“A-Qroup Sığorta” ASC 2021-ci ili 1 milyon 13 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə sığorta şirkətinin mənfəəti 2 milyon 813 min manat təşkil edib ki, bu da illik müqayisədə ötən il mənfəətin 2.8 dəfə azalması deməkdir.
Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
XƏRCLƏRİ ARTIB
Ötən il “A-Qroup Sığorta”nın gəlirləri 20 milyon 528 min manat (əvvəlki ilə nisbətən 19.1% çox), xərcləri isə 19 milyon 262 min manat (240.4% çox), mənfəət vergisi ödəmələri isə 252 min 269 manat (2.8 dəfə az) təşkil edib.
SIĞORTA ŞİRKƏTİ KİÇİLİB, KAPİTALI AZALIB
Bu il yanvarın 1-nə “A-Qroup Sığorta”nın aktivləri 25 milyon 392 min manat olub ki, bu da illik müqayisədə 10.2% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 8% azalaraq 13 milyon 57 min manata, kapitalı isə 12.7% azalaraq 12 milyon 336 min manata düşüb.
Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.