7 C
Baku
Thursday, November 7, 2024

Avronun builki məzənnəsi 19 yanvar qərarından asılıdır

Avropa Mərkəzi Bankı (ECB) növbəti iclasını yanvarın 19-da keçirəcək.  “Investing.ru” saytına istinadən xəbərə görə, iclasda ECB-nin monetar siyasətinin dəyişdırılməsi ilə bağlı qərarın qəbul olunacağı gözlənilmir. Xatırladaq ki, dekabr iclasında ECB bu ilin apreldən başlayaraq monetar ekspansiya proqramının aylıq həcmini 80 mlrd. avrodan 60 mlrd. avroya (64 mlrd. ABŞ dolları) endirmək qərarı qəbul edib.

“Reuters” agentliyinin analitiklər arasında apardığı sorğuya əsasən, ECB-nin növbəti iclaslarda monetar ekspansiyanın həcmini azaltmağa davam edəcəyi, lakin uçot dərəcəsini hələlik artırmayacağı ehtimal edilir. Hollandiyanın “İNG” bankının baş iqtisadçısı Ceyms Naytli (James Knightley) bildirib ki, dekabr ayında monetar ekspansiya proqramının uzadılması və həcminin azaldılmasından sonra ECB faktiki olaraq 2017-ci ilin sonuna qədər avtopilot rejiminə keçib. ECB rəhbərliyi isə ABŞ prezidenti Donald Trampın yanvarın 20-də rəsmi olaraq vəzifəsinə başlamasından sonra Avropa İttifaqı (Aİ) ilə ticarət anlaşmalarına məhdudiyyətlər qoyacağından ehtiyat edir.

Reportun analitik qrupu bu həftə ABŞ iqtisadiyyatı ilə bağlı açıqlanacaq statistik göstəricilərə diqqət edilməsi zəruri sayır. Belə ki, göstəricilərin proqnozlara uyğun müsbət olması 31 yanvar-1 fevralda ABŞ Federal Ehtiyat Sisteminin (FRS) növbəti iclasında uçot dərəcəsinin artırılmasını gündəmə gətirə bilər. Analitiklər ardıcıl olaraq faizlərin artırılmasını az ehtimal etsələr də, bu, mümkündür. Belə olarsa, dolların məzənnəsinin kəskin möhkəmlənməsi və avro ilə paritetə düşməsi proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər