2 C
Baku
Saturday, December 14, 2024

ABŞ-Çin iqtisadi müharibəsi, Amerikadan Avropaya kapital axını – Təhlil

2016-cı ilin yekunlarına görə, Avrozonada inflyasiya 1,1% təşkil edib. Avropa İttifaqının statistika xidmətinin açıqladığı bu rəqəmlər bir neçə vacib və əhəmiyyətli ehtimallar irəli sürməyə imkan verir.

Avrozonada 1,1 faizlik inflyasiya Avropa Mərkəzi Bankı tərəfindən makroiqtisadi siyasətinin hədəfi kimi götürülən göstəricidən 2 dəfəyə yaxın aşağıdır. Bu, onu ehtimal etməyə imkan verir ki, Avropa Mərkəzi Bankı Avrozonada yumşaq pul-kredit siyasətini müəyyən müddət davam etdirəcək. Hazırda Avropa Mərkəzi Bankının faiz dərəcələri tarixi minimum səviyyəsindədir, əsas faiz dərəcəsi olan yenidənmaliyyələşdirmə dərəcəsi 0%, depozitlər üzrə faiz dərəcəsi mənfi 0,4% təşkil edir. Rekord aşağı faizlər siyasətindən başqa AMB aktivlərin geri alınması proqramını (kəmiyyət yumşaldılması proqramı – TLTRO II) həyata keçirir ki, onun çərçivəsində AMB tərəfindən hər ay 80 mlrd. avro həcmində aktivlər geri alınır. Bu aktivlər həm dövlət, həm də yüksək reytinqinə malik olan korporativ istiqrazlardır. Həmin tədbirlərin əsas məqsədi aydındır -Avrozonada deflyasiya tendensiyaları hələ də güclüdür və yalnız ötən ilin sonunda kiçik bir inflyasiya səviyyəsinə “çıxmaq” mümkün olub. Amma bu tendensiyanın sabit və davamlı qalacağına əminlik yoxdur.

Yalnız ona əmin olmaq olar ki, Avrozonada indiki makroiqtisadi siyasət davam etdiriləcək. Xüsusən də o səbəbdən ki, inflyasiya məsələsindən başqa geri alınma proqramı çərçivəsində iqtisadiyyata pul kütləsinin yönəldilməsi iqtisadi fəallığı canlandırılma məqsədi daşıyır. Ümumiyyətlə, qəbul edilən qərarlar və onların iqtisadiyyata təsiri birgə araşdırılmalıdır. Birincisi, TLTRO II proqramı emitentlərin və qiymətli kağızların sahiblərinin likvidliyini təmin edir, ikincisi, iqtisadiyyata pul emissiyasını təmin edir, nəticədə həm vəsaitlər artır, həm də inflyasiya üçün monetar amillər yaranır. Yenidənmaliyyələşdirmə dərəcəsinin sıfıra endirilməsi də dolayı yolla həmin məqsədləri güdür, çünki banklar AMB-dən faizsiz kreditlər cəlb edə bilir ki, bu da iqtisadiyyatda pul kütləsini artırmalıdır. Nəhayət, depozit üzrə faiz dərəcəsinin mənfi zonada saxlanması pulların işlənməsinə yönəlməlidir, çünki depozitlər üzrə dərəcələr mənfi olanda pulları depozit kimi saxlamaq sərf etmir və bu da maliyyə qurumlarını investisiyaya “məcbur” etməlidir. Bu yumşaq siyasət artıq iki ilə yaxındır ki, həyata keçirilir və inflyasiyanı götürsək, yalnız indi nəticələr verməyə başlayıb.

Bütün bunları nəzərə alaraq, gözləmək olar ki, Avropa Mərkəzi Bankı Federal Ehtiyat Sistemindən fərqli olaraq öz siyasətini davam etdirəcək. Xatırladaq ki, ötən ay Federal Ehtiyat Sistemi faiz dərəcələrini son bir ildə birinci dəfə artırıb və bu, prezident seçkilərindən sonrakı ilk iclasda baş verib. Sirr deyil ki, Obama administrasiyası və onun iqtisadi kursu yumşaq pul-kredit siyasətini və iqtisadiyyatın kəmiyyət stimullaşdırılmasını həyata keçirirdi.

Yeni seçilmiş prezident Donald Trampın çıxışları, təşəbbüsləri və vəzifəyə gəldikdən sonra gözlənilən ilk iqtisadi qərarları onu deməyə əsas verir ki, pul-kredit siyasəti sərtləşdiriləcək (FES-in qərarından sonra bu proses artıq başlayıb) və bundan əlavə ABŞ-ın yeni rəhbərliyi sərt proteksionizm siyasətini həyata keçirmək niyyətindədir. Amma bu, bəzilərin xoşuna gəlməyə bilər. Məsələn, xarici şirkətlər və xarici investorlar proteksionizmi heç də sevmirlər. Sərt proteksionizm siyasətinin nəticəsi o ola bilər ki, xarici kapital ABŞ iqtisadiyyatını, o cümlədən həm maliyyə bazarlarını, həm real sektorunu tərk etməyə başlayacaq. Bu prosesin başlama ehtimalı böyükdür, çünki xarici kapitalın ən çox sevmədiyi bir şey işlədiyi ölkənin rəhbərliyinin gözlənilməz qərarlarıdır. İqtisadi və məntiq qanunlarına əsasən kapital sərt, qeyri-müəyyən, dəyişkən qaydalarla idarə olunan ABŞ iqtisadiyyatından daha proqnozlaşdırılan və sabit qaydalarla hərəkət edən Avropa iqtisadiyyatına istiqamətlənə bilər. Xüsusən də o səbəbdən ki, burada yumşaq pul-kredit siyasəti davam etdirilir, aşağı faizlər hələ də qüvvədədir və xarici kapitala “açıq qapı” siyasəti həyata keçirilir.

