“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Xalid Əhədov “Reuters” informasiya agentliyinə müsahibə verib. Bu barədə Banker.az maliyyə portalına Bankdan bildirlir.
Müsahibədə Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərindən danışan Xalid Əhədov Banka bu sahədə dövlət dəstəyinin üç istiqaməti əhatə etdiyini göstərib. O, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanı çərçivəsində ötən il Bankın problemli aktivlərinin bir qisminin “Aqrarkredit” QSC-ə ötürüldüyünü və bunun müqabilində Banka 10 milyard manat likvid vəsaitin ayrıldığını xatırladıb. Digər bir istiqamət kimi, Azərbaycan Dövlət Neft Fondunun ötən il Bankda 1 milyard ABŞ dolları məbləğində depozit yerləşdirdiyini göstərib. Bu ilin əvvəlində isə hökumət ABB-nin nizamnamə kapitalında iştirak payını artırıb.
Xalid Əhədov bildirib ki, qalan problemli aktivlərin “Aqrarkredit” QSC-ə təhvil verilməsi müqabilində, Banka açılacaq növbəti tranşın məbləğinin müəyyənləşdirilməsi istiqamətində iş gedir: “İlkin hesablamalara görə, bu tranşın məbləği təxminən 3 milyard USD olacaq. Bu, Bankda 500 milyon manat məbləğində ehtiyatın kapitala qayıdışını təmin edəcək”. Onun sözlərinə görə, bu əməliyyatın 2017-ci ilin birinci rübündə həyata keçirilməsi gözlənilir.
İdarə Heyətinin sədri hazırda Bankda aparılan maliyyə-təşkilati sağlamlaşdırma tədbirlərindən də danışıb. Qeyd edib ki, bu tədbirlər nəticəsində Azərbaycan Beynəlxalq Bankının 2017-ci ili kiçik də olsa, mənfəətlə başa vurması proqnozlaşdırılır. X.Əhədov Bankın xarici öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hər hansı probleminin olmayacağını bildirib.
Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinə hazırlıq barədə suallara da cavab verən Xalid Əhədov bunun təşkilati-sağlamlaşdırma tədbirlərinə paralel olaraq mərhələ-mərhələ yerinə yetiriləcəyini qeyd edib. Eyni zamanda, özəlləşdirmə prosesində iştirak edə biləcək mümkün investorlar haqqında mövqeyini bölüşüb: “Azərbaycanın sosial-iqtisadi inkişafında maraqlı olan Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi qurumların prosesə cəlb edilməsi çox əhəmiyyətlidir. Bundan başqa, investor qismində Azərbaycan Beynəlxalq Bankına yeni texnologiyalar və yeni nəfəs gətirə biləcək özəl xarici maliyyə institutlarına da üstünlük verilə bilər. Özəlləşdirmə prosesinə yerli investorların da yerli İPO vasitəsilə cəlb olunması mümkündür”.