ABŞ Çindən idxal olunan mallara gömrük və vergi rüsumlarını artırarsa, inkişaf etməkdə olan ixracatçı ölkələr bundan faydalana bilər. “Forexpf.ru” saytına istinadən xəbərə görə, bu açıqlama “Deutsche Bank” tərəfindən verilib. Bank bildirib ki, belə olarsa, Meksika, Vyetnam kimi ölkələr yaranmış vəziyyətdən yararlana bilər.
Qeyd edək ki, bir qədər əvvəl Çin rəhbəri Si Tsinpin ABŞ rəhbərliyini ticarət müharibəsində qalibin olmayacağı barədə xəbərdarlıq edib. Yeni tariflərdən amerikalı idxalçıların da zərər görəcəyi qeyd olunub. ABŞ-ın “Morgan Stanley” bankının analitiklərinin fikrincə, ən pis variantda, yəni hər iki ölkənin gömrük rüsumlarını prezident Donald Trampın seçkilərdən öncə vəd etdiyi kimi 45%-ə çatdırması durumunda, Çinin ixrac həcmi 13%, ÜDM-in artım tempi isə 1,4 faiz bəndi azalacaq.
“Report”un analitik qrupu bildirir ki, gözləntilər baş tutarsa, Çin iqtisadiyyatında artım yempi 5%-ə düşəcək. Çinin milli valyutası isə ən azı 10% devalvasiyaya uğrayacaq. Bununla yanaşı, Meksika, Braziliya, Vyetnam, Banqladeş, Türkiyə kimi ölkələrin ixracı kəskin artım göstərə bilər.