ABŞ iqtisadiyyatının yeni problemləri yuxarıda qeyd olunanlarla məhdudlaşmayacaq. Məsələn, artıq indidən məlumdur ki, Çinlə iqtisadi münasibətlər, ən azı, korlanmağa doğru gedir. Ən çoxu isə, artıq indi biznes qurumları arasında ABŞ-la Çin arasında iqtisadi müharibənin başlanması qorxusu yaranıb. Bu potensial təhlükənin çox istiqamətləri ola bilər ki, onlardan heç biri ABŞ üçün əlverişli deyil. Məsələn, Çinlə ticarət rejiminin sərtləşdirilməsi bir sıra istehlak mallarının bahalaşmasına gətirib çıxaracaq ki, bu da sadə istehlakçılarına ziyan vuracaq. Aydındır ki, əgər Trampın Çinə qarşı sərt bəyanatların səviyyəsi müəyyən dərəcədə yumşalmasa, Çinin ABŞ iqtisadiyyatına ziyan vurma imkanları kifayət qədər çoxalacaq.

Amma əsas odur ki, Çin mallarına qarşı tarif siyasətinin yürüdülməsi yerli istehsalı stimullaşdırmaq əvəzinə əhali üçün faktiki əlavə maliyyə yükü olacaq. Çünki dərhal malların bahalaşması müşahidə olunacaq. Bu da istər-istəməz əhalinin alıcılıq qabiliyyətini azaldacaq. Son illər, xüsusən böhrandan sonrakı bərpa müddətində Obama administrasiyasının əsas diqqəti mərkəzində bir məsələ olub – stimullaşdırılma proqramları əhalinin alıcılıq qabiliyyətini və təmin olunmuş tələbatı artırmağa yönəldilib və bu istiqamətində nailiyyətlər əldə olunub. Tarif proteksionizmi isə bu nailiyyətləri heçə endirə bilər. Fikrimizcə, Tramp tərəfindən atılacaq addımlar əks nəticə verə bilər, çünki iqtisadiyyatın qloballaşması ABŞ iqtisadiyyatını proteksionizm tədbirlərin hesabına müdafiə etməyə imkan verməyəcək. Həm də ABŞ bazarının müdafiə lazımdırmı? Məsələn, yeni administrasiyası xarici şirkətlərin yerli şirkətlərin istehsal sektorundan sıxışdırıb çıxardığı barədə bəyanatları populist xarakter daşıyır. Çünki mütəxəssislərin fikrincə, transmilli şirkətlərdən başqa digər xarici şirkətlər, ilk növbədə Çin şirkətləri yerli kapital tərəfindən kiçik həcmdə əhatə olunan və onun üçün böyük maraq doğurmayan sahələrdə fəaliyyət göstərir. Çinin son illər ciddi iqtisadi nailiyyətlər əldə etməsinin səbəblərini də unutmaq olmaz. Bu səbəblər ucuz işçi qüvvəsi və nəticədə daha ucuz olan maya dəyəridir. Oxşar vəziyyət ABŞ-da və digər inkişaf etmiş ölkələrdə müşahidə olunur ki, bu baxımından miqrasiya siyasətin sərtləşdirilməsi yekunda ABŞ istehlakçının cibinə zərbə vuracaq, çünki ucuz işçi qüvvəsinə “şlaqbaum” qoyulacaq. Məsələn, Avropada çoxdan başa düşüblər ki, sivil və yerli cəmiyyətə inteqrasiya olunmaq istəyən miqrantlar iqtisadiyyata yalnız fayda verirlər. ABŞ-da da buna qədər belə idi, əgər yeni administrasiya miqrasiya siyasətini sərtləşdirsə, iqtisadiyyatda və xüsusən istehlak bazarında problemlər yaranacaq. Ya bəzi sahələr ümumiyyətlə bağlanacaq, ya da orada istehsal olunan mallar yerli, baha işçi qüvvəsinin cəlb edilməsi səbəbindən kəskin bahalaşacaq. Əgər bunu fonunda ABŞ-da maliyyə bazarında və investisiya sahəsində hər hansı proteksionizm və ayrı-seçkilik siyasəti yürüdülsə, ABŞ iqtisadiyyatında yenidən geriləmə tendensiyaları müşahidə oluna bilər.

Bütün bunlar onu deməyə əsas verir ki, böyük ehtimalla ABŞ-Avropa istiqamətində kapitalı axını baş verə bilər, ABŞ-da isə istehlak bazarında və əhalinin gəlirlər və yığım qabiliyyəti sahəsində vəziyyət pisləşə bilər. Əlbəttə ki, əgər Tramp verdiyi bəyanatları real həyatda gerçəkləşdirərsə.

 

Son xəbərlər
Digər xəbərlər