Dolların bahalaşması digər sahələr kimi tikinti materialları bazarına da təsir edib. Burada söhbət təkcə xaricdən idxal olunan tikinti materiallarından getmir. Yerli istehsal olan tikinti materiallarının da qiyməti qalxıb. Ekspertlər deyirlər ki, qiymətlərin aşağı düşməsi və yaxud daha da bahalaşması dolların vəziyyəti ilə bağlı olan məsələdir. Və yaxın zamanlar üçün tikinti materiallarının qiymətinin aşağı düşməsi barədə heç bir proqnoz verilmir.
Məsələ ilə bağlı daşınmaq əmlak üzrə ekspert Ramil Osmanlı açıqlama verib.
Ekspert ayrı-ayrı istehlak bazarlarındakı qiymət artımının indiki şəraitdə başa düşülən olduğunu bildirib.
“Bunun müəyyən iqtisadi əsaslandırması da var. Çünki ümumi bazarda olan tikinti materiallarının 40 faizi idxal olunan tikinti materiallarının payına düşür. Azərbaycanda dolların kursunun günü-gündən yuxarıya doğru dəyişməsi qeyri-təbii də olsa Azərbaycan bazarında infilyasiya norması yaradır. Qiymətlərdə artım müşahidə olunur. Bu tikinti materialları bazarında da öz təsirini göstərir. Əsasən də xaricdən idxal olunan məhsullarda. Konkret desək, taxta və taxta məmulatlarına aid olan məhsullar dik, dvp, dəmir və dəmir məmulatları, dam örtükləri, armatur kimi tikinti materiallarının qiymətində 5 faizlik artım var. Bu artımlar da alıcıların diqqətini cəlb edir”.
Ramil Osmanlı hesab etmir ki, indiki şəraitdə süni qiymət artımları və cəhdləri var.
“ Sadəcə olaraq, bu sahə ilə məşğul olan sahibkarlar dollarda itirdiklərini məhsulların üzərinə gəlməklə itkilərini kompensasiya etməyə çalışırlar. Əgər Mərkəzi Bank manatın kursunu sabiq mərhələyə gətirib çıxararsa, mən hesab edirəm ki, istehlak bazarlarındakı qeyri-müəyyənlik aradan qalxar. Bu da ticarət dövriyyəsinin artmasına gətirib çıxara bilər. Müaliyyə Nazirliyi və Mərkəzi Bankın rəhbərliyi tez-tez manatın ədalətli kursundan danışırlar. Mən hesab edirəm ki, o ədalətli kursun tapılması üçün əslində şərait yaratmaq lazımdır. Buna əngəl yaratmaq lazım deyil”.
Ekspert bildirib ki, tikinti materiallarının qiymətinin qalxması ilə əlaqədar ev tikmək istəyən şəxslərin sayında kəskin azalma var.
“Azərbaycanda bu gün bütün istehlak bazarı üzrə sahələrdə mənfiyə doğru azalmalar var. Bu eyni zamanda fərdi yaşayış evlərinin tikintisinə də təsir göstərir. Hazırda tikinti tempinin kəskin şəkildə azalması müşahidə olunur. Biz bunu hətta çoxmənzilli binaların tikintisində də müşahidə edirik”.