzrə nəzərdə tutulmuş proqnozun tam məbləğdə büdcəyə təmin edilməsi üçün təsirli tədbirlər görmək tapşırılıb.