Könüllü müraciət əsasında “A-Qroup Sığorta Şirkəti” ASC-yə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə “A-Qroup Sığorta Şirkəti” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 11 avqust 2023-cü il tarixindən məhdudlaşdırılıb.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından məlumat daxil olub.
Şirkət bu üç sığorta növü üzrə lisenziyanı 2021-ci ilin oktyabrında əldə etmişdi.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.3-cü və 105.4-cü maddələrinə müvafiq olaraq sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir. Sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək və ya onlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənədək yerinə yetirməlidir.
“A-Qroup Sığorta Şirkəti” 2023-cü ilin ilk 6 ayı ərzində 10.01 mln. manat sığorta yığımı və 7.32 mln. manat sığorta ödənişi həyata keçirib.