9 C
Baku
Thursday, December 12, 2024

ABA prezidenti: Bankların real sektoru kreditləşdirməsi çox önəmlidir

Qlobal konyukturda baş verən proseslər və neftin qiymətinin kəskin enməsi fonunda Azərbaycan iqtisadiyyatının post-neft dövrünə daxil olması nəticəsində banklar hazırda yeni çağırışlarla üzləşib.

Bu reallıq bankların öz fəaliyyətlərini yeni strategiyaya əsaslanmaqla qurmaları tələbini ortaya qoyur.

Bu günün tələbinə uyğun olaraq əsas məqsəd bankların dayanıqlığının qorunması, bankların borcalanları ilə əmanətçilərinin maraqlarının uzlaşdırılması və hazırkı dövrü minimum itkilərlə keçməkdir.

Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti, “Rabitəbank”ın Müşahidə Şurasının sədri Zakir Nuriyev “Banking Baku” jurnalına verdiyi müsahibəsində qeyd edib.

“Post-neft dövründə bankların real sektoru kreditləşdirməsi çox önəmlidir. Ölkəyə böyük maliyyə axınları daxil olduğu və əhalinin istehlak qabiliyyətinin artdığı dövrdə banklar əhalinin istehlak kreditlərinə olan tələbini qarşılayan bank məhsullarını aktiv şəkilə təqdim edirdilər.

Demək olar ki, hər bir vətəndaşın evində istehlak krediti vasitəsilə alınmış əşya tapmaq olar. Hazırkı reallıqda, ölkəyə valyutanın daxil olmasını təmin etmək üçün dəyər yaradan sahələrin maliyyələşdirilməsi, yeni istehsal sahələrinin yaradılması tələb olunur.

Banklar real sektorun əsas maliyyə təminatçısına çevrilməklə bu sahələrin kreditləşdirməsi, kiçik və orta sahibkarlığı maliyyəşdirməsində öz biznes fəlsəfələrinə uyğun olaraq maraqlıdırlar.

Amma hər bir biznesdə olduğu kimi banklar da öz fəaliyyət strategiyaları müəyyən edən zaman riskləri qiymətləndirməli və belə qiymətləndirmənin nəticələrinə uyğun addımlar atmalıdırlar.

Bunu nəzərə alaraq, biznesdə mövcud olan risklərin azaldılması istiqamətində görülən işlərin davam etdirilməsi çox vacibdir. Onların fəaliyyət göstərdiyi hüquqi mühitin yaxşılaşdırılması istiqamətində əməli addımlar atılmalıdır.

Bankların müştərilər barədə ətraflı məlumat alması üçün kredit bürolarının yaradılması və mövcud kredit reyestrinin bazasının genişləndirilməsi, daşınar əmlakın yüklülüyü mexanizminin, reystrinin yaradılması, məhkəmədə işlərə baxılması prosesinin sürətləndirilməsi və məhkəmə qərarları icraçılarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər ümumilikdə sistemin fəaliyyətinin effektivliyinin artırılmasına öz tövhəsini verə bilər.

Eyni zamanda, kreditlərin verilməsi mexanizminin təkmilləşdirilməsi, bankların və borcalanların öz öhdəliklərini aydın təsəvvür etməsi, məsuliyyətli borclanma vərdişlərinin aşılanması müştərilərin və bankların sonradan çətin vəziyyətə düşmələrinin qarşısını ala bilər.

Hazırda aktual olan ən önəmli məsələlərdən biri də maliyyə savadlılığının artırılmasıdır. Maliyyə savadlılığının səviyyəsi də bank-müştəri münasibətlərində həlledici rola malikdir”, – deyə Z.Nuriyev müsahibəsində əlavə edib.

Son xəbərlər
Digər xəbərlər