Zakir Nuriyev yeni yaradılan Palatanın qərarı ilə bağlı mövqeyini bildirib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici valyutada istehlak kreditlərinin verilməsi barədə qərarı əhalinin gələcəkdə bu gün aldığı dollar kreditləri ilə əlaqədar problemlərinin yaranmaması və əhalinin mənafeyinin qorunması məqsədi daşıyır. Bu qərarın hər hansı mənfi nəticələri barəsində danışmaq düzgün olmazdı.
Bunu açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev yeni yaradılan Palatanın qərarını şərh edərkən deyib.
“Bu gün əhalinin istehlak kreditləri ilə təmin olunması çox yüksəkdir. Ona görə də qərarın hər hansı mənfi nəticələri barəsində danışmaq düzgün deyil”, – deyə Z.Nuriyev qeyd edib.
O həmçinin əlavə edib ki, bu gün banklar manatla istehlak kreditlərinin verilməsini dayandırmayıblar və bu səhv məlumatdır:
“Bu, tamamilə səhv məlumatdır. Banklar tərəfindən manatla istehlak kreditlərinin verilməsi dayandırılmayıb. Eyni zamanda, banklar öz maliyyə imkanları çərçivəsində manatla istehlak kreditlərinin verilməsini davam etdirirlər”.
Assosiasiya rəhbəri həmçinin xatırladıb ki, bu qərar yalnız istehlak kreditlərinə şamil olunub:
“Bu qərar yalnız istehlak kreditlərinə aiddir. Biznes və digər kreditlərin verilməsi məhdudlaşdırılmayıb”.
Z.Nuriyev onu da vurğulayıb ki, maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq, qərarın müddəti uzadıla bilər:
“Təbii ki, bu qərarın müddəti uzadıla bilər. Palata tərəfindən maliyyə bazarlarındakı vəziyyət təhlil olunduqdan sonra, müvafiq qərarlar qəbul olunacaq”.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən, xarici valyuta ilə istehlak kreditlərin verilməsi aprelin 5-dən bir ay müddətinə dayandırılıb.
Oxu.az