Venesuela bazar ertəsi yeni şaquli banknotlar buraxmağa başlayıb. Buna əsas səbəb isə, hiperinflyasiyaya görə demək olar ki, faydasız olan 100 bolivar nominalında olan əskinazı əvəz etməkdir.
Banker.az xəbər verir ki, ölkə prezidenti Nikolas Maduro hələ keçən ay öz çıxışında bildirmişdi ki, yeni banknotlar köhnə pulları əvəz etmək üçün buraxılacaq və ən adi tranzaksiya üçün çantasında külli həcmdə pul daşımağa məcbur olan bir çox vətəndaşların həyatını asanlaşdıracaq. Bazar ertəsi günü qara bazar məzənnəsinə görə 100 bolivar nominalında olan banknot təqribən 2,8 amerika sentinə bərabər idi.
Bununla əlaqədar olaraq, 500-dən 20 min bolivar dəyərində olan yeni banknotlar buraxıldı. Ən böyük banknotun qara bazardakı dəyəri təqribən 5,60 dollardır. Lakin yeni buraxılan pullar heç də ölkənin hər yerində əlçatan deyil. Banklardan biri bazar ertəsi günü yalnızca 500 bolivar nominalında olan pulları əldə etsə də, artıq onlar saat 14:00-da bitmişdi.
Maduro bildirib ki, yeni pullar mərhələli şəkildə dövriyyəyə buraxılacaq. 100 bolivar dəyərində olan banknot isə 20 fevrala qədər dövriyyədə qalacaq. Bu hökumətə yeni banknotların tətbiq edilməsi üçün vaxt vermiş olacaq.