“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin rəhbərliyində baş verən dəyişikliklərdən sonra Bankın nizamnamə kapitalının artırılması istiqamətində də real addımların atılmasına başlanıb. Bu barədə Banker.az-a ABB-dən bildirilir. Məlumata görə, Bankın nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 600 milyon manat məbləğində artırılmasını nəzərdə tutan emissiya prospekti Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb. Beləliklə, ABB-nin nizamnamə kapitalı 1.241,287,247.85 manata çatdırılmış olacaq.
“Nizamnamə kapitalının artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsidir”. Bankın İdarə Heyətinin sədri Xalid Əhədov belə deyib. Onun sözlərinə görə, ABB-nin kapitalının gücləndirilməsi üçün digər tədbirlər də nəzərdə tutulur.