14 C
Baku
Saturday, November 23, 2024

Fond: “Texnikabank”ın kreditorlarının tələbləri yenidən qeydiyyata alınacaq

Azərbaycan Mərkəzi Bankı (AMB), 3 fevral 2016-cı il tarixdən isə Azərbaycan prezidentinin 760 nömrəli fərmanına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “Royalbank” ASC-nin, “Bank of Azerbaijan” ASC-nin, “Texnikabank” ASC-nin, “AtraBank” ASC-nin, “Qafqaz İnkişaf Bankı” ASC-nin, “Bank Standard” QSC-nin, “Kredobank” ASC-nin, “Gəncəbank” ASC-nin, “Zaminbank” ASC-nin, “Parabank” ASC-nin və “Dekabank” ASC-nin bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaları ləğv edilib.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, daha sonra 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin və Gəncə İnzibati-İqtisadi Məhkəməsin qərarları ilə iki bank istisna olmaqla (“Parabank” ASC və “Dekabank” ASC məcburi ləğv), digər adları qeyd olunan banklar müflis elan edilərək barələrində iflas proseduruna başlanılıb və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin olunub.

İflas proseduru çərçivəsində qanunvericiliyin tələbləri nəzərə alınaraq müflis elan olunmuş banklarla bağlı qərar qüvvəyə mindiyi andan kütləvi informasiya vasitələrində 7 təqvim günü ara verməklə 3 dəfə bu barədə məlumat dərc edilib.

Ləğv prosesində olan “Texnikabank” ASC istisna olmaqla, digər bankların müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə kreditorların tələblərinin qeydiyyatı aparılıb, başa çatdırılıb və sonradan kreditorların reyestri tərtib edilərək təsdiq üçün məhkəməyə təqdim olunub. Belə ki, ləğv prosesində olan “Texnikabank” ASC-nin əvvəlki ləğvedicisi tərəfindən kreditorların tələblərinin qanunvericiliyin tələblərinə uyğun aparılmamaqla natamam həyata keçirilib, bu isə Fond tərəfindən tələblərin qeydiyyatının yenidən həyata keçirilməsi zərurətini yaradıb. Bankın proqram təminatı və məlumat baza sistemi yararsız halda olduğundan Fond tərəfindən sistem məlumatlarının bərpası üçün kifayət qədər vaxt sərf edilib ki, bu da öz növbəsində qeydiyyatı aparılmış kreditor tələblərinin sistem məlumatları ilə üzləşdirilməsi və kreditor tələblərinin reyestrinin tərtibatını yubadıb.

Bankların iflasa uğraması ilə bağlı məhkəmə qərarı qəbul edildiyi tarixdən 30 təqvim günü müddətində ləğvedici tərəfindən əmlakın vəziyyətinə dair hesabat 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə və Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilib.

Eyni zamanda iflas proseduru çərçivəsində “Banklar haqqında” qanunun 83-cü maddəsi rəhbər tutularaq ləğv prosesində olan bankların aktivlərini və passivlərini, keçmiş və proqnozlaşdırılan gəlir və xərclərini, bankın tələblərinin ödənilməsinə yönəldilən məhkəmə və məhkəmədən kənar hərəkətləri və s. göstərən müfəssəl ləğv planları təsdiq edilməsi üçün məhkəmə instansiyalarına təqdim olunub.

Ləğvetmə prosesinin şəffaf və qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirildiyini nümayiş etdirmək məqsədilə, o cümlədən adları çəkilən banklarda kreditorların say çoxluğunu və kreditor tələblərinin həcmini nəzərə alaraq kreditorların ümumi yığıncağının təşkil edilməsi zərurəti yaranıb.

“Banklar haqqında” qanunun 86.1-ci maddəsinə əsasən kreditorların müflis bankın ləğvi ilə əlaqədar ümumi yığıncağı yalnız o halda keçirilə bilər ki, ləğvedicinin maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dəstəklənmiş sorğusu üzrə məhkəmə belə yığıncağın keçirilməsinin bankın səmərəli ləğvi üçün lüzumlu olduğu barədə qərar qəbul etsin.

Bununla əlaqədar ləğvedici hər bir ləğv prosesində olan bank üzrə MBNP-yə müraciət edib və Palata tərəfindən Kreditorlar Komitəsinin yaradılması məqsədəuyğun hesab olunub.

Hal-hazırda Kreditorlar Komitəsinin yaradılmasına icazə alınması üçün məhkəməyə müraciət edilib.

Məlumat üçün bildiririk ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarı ilə ləğv prosesində olan “Bank Standard” QSC-də Kreditorlar Komitəsinin yaradılması təsdiq edilib və Komitənin yaradılması üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunub. Eyni zamanda həmin qərarla Kreditorlar Komitəsinin Əsasnaməsi də təsdiq edilib.

Məhkəmənin müvafiq qərarı rəhbər tutularaq ləğvedici tərəfindən Kreditorlar Komitəsinin tərkibinin formalaşdırılması üçün məbləğ baxımından ən iri kreditor hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına, o cümlədən az məbləğdə tələbi olan kreditorları təmsil edən şəxslərə (hüquq şirkəti, ictimai birlik, ictimai nüfuza malik olan ziyalı) artıq dəvət məktubları göndərilib.

Göstərilənlərə paralel olaraq ləğvedici tərəfindən ləğv prosesində olan banklar üzrə əsas vəsaitlərin inventarizasiyası həyata keçirilib və ilkin olaraq qiymətləndirmə aparılıb.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 14.11.2016-cı il tarixli qərarı ilə “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə Komissiyanın fəaliyyət Qaydaları” təsdiq edilib.

Əsas vəsaitlərinin satışı üzrə Komissiyanın qərarı ilə yerli qiymətləndirici şirkətlər (MBA Ltd MMC, Azintellektservis MMC, Biləndər MMC, habelə yardımçı qiymətləndiricilər qismində İVC Beynəlxalq Qiymətləndirmə Mərkəzi MMC və Caspian Expert Group MMC) seçilib. Hazırda ləğv prosesində olan bankların əmlakları yerli qiymətləndiricilər tərəfindən bazar və likvid dəyəri müəyyən edilməklə qiymətləndirilir.

Bundan əlavə ləğvedici tərəfindən ləğv prosesində olan 9 müflis bankın aktivlərinin qiymətləndirilməsinə baxmayaraq, ləğvetmə prosesində şəffaflığın və qiymətləndirmənin beynəlxalq standartlara uyğun təmin edilməsi məqsədi ilə beynəlxalq audit şirkətlərinə həmin bankların qiymətləndirilməsi üçün təklif məktubu göndərilib.

“Baker Tılly Azərbaycan” və “RSM Azerbaijan” beynəlxalq audit şirkətlərindən əməkdaşlığa hazır olmaları barədə cavab məktubu alınıb. Digər beynəlxalq audit şirkətlərindən isə cavablar gözlənilir.

Bütün şirkətlərdən cavab məktubları daxil olduqdan sonra əməkdaşlığa hazır olan şirkətlərlə məlumatın məxfi saxlanılması haqqında müqavilə imzalanacaq. Növbəti mərhələdə ləğv prosesində olan banklar üzrə bütün məlumatlar təkliflərin hazırlanması üçün həmin audit şirkətlərinə ötürüləcək. Ləğv prosesində olan banklar üçün qiymət təklifləri alındıqdan sonra müvafiq qaydada beynəlxalq audit şirkətləri seçiləcək.

Ləğv prosesində olan “Bank Standard” QSC-nin qiymətləndirilməsi KPMG şirkəti, ləğv prosesinə dair hüquqi rəyin verilməsi isə “BM Morrison” şirkəti tərəfindən artıq həyata keçirilib.

Beynəlxalq audit şirkətlərinin qiymətləndirilməsindən sonra qiymətləndirmə yekunlaşacaq.

Məhkəmə kreditorların siyahısını təsdiq etdikdən sonra ləğvetmə planlarını təsdiqləyəcək və kreditorlar komitəsinin yaranmasına etiraz etməzsə, ləğvedici tərəfindən kreditorlar komitəsi yaradılacaq.

Yuxarıda göstərilən prosedurlardan sonra hər bir ləğv prosesində olan bankın müfəssəl ləğv planı, o cümlədən aktivlər və öhdəliklər haqqında məlumat kreditorlara və ictimaiyyətə açıqlanacaq. Sonra satış qaydalarına müvafiq olaraq açıq hərrac yolu ilə əmlakların satışı təşkil olunacaq. Daxil olunan vəsaitlər “Banklar haqqında” qanuna müvafiq ardıcıllıqla kreditorlara ödəniləcək.

Ləğv prosesində olan “Parabank” ASC bank olmayan kredit təşkilatına çevrildiyi üçün məcburi ləğv prosesinin dayandırılması və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinə xitam verilməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunub və Məhkəmə tərəfindən 10 fevral 2017-ci il tarixdə qərar qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər