29-30 may 2022-ci il tarixində, İstanbul şəhərində Türkiyə Banklar Birliyinin (TBB) təşkilatçılığı ilə Avropa Banklar Federasiyasının (ABF) illik iclası keçirilmişdir. İclasda Mərkəzi və Şərqi Avropa və digər ölkələrdən banklar assosiasiyalarının rəhbərləri iştirak etmişdir. İclasda Avropa Banklar Federasiyasının İcra Komitəsinin sədri Kristian Ossiq, Federasiyanın Baş katibi Vim Mijs və TBB-nin Baş Katibi açılış nitqi ilə çıxış etmişlər. Əsas müzakirə mövzuları Türkiyədə bank sektorunun cari vəziyyəti, Ukrayna-Rusiya müharibəsinin qonşu ölkələrin iqtisadiyyatına təsiri, ABF-in fəaliyyətləri və Avropa Birliyi səviyyəsində maliyyə-bank sektorunda ən son yeniliklər, Basel III/IV və ESG risklər, davamlı inkişafın maliyyələşdirilməsi, maliyyə savadlılığı olmuşdur.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və İcraçı direktoru Yunus Abdulov sözügedən iclasda iştirak etmiş və iclas iştirakçılarına Azərbaycanda maliyyə-bank sektorunun cari vəziyyəti, pandemiya və ondan sonrakı dövrlərdə bank sektorunun fəaliyyəti, həyata keçirilmiş layihələr, görülmüş işlər barədə məlumat vermişlər.
Hazırda Avropa Banklar Federasiyasına Avropa ölkələrindən 32 bank assosiasiyası üzvdür. Bu assosiasiyaların nəzdində 3500 bank təmsil olunur.