“Azərbaycanda idxalla ixrac arasındakı fərq 5 milyard manatdır. Bu da çox böyük rəqəmdir.”
Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov saytın suallarını cavablandırarkən deyib.
– Vahid müəllim, sosial mənzillərlə bağlı layihənin icrası nə yerdədir?
– Sosial mənzillərin tikintisi davam edir. Yasamal rayonunda 2000 mənzilin tikintisinə artıq başlanılıb. May ayında artıq sənədlər qəbul ediləcək. Şərtlər hələ açıqlanmayıb. Şərtlər tezliklə bilinəcək. O mənzillərin kimlərə veriləcəyi artıq məlumdur. Mənzillər həmin katoqoriyalarda olan bütün insanlara şamil olunacaq. Mənzillərin tikintisinin nə zaman tamamlanacağı bəlli deyil. Tikinti işləri bir ilə də tamamlana bilər, bir il yarıma da. Çünki bu mənzillər təkcə Yasamal rayonunda tikilmir. Digər rayonlarda da bu proses gedəcək. İndi əsas problem yerlərin ayrılması ilə bağlıdır. Biz uzun müddətdir mənzil problemini gündəmə gətirirdik. Son dövrlər neftin qiymətinin aşağı düşməsi, iş yerlərinin olmaması mənzil tikintisini ön plana çıxarıb. Cənab Prezidentimiz düzgün qərar verdi ki, mənzil tikintisi sürətləndirilsin. Sosial mənzillərin tikintisində əsas məqsəd aylıq gəlirləri aşağı olan insanlarımızı mənzillə təmin etməkdir. Onlar ayda 80-100 manat ödəməklə mənzil sahibi ola bilərlər. 25-30 ilə də evin tam məbləğini ödəyib qurtaracaqlar.
– Dünya bazarında neftin qiyməti artsa da, manatın günü-gündən ucuzlaşması davam edir. Bunun səbəbi nədir?
– Manat maliyyə bazarında öz yerini tapana kimi ucuzlaşacaq. Rusiyada, Qazaxıstanda vəziyyət Azərbaycandakı kimi idi. Amma onlar elə etdilər ki, dollar ucuzlaşdı. Neftin qiyməti artıqca Rusiyada rubl kəskin bahalaşdı. Amma Azərbaycanda manat üzən məzənnə ilə tənzimlənir. Biz manatı bazarın ixtiyarına buraxmamışıq. Buraxsaq, manat elə bir rəqəm ala bilər ki, ciddi problemlərə səbəb olacaq. Mərkəzi Bank üzən məzənnə siyasəti ilə manatı sərbəst bazar qiymətinə çatdıracaq. Bunun da nə zaman baş verəcəyini demək çətindir. Burada ciddi proseslər var. İlk öncə neftin qiyməti bizim üçün çox böyük əhəmiyyət daşıyır. Cənab Prezidentimizin qeyri-neft sektorunun inkişafı ilə bağlı göstərişi var. Bu gün ixrac etdiyimiz məhsulların sayı çox azdır. İdxalın həcmi isə çoxdur. Birinci dəfədir ki, Azərbaycanda bu cür vəziyyət yaranıb. Nə qədər ki, bu vəziyyət davam edəcək manatın məzənnəsində problem yaranacaq. Amma strateji yol xəritəsində var ki, manat 2017-ci ildə tam sərbəst buraxılsın. Bunun da nə vaxt olacağı məlum deyil.
– Dollar bahalaşdıqca bazarda məhsulların qiyməti də artır. Bu da əhali arasında narazılığa səbəb olur. Bunun üçün dövlət tərəfindən hansı tədbirlər görülməlidir?
– Qiymət artımı normaldır. Amma bunun subyektiv və obyektiv səbəbləri var. Obyektiv səbəb manatın ucuzlaşması ilə bağlıdır. Məhsullar xaricdən gətirilir. Bu halda qiymət artımının olması normaldır. Bəzi məhsullar da var ki, Azərbaycanda istehsal olunsa da, komponentləri xaricdən alınır. Bu məhsulların qiymətinin bahalaşması da normaldır. Amma elə məhsullar var ki, Azərbaycanda istehsal olunur. Taxıl, un, quş və quş əti məhsulları əlavə gəlir vergisindən azad edilib. Bunlar Azərbaycanda istehsal olunduğu üçün bahalaşma olmamalıdır. Qiymət artımı edənlər möhtəkirlərdir. Bunun üçün də İqtisadi İnkişaf Nazirliyinin xüsusi departamenti var. Onlar çalışmalıdır ki, süni qiymət artımı olmasın. Dərman preparatlarının qiymətlərinin tənzimlənməsi məni qane etmir. Əgər dərmanın qiyməti bir aptekdə 20 manatdırsa, digərində 30 manata satılır. Dərmanların qiyməti tənzimlənsə də, qiymət artımı qalmaqdadır.