Vergilər Nazirliyi bu gün “Qafqazinfo” da yayımlanan “Azərbaycan pulu yenə xaricə axmağa başladı” yazısına münasibət bildirib. Yazıda qeyd olunurdu ki, elektron ticarətə 18 faiz ƏDV-nin tətbiq olunmasına görə xaricdən xidmət alan vətəndaşlar Gürcüstanda bank hesabı açdırır və xidmətləri oradan sifariş verir.
Bununla bağlı nazirliyin mətbuat xidməti bildirir ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə vergi ödəyicisi olmayan vətəndaşlar tərəfindən elektron ticarət sahəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsi əks olunub. Belə ki, vətəndaşlar tərəfindən elektron ticarət qaydasında iş və xidmətlər alındığı halda banklar xarici bankın Azərbaycandakı filialları tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablayıb, büdcəyə ödəyir. Elektron ticarət qaydasında malların alışına görə banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV hesablanmır. Vergi Məcəlləsində edilmiş bu dəyişiklik, yəni 18 faiz dərəcə ilə ƏDV-nin banklar tərəfindən alıcının vəsaiti hesabına tutulması yalnız vətəndaşların apardığı əməliyyatlara tətbiq edilir. Sahibkarlar tərəfindən elektron ticarət qaydasında qeyri rezidentdən iş və xidmət alınarkən verginin hesablanması qaydasında hər-hansı dəyişiklik edilməmişdir, belə ki, Vergi Məcəlləsinin 01.01.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında da və bu gün qüvvədə olan redaksiyada da qeyri rezidentin göstərdiyi işə və xidmətə görə sahibkarın özü tərəfindən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmaqla yanaşı, həmin məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablayıb büdcəyə ödəmək sahibkarın vəzifəsidir. Göründüyü kimi, sahibkarlar tərəfindən xaricdən iş və xidmət alınarkən banklar tərəfindən xaricə köçürülən ödənişlərdən 18 faiz dərəcə ilə vergi tutulmur və yaranan vergi öhdəlikləri sahibkarlar tərəfindən ödənilir.
Əlavə olaraq bildiririk ki, elektron ticarət qaydasında alınan xidmətlərə internet üzərindən elektron kitabların, musiqilərin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi və sair bu kimi xidmət aid edildiyindən, vətəndaşların belə xidmətlərin alışına görə xarici ölkələrdə hesab açdırması real mənzərəni əks etdirmir